Naxçıvan şəhəri
15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Qanun Məmmədov açaraq bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda 200-ə yaxın təhsil müəssisəsi tikilərək və yaxud yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Təbii ki, görülən işlərdən Naxçıvan şəhərinə də böyük pay düşüb. Naxçıvan şəhəri üzrə 17 tam orta məktəb var ki, bunlardan 15-i yeni binada fəaliyyət göstərir, biri yeni tikilir, digərində isə əsaslı yenidənqurma işləri aparılır.
Qeyd olunub ki, təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bunun nəticəsidir ki, hər il muxtar respublikamızın digər ümumtəhsil müəssisələrində olduğu kimi, Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən də ali məktəblərə qəbul olunan məzunların sayı artır. Bu il Naxçıvan şəhəri üzrə ali məktəblərə 380 nəfər qəbul olunub. Ümumi qəbul faizi 74,9 faiz təşkil edib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb, müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib.
Şərur rayonu
Şərur rayonunun təhsil ocaqlarında Bilik Günü və yeni dərs ili münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə bildirilib ki, son 20 ildə Şərur şəhərində və rayonun kənd yaşayış məntəqələrində 40-dan artıq yeni məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Yeni məktəblər müasir tələblərə cavab verən avadanlıq və təlimin texniki vasitələri ilə təmin olunub, hamısında mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Hazırda Şərur şəhərində, Çəmənli və Arbatan kəndlərində orta məktəb binalarının tikintisində işlər sürətlə davam etdirilir.
Göstərilən qayğıya cavab olaraq ötən tədris ilində də rayonun pedaqoji kollektivləri xeyli gözəçarpan nəticələr qazanıblar. Tam orta təhsili başa vuran 674 məzunun 512 nəfəri qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, onlardan 288 nəfəri uğurlu nəticə göstərib. Məzunlardan 56 nəfəri 500-700 arası, 18 nəfəri 600-dən yuxarı bal toplayaraq ali məktəb tələbəsi adını qazanıb.
Vurğulanıb ki, bu tədris ilində rayonda 54 tam orta məktəb fəaliyyət göstərəcəkdir. Rayon üzrə I siniflərdə 1071, X siniflərdə 752, XI siniflərdə 583 nəfər, bütövlükdə, 9 min 275 şagird məktəblərdə təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 1800-dən artıq müəllim məşğul olacaq. Rayondakı ümumtəhsil müəssisələrinin müəllim kadrları ilə tam komplektləşdirilməsi üçün lazım olan boş yerlər haqqında əvvəlcədən məlumat verilib, sentyabrın 6-da Naxçıvan şəhərində keçirilmiş təhsil yarmarkasında 73 gənc müəllim işə qəbul edilib. Onların çoxu ucqar dağ kəndlərində ehtiyac olan ixtisaslar üzrə işləməyə üstünlük veriblər.
Qeyd edilib ki, yaradılan şərait daha böyük uğurlar qazanmağa imkan verib. Rayonun pedaqoji kollektivləri növbəti dərs ilində bu şəraitdən səmərəli istifadə edəcək, daha böyük uğurlara nail olacaqlar.
Babək rayonu
Bilik Günü və 2016-2017-ci tədris ilinin başlanması münasibətilə Babək rayonunun ümumtəhsil məktəblərində də tədbirlər keçirilib.
Babək qəsəbə 2 nömrəli tam orta məktəbdə keçirilən tədbiri rayon Təhsil Şöbəsinin müdiri Ovni Muradov açıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov əlamətdar gün münasibətilə rayonun bütün pedaqoji kollektivlərini təbrik edib, onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Qeyd olunub ki, iki məktəb istisna olmaqla, rayonun bütün təhsil ocaqları tikilən və ya yenidən qurulan binalarda fəaliyyət göstərir. Bütün təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Hazırda 270 şagird yerlik Məzrə kənd tam orta məktəbinin binasında son tamamlama işləri aparılır.
Vurğulanıb ki, rayonda 36 tam orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il ali məktəblərə qəbul imtahanlarında daha yüksək göstəricilərə nail olunub. Belə ki, orta məktəbi bitirən 582 məzundan 452 nəfəri ali məktəblərə sənəd verib. Məzunlardan 1-i qızıl medala layiq görülüb. Ali təhsil ocaqlarına sənəd verənlərdən 251 nəfəri tələbə adını qazanıb. Onlardan 46-sı 500-700 intervalında, 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Məktəbin direktoru Allahverdi Allahverdiyev təhsil ocağının uğurlarından danışaraq bildirib ki, məktəbi ötən tədris ilində 20 məzun bitirib. Onlardan 14-ü ali təhsil ocaqlarına sənəd verib. 10 məzun tələbə adını qazanıb. Tələbələrdən 1 nəfəri 649 bal toplayıb. Çalışacağıq ki, bizə göstərilən qayğı müqabilində hər il daha yüksək nəticələr əldə edək.
Sonra zəng çalınıb, şagirdlər siniflərə daxil olublar.
Qeyd edək ki, bu il rayon üzrə məktəblərin birinci siniflərinə 938 şagird gedir.
Ordubad rayonu
Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə Ordubad şəhərindəki Əkbər Ağayev adına 3 nömrəli tam orta məktəbdə keçirilən tədbiri rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov açıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, rayonda 34 tam orta, 2 ümumi, 1 ibtidai məktəb fəaliyyət göstərir. Onların 24-ü üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunub. Yaxın vaxtlarda Baş Dizə kənd tam orta məktəbi də öz fəaliyyətini yeni binada davam etdirəcək. Rayonun təhsil ocaqlarının yeni informasiya texnologiyaları ilə təminatı yüksək səviyyədədir. Bu gün məktəblərimizdə 80 ədəd elektron lövhədən, 504 ədəd kompüterdən istifadə edilir. Bütün bunlar isə son nəticədə təhsilin səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Belə diqqət və qayğıya cavab olaraq rayonumuzun təhsil işçiləri öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, üzərlərinə düşən məsuliyyəti və vəzifələri dərindən dərk edərək böyüməkdə olan gənc nəslin təlim və tərbiyəsi sahəsində fəaliyyətlərini daha da gücləndirirlər.
Qeyd olunub ki, 2015-2016-cı tədris ilində rayonun tam orta məktəblərini bitirən məzunlardan 251 nəfəri ali məktəblərə, 1 nəfəri Polis Akademiyasına, 2 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 1 nəfəri Dövlət Təhlükəsizlik Xidmətinin, 8 nəfəri isə Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinə sənəd verib. Abituriyentlərimizin 167 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 45 nəfəri 500, 13 nəfəri isə 600 baldan yuxarı nəticə əldə ediblər.
Valideynlər adından çıxış edən Hüsniyyə Tağıyeva rayonda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlığını bildirib, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb.
Culfa rayonu
15 sentyabr – Bilik Günü münasibətilə Culfa rayonunun ümumtəhsil müəssisələrində də tədbirlər keçirilib. Bu qəbildən tədbirlərdən birinin ünvanı Yaycı kənd 1 nömrəli tam orta məktəb olub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini, valideynləri təbrik edib.
Qeyd edilib ki, ötən tədris ilində rayonda 26 tam orta məktəb və 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərib, bu məktəblərdə 4982 şagirdin təlim-tərbiyəsi ilə 770 müəllim məşğul olub.
Ötən tədris ilində rayonun təhsil müəssisələrinin qazandığı uğurlardan da söz açan Şükür Babayev bildirib ki, 2015-2016-cı tədris ilində 2 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülən şagird olmaqla, ümumilikdə, məktəbi bitirən 398 məzundan 302 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edib, onlardan 156 nəfəri ali məktəblərə, IX sinif bazasından isə 28 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bundan əlavə, tam orta təhsil bazasından 20 nəfər kolleclərə, 17 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul edilib. Ali məktəblərə qəbul olan şagirdlərdən 26 nəfəri 500-600, 9 nəfəri 600-700 arasında bal toplayıb. Bütün bu göstəricilər rayonda təhsil sahəsində qazanılan nailiyyətlərdən xəbər verir. Təbii ki, əldə olunan nailiyyətlərin əsasında təhsilə göstərilən hərtərəfli dövlət qayğısı dayanır. Son illər muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirlərindən Culfa rayonuna da xeyli pay düşüb, 21 yeni məktəb binası tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda rayonun Gülüstan kəndində tikilən yeni məktəb binasında son tamamlama işləri görülür. Yeni tədris ilində 4900 şagird rayonun 26 tam orta məktəbində təhsil alacaq. Onlardan 536 nəfəri ilk dəfə məktəbə qədəm qoyur.
Sonra məktəbin birinci sinfinə qəbul edilmiş bir qrup şagird müəllim peşəsinə, Vətənə, məktəb illərinə aid şeirlər söyləyib, şagirdlər ilk zəngin sədaları altında məktəbə daxil olublar.
Kəngərli rayonu
Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində Bilik Günü münasibətilə keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Yeni inkişaf yolunda uğurla addımlayan muxtar respublikamızda təhsil sahəsinə böyük qayğı göstərilir. Yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Bunu Kəngərli rayonunun timsalında da görmək olar.
Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu ilin yanvar ayında Yurdçu kənd tam orta məktəbinin yeni binası istifadəyə verildikdən sonra Kəngərli rayonunda fəaliyyət göstərən tam orta məktəblərin hamısı müasir bina ilə təmin edilib. Eyni zamanda ötən il rayon Təhsil Şöbəsi və Uşaq-gənclər şahmat məktəbi üçün yeni bina inşa edilərək istifadəyə verilib.
Qeyd olunub ki, 2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə XI sinfi bitirmiş 203 məzundan 146 nəfəri ali məktəblərə, 18 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmaq üçün sənəd verib. Onlardan 86-sı ali məktəblərə, 2-si Dövlət Sərhəd Xidməti Akademiyasına, 6-sı Polis Akademiyasına, 18 nəfəri isə orta ixtisas müəssisələrinə qəbul olunub. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərdən 16 nəfəri 500-700 arası bal toplayıb.
İcra başçısı Bilik Günü münasibətilə rayonun bütün pedaqoji kollektivlərini təbrik edərək onlara növbəti dərs ilində daha böyük uğurlar arzulayıb.
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Əli Vəliyev, Qıvraq qəsəbə tam orta məktəbinin direktoru Mahmud Cavadov çıxış ediblər.
Şahbuz rayonu
Bilik Günü münasibətilə Şahbuz rayonunun da bütün məktəblərində tədbirlər keçirilib.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan rayon Təhsil Şöbəsinin müdir əvəzi Eylaz İsmayılov müəllimləri və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirdə çıxş edən rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev müəllim və şagirdləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu gün Şahbuz rayonunun müəllim və şagird kollektivləri də ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunublar. Rayonda 23 tam orta məktəb, 4 məktəbdənkənar müəssisə, 1 idman və 1 şahmat məktəbi fəaliyyət göstərir. Son illər 21 yeni məktəb binası pedaqoji kollektivlərin istifadəsinə verilib. Kolanı kənd məktəbinin tikintisi isə davam etdirilir.
Bildirilib ki, 2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 166 nəfər məzundan 141 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 83 nəfəri, yəni 59 faizi ali məktəblərə qəbul olunub. Bu il 1 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb, həmin məzunlar etimadı doğruldublar. Qəbul olunanlar içərisində 9 nəfər məzun 600-700, 12 nəfər məzun isə 500-600 intervalında bal toplayıb. Nurəddin Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rayonun pedaqoji kollektivləri qazanılan uğurları son hədd hesab etməməli, növbəti dərs ilində daha böyük göstəricilərə nail olmaq üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərməli, muxtar respublikada təhsilin inkişafına öz töhfələrini verməlidirlər.
Sonra məktəbin direktoru Məhərrəm İsmayılov, təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi Növrəstə Xudiyeva Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sədərək rayonu
Ölkəmizin, eləcə də muxtar respublikamızın bütün təhsil ocaqlarının şagirdləri kimi, Sədərək məktəbliləri də Bilik Günündə yeni tədris ilinin sevincini yaşayıblar. Xüsusilə birinci siniflərə qədəm qoyan məktəblilər üçün ilk dərs günü əsl bayram ab-havasında keçib.
Sədərək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Bilik Günü və yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Həbib İbrahimov bildirib ki, ölkəmizdə təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin inkişafını nəzərdə tutan dövlət proqramları qəbul olunub. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli-mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tamamilə sahiblənən, yenilikçi təfəkkürlü mütəxəssis hazırlanmasıdır. Odur ki muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.
Qeyd edilib ki, ötən tədris ilində rayonda orta təhsilini başa vuranlardan 48 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və 23 nəfəri yüksək nəticə göstərərək tələbə adını qazanıb. Abituriyentlərdən 5 nəfəri 500-700 intervalında bal toplayıb. Orta ixtisas məktəblərinə 10, Heydər Əliyev adına Hərbi Liseyə 1, Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına 1 nəfər qəbul olunub. Bütün bunlar uğurlu göstəricilərdir. Ancaq bunlarla kifayətlənmək olmaz. Dövlətimizin təhsil sahəsinə göstərdiyi qayğını üzərlərində hiss edən müəllim kollektivi və şagirdlərimiz daha səylə çalışmalı, yeni tədris ilində daha böyük uğurlar qazanmalıdırlar. Bu təhsil ilində rayondakı məktəblərin birinci siniflərində 144 nəfər şagird təhsil alacaq. Dövlətimizin yüksək diqqət və qayğısına ancaq və ancaq gündən-günə artan uğurlarla cavab vermək olar.
Sonra müəllim və valideynlər çıxışlar ediblər, şagirdlər ilk zəngin sədaları altında siniflərə daxil olublar.
* * *
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı“na uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə cəlbi diqqət mərkəzində saxlanılır.
Sentyabrın 15-i bütün məktəblərdə olduğu kimi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlar 2016-2017-ci tədris ilinin ilk dərsini keçib. Hazırda mərkəzdə 24 hərəkət qabiliyyəti məhdud şagird təhsil alır, onların təhsili ilə 4 müəllim məşğul olur. Distant tədrisə yeni cəlb olunan iki uşağın yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar qoyulub.
Eyni zamanda mərkəzdə fəaliyyət göstərən görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə də uşaqların iştirakı ilə ilk dərslərə başlanılıb. Günün ikinci yarısında isə eşitmə qabiliyyəti məhdud şəxslər üçün, həmçinin bu kateqoriyalı uşaqlardan təşkil olunan məktəbyaşlı qrupa daktilo əlifbasının tədrisi üzrə ilk distant dərs keçilib. Distant dərsi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika Xüsusi İnternat Məktəbinin müəllimi tədris edir.
Məlumat üçün bildirək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər təşkil edilir və müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir. Təlimlərə bu kateqoriyadan olan yeni uşaqların cəlbi istiqamətində fəaliyyətə başlanılıb.
Qeyd edək ki, Bilik Günü ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında keçirilmiş tədbirlərdə aztəminatlı, həmçinin distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyimi və ləvazimatları təqdim olunub.
Xəbərlər şöbəsi