23 Dekabr 2024, Bazar ertəsi

İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 47 binada təşkil olunub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1097 abituriyent iştirak edib. İmtahana 106 nəzarətçi-müəllim, 8 imtahan rəhbəri cəlb olunub. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan aparılan yerlərdə normal şərait yaradılıb.

İmtahan başlanmazdan əvvəl məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 14 nömrəli tam orta məktəbin qarşısındayıq. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Aysun Hacızadəyə yaxınlaşırıq:
– Çox həyəcanlıyam. İmtahandan yaxşı nəticə əldə edəcəyimə inanıram. Çünki imtahan verəcəyim fənlər üzrə yaxşı hazırlaşmışam. Sınaq imtahanlarında 500-dən yuxarı bal toplayırdım. Arzum həkim olmaqdır. İmtahanda yüksək bal toplayıb bu arzuma çatacağam.
Övladları qədər valideynlər də həyəcanlı idilər. Valideynlərdən İradə Əliyeva deyir:
– Bu gün oğlum Tofiq I ixtisas qrupu üzrə imtahan verəcək. Hər bir valideynin arzusudur ki, övladı tələbə adını qazansın. İmtahandan çıxana kimi burada onu gözləyəcəyik. Burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin qarşısında da həyəcanlı valideynlər, abituriyentlərlə həmsöhbət olduq. Abituriyentlərdən Nəriman Süleymanov I ixtisas qrupu üzrə imtahan verəcək. O, sınaq imtahanlarında 650-dən yuxarı bal toplayır. Onun dediklərindən:
– Həyəcanlı deyiləm. Hər ay sınaq imtahanlarında iştirak etdiyim üçün artıq imtahan həyəcanına alışmışam. Hədəfim 700 bal toplamaqdır. İnanıram ki, bu nəticəni göstərəcəyəm.
Saatlar 1100-ı göstərəndə imtahan başladı. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələr apardıq. Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanların gedişi zamanı abituriyent­lər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. İmtahanların gedişinə nəzarət edən imtahan rəhbəri Fail Kazımov bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib.
İmtahan başa çatdıqdan sonra bir neçə abituriyentlə həmsöhbət olduq. İmtahandan yenicə çıxmış Şərur rayonunun Düdəngə kənd tam orta məktəbinin məzunu Ümid Əliyev dedi:
– IV ixtisas qrupu üzrə imtahan verdim. Sualları cavablandırmaqda çətinlik çəkmədim. Suallara doğru cavab verdiyimə əminəm. İnanıram ki, tələbə adını qazanacağam.
Abituriyentlərdən Rauf Orucov, Səma Quluzadə, Tağıyar İsmayılov və başqaları imtahanda əsas amil olan sakitliyin tam təmin edildiyini bildirdilər. Bu da onların sualları dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR