Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəb uğurları ilə seçilir
Bu, bir həqiqətdir ki, millət təhsillə irəli gedir. Məhz təhsillə hər bir xalqın milli şüuru artır, intellektual potensialı yüksəlir.
Ümummilli liderin “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi – bunlar xüsusi yer tutmalıdır”, – konseptual göstərişinin bəhrəsi bu gün muxtar respublikanın bütün şəhər və kəndlərində ucaldılan, maddi-texniki bazası gücləndirilən təhsil ocaqlarında təsdiqini tapır.
Ulu öndərimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikada da təhsil quruculuğu vüsət götürdü və yeni məktəb binalarının inşasına başlanıldı, təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirildi. Bu qayğıdan 2007-ci ildə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbinə də pay düşdü. Belə ki, məktəbin binası yenidən qurularaq qapılarını müəllim və şagirdlərin üzünə açdı. 1404 şagird yerlik müasir standartlara uyğun şəkildə inşa olunmuş məktəb binasının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak etdi. İllər sübut etdi ki, bu qayğı öz bəhrələrini verir. Belə ki, əgər 2006-2007-ci tədris ilində məktəbi bitirən 76 məzundan 34-ü müxtəlif ali məktəblərə daxil olmuşdusa, 2015-2016-cı tədris ilində məktəbi bitirən 56 məzundan 51-i ali məktəblərin tələbəsi adını qazanıb. Məzunlardan 8-i 500-700 intervalında, o cümlədən 4-ü 600-700 intervalında bal toplayıb. Yüksək göstərici qazanmış məzunlardan 674 balla Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunan Sona Əliyeva və 641 balla həmin fakültəyə daxil olan Nərmin Zeynalova bildirdilər ki, məhz gözəl şəraitə malik məktəbdə təhsil almağımız arzularımızı reallığa çevirib.
Məktəbin direktoru Samir Əsgərovdan öyrəndik ki, hazırda burada 1070 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 151 müəllim məşğul olur. Məktəbdə elektron lövhəli siniflər, internetə qoşulmuş kompüter otaqları, fənn kabinələri, laboratoriyalar, zəngin kitabxana, idman zalı var. Həmişə fənn olimpiadalarında, viktorinalarda, test- sınaq imtahanlarında məktəbin şagirdlərinin yüksək bal toplamaları təhsil ocağının uğurları sırasındadır.
Məktəbin X sinfində oxuyan əlaçı şagird Anar Mikayılov dedi ki, ibtidai təhsilimə əvvəlki məktəbdə başlamışam. İndi isə belə gözəl məktəbdə oxuyuram. Niyə də yaxşı oxumayım? Bizə hər cür şərait yaradılıb. Yoldaşlarımla çalışırıq ki, dərslərimizi yaxşı oxuyub, hərəmiz bir ixtisasa yiyələnib dövlətimizə xidmət edək.
Təhsilin əsası ibtidai sinifdə qoyulur desək, yanılmarıq. Bu mənada, həmsöhbət olduğum valideynlər ibtidai siniflərdə dərs deyən hər bir müəllimin əməyini yüksək qiymətləndirdilər.
Məktəbdə keçirilən şahmat dərsləri ilə də maraqlandıq. Öyrəndik ki, uşaqların zehni inkişafında böyük əhəmiyyət kəsb edən şahmata maraq böyükdür. Məktəbdə şahmat dərsini 7 müəllim tədris edir. Onlar bu oyunun sirlərini şagirdlərə öyrətmək üçün bütün imkanlarını səfərbər ediblər. Bu da öz bəhrəsini verməkdədir. Məktəbin şagirdlərindən Sadiq Məmmədov, İlkin Rəsulov Bakı şəhərində və Malayziyada keçirilən şahmat yarışlarında Naxçıvanı təmsil ediblər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalında da adları çəkilən bu şahmatçılar iştirak ediblər.
Məktəbdən ayrılan zaman dayanıb bir daha təhsil ocağının səliqəli həyətinə, yaşıllığına, müasir binasına baxıram. Düşünürəm ki, bəli, qısa zaman kəsiyində ölkəmizdə möhtəşəm məktəb binalarının inşa olunması ulu öndərin təhsil quruculuğu siyasətinin ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilməsinin bariz nümunələridir. Bu isə təhsildə uğurlarla nəticələnir. Elə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdəki kimi. Burada da ölkənin gələcəyi üçün savadlı gənclər yetişdirilir. Təhsil müəssisəsinin təcrübəli müəllimləri biliklərini səfərbər edib yalnız bir məqsədə yönəldiblər: təhsildə uğura doğru.
Hafizə Əliyeva