Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əlaqələri genişləndirmək və inkişaf etdirmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsilin inkişafından, Naxçıvan Dövlət Universitetinin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. Rektor imzalanacaq əməkdaşlıq müqaviləsinin muxtar respublikada elm və təhsilin inteqrasiyasına təkan verəcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışında vurğulayıb ki, bu gün muxtar respublikada təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi bu qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də və “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il martın 14-də imzaladığı sərəncamlar bu baxımdan böyük əhəmiyyətə malikdir.
Məmməd Qəribov imzalanacaq əməkdaşlıq müqaviləsinin muxtar respublikada təhsilin inkişafı üçün böyük imkanlar açacağına əminliyini ifadə edib.
Son illərdə ali təhsil ocağı ilə Təhsil Nazirliyi arasında əlaqələrin genişləndiyini və yeni müstəvidə inkişaf etdiyini bildirən Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid deyib ki, pedaqoji təcrübələrin yüksək səviyyədə təşkili, universitetin elmi dərəcəli müəllimlərinin tam orta məktəblərdə nümunəvi dərslərinin keçirilməsi, 300-ə yaxın orta məktəb müəlliminə universitetdə müxtəlif ixtisaslar üzrə mühazirələrin oxunması və onların laborator təcrübələrdə iştirakı bunun bariz nümunəsidir. Tam orta məktəb müəllimlərindən fəxri adı olan və ilin müəllimi adına layiq görülən, qabaqcıl təcrübəyə malik 20-dən çox müəllimin universitetdə mühazirələrinin təşkili və digər məsələlər nazirlik və universitet arasında yaradılan əməkdaşlığın nəticəsidir.
Müqavilədə qeyd olunan əsas məqamlara toxunan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Elşən Qəbulov qeyd edib ki, razılaşmaya əsasən birgə tədqiqat layihələrinin və təhsil proqramlarının icrası, universitet və orta məktəblər arasında videodərslərin, həmçinin videokonfransların təşkili əlaqələrin möhkəmlənməsi ilə yanaşı, təhsilin və elmin inkişafına da mühüm töhfələr verəcək.
Tədbirdə əlaqələrin daha da inkişafına dair təkliflər səsləndirilib.
Sonda Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mina Qasımova