23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2016-cı ilin birinci yarısına həsr olunmuş elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağında çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd olunan dövrdə görülən işlər barədə danışıb. 

Bildirilib ki, AMEA Naxçıvan Bölməsində görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100, Birinci Türkoloji Qurultayın 90, Eynəli bəy Sultanovun 150 illik yubileyləri ilə yanaşı, mühüm tarixi günlər də qeyd olunub. “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-etnoqrafik atlasının, “Naxçıvan coğrafiyası”nın I cildinin, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması və nəşri həyata keçirilib. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası, “Əlincəqala” tarixi abidəsinin və “Gülüstan” türbəsinin bərpası və tədqiq edilməsinin elmi əsaslarla aparılması yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışılıb. Bu dövrdə bölmədə humanitar və ictimai, təbii və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 2 nömrəsi çapdan çıxıb.

Hesabat dövründə Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun əməkdаşlаrının 1-i xaricdə olmaqla, 3 monoqrafiyası, 70 məqaləsi və konfrans materialı olmaqla (15-i xaricdə), 74 еlmi əsəri nəşr edilib.
Qeyd olunub ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının 61 elmi əsəri, o cümlədən 1-i xaricdə olmaqla, 2 kitabı, 16-sı xaricdə olmaqla, 59 elmi məqaləsi və konfrans materialı çap edilib. Hesabat dövründə 2 tatar şairinin şeirləri Azərbaycan dilinə tərcümə edilib və “Yeni tatar şeiri antologiyası” dərc olunub, Hayreddin Evginin “Manas” romanı tərcümə olunaraq çapa təqdim edilib.
Birinci yarımildə bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarının 47 elmi əsəri, о cümlədən 3 monoqrafiyası, 26 elmi məqaləsi, 16 konfrans materialı və 2 tezisi dərc olunub. Əsərlərdən 14 məqalə, 7 konfrans materialı və 2 tezis xaricdə nəşr edilib.
Biоresurslar İnstitutunun əməkdaşlarının isə 1 monoqrafiyası, 1 metodik vəsaiti, 61 elmi məqaləsi və konfrans materialı olmaqla, 63 elmi əsəri çap olunub. Əsərlərdən 8 elmi məqalə, 11 konfrans materialı xaricdə çapdan çıxıb ki, bunlardan 5-i impak faktorlu jurnallarda nəşr olunub. İnstitut əməkdaşları akademik Tariyel Talıbovun rəhbərliyi ilə Ümumdünya Təbiəti Mühafizə Təşkilatının “Naxçıvan Muxtar Respublikası ərazisində bəbir və onun qida obyektlərinin monitorinqinin aparılması” mövzusunda beynəlxalq qrant layihəsi istiqamətində elmi-tədqiqat işlərini başa çatdıraraq hesabatı müvafiq quruma təqdim ediblər.
Diqqətə çatdırılıb ki, bölmənin Əlyazmalar Fоndu əməkdaşlarının 3 elmi məqaləsi, 2 konfrans materialı çapdan çıxıb. Elmi-tədqiqat işlərinə dair fоndda 1 elmi seminar keçirilib. Tədqiqat dövründə Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasında saxlanılan qədim kitab və əlyazma nüsxələrinin kataloqunun II cildi üzərində tərcümə və şərh işləri davam etdirilib. Hesabat dövrü ərzində fondun zənginləşdirilməsi məqsədilə aparılan bir sıra səmərəli iş fəaliyyəti və ekspedisiyaların nəticəsi olaraq 2 adda əlyazma və qədim kitablar toplanılıb, ilkin tədqiqat mərhələsi başa çatdırılıb. Fondda olan 34 adda əlyazma tam şəkildə kataloqlaşdırılıb. Birinci yarımildə fonda hədiyyə olaraq verilmiş 21 adda qədim kitab və əlyazma nümunələri aktlaşdırılaraq fondun balansına daxil edilib. Bununla da, fondda toplanılan əlyazmaların və qədim kitabların ümumi sayı 479-a çatdırılıb.
İlin birinci yarısında AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasına daxil olan çap məhsullarının həcmi 714 ədəd olub. Kitab fonduna 205 ədəd kitab daxil edilib ki, onlardan 170-i Azərbaycan və rus, 12-si Qərbi Avropa, 23-ü isə Şərq və müxtəlif etnik qrupların dillərindədir. Hesabat dövründə 1904 ədəd kitab elektron kataloqlaşdırılıb. İlin birinci yarısında Geologiya, Hidrogeologiya və Geofizika şöbələrinin kitablarının elektron kataloqlaşdırılması başa çatıb, Kənd təsərrüfatı şöbəsinin elektron kataloqlaşdırılması işinə başlanılıb.
Sonda bölmə sədri, akademik İsmayıl Hacıyev yarım il ərzində qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara da toxunub, yaranan problemlərin həllinin aradan qaldırılması yollarından bəhs edib.
Tədbirdə 2016-cı ilin birinci yarısında bölmə əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR