Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələri iyun ayının 28-dən iyul ayının 19-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu olaraq nazirlikdə tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.
“Məqsədimiz gələcəkdə muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, ixtisasın sirlərinə dərindən yiyələnməsi, eyni zamanda bu sahənin müasir cəmiyyətdə nə qədər lazımlı, ehtiyac duyulan sahə olduğunu tələbələrə aşılamaqdır”, – deyən nazir bildirib ki, son bir ildə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə və struktur bölmələrinə 50-dən artıq gənc kadr cəlb olunub. Bu gün nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Qeyd olunub ki, müasir dövrdə informasiya texnologiyaları bütün sahələri əhatə edir və bu gün muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət, gömrük, vergi, ümumiyyətlə, heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda çox, həm də keyfiyyətli nəticə əldə etmək üçün bu sahənin inkişafı və daim yenilənməsi vacib məsələdir. Sözügedən inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının vacibliyi nəzərə alınaraq bu sahə ölkəmizdə prioritet elan edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamların və verilən tapşırıqların icrası sayəsində Naxçıvanda ixtisaslı kadrların hazırlanması və yeni texnologiyaların tətbiqi daim diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti