Ali məktəblərə V ixtisas qrupu üzrə qəbul imtahanları 14 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunmuşdu. İmtahanda iştirak etmək üçün, ümumilikdə, 40771 abituriyent qeydiyyatdan keçmişdi.
Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 23504 nəfər əvvəlki illərin məzunları, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş 13039 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 1081 nəfər IX sinif, 3147 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulmuşdu. İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3560 nəzarətçi-müəllim ayrılmışdı.
Naxçıvanda imtahan 5 binada keçirilib. 19 imtahan rəhbərinin və 260 nəzarətçi-müəllimin iştirak etdiyi imtahanda 2687 nəfər abituriyentin iştirakı gözlənilirdi. Nəticələr yaxın günlərdə elan ediləcəkdir.
Nərgiz İsmayılova