Hər bir ölkənin tərəqqisi elm və təhsilin inkişafından asılıdır. Çünki ixtisaslı və peşəkar kadrlar bütün sahələrdə inkişafın əsas hərəkətverici qüvvəsi hesab olunurlar. Buna isə ümumtəhsil məktəblərində yüksək təhsil verməklə nail olmaq mümkündür. Ümummilli lider Heydər Əliyev təhsilə xüsusi əhəmiyyət verərək deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”.
Muxtar respublikamızda dönmədən həyata keçirilən Heydər Əliyev ideyaları təhsil sektorunun davamlı inkişafında başlıca stimuldur. Bunun da nəticəsində muxtar respublikada təhsilin məzmunu yenilənib, keyfiyyəti isə xeyli yüksəlib. Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması diqqət mərkəzində saxlanılıb, məktəblərimiz ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Belə ki, ümumtəhsil məktəblərində 623 elektron lövhə quraşdırılıb və təhsil müəssisələrinə 3725 dəst kompüter verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, təhsil müəssisələrinə göstərilən qayğı bu il də ali və orta ixtisas məktəblərinə qəbulda öz müsbət nəticələrini göstərib. Belə ki, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirən 3138 məzunun 2469 nəfəri ali məktəblərə sənəd verib. Bu da məktəbi bitirənlərin 78,68 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizi deməkdir.
Ali məktəblərə qəbul imtahanlarında 121 ümumtəhsil məktəbindən məzun olmuş 322 nəfər 500-700 intervalında bal toplayıb. Onların 105 nəfəri 600-700 intervalında nəticə göstərib. Qəbul imtahanlarında yüksək bal toplayanların 185 nəfərini (yəni 57,5 faizi) qızlar təşkil edib.
Bu gün muxtar respublikamızın dağ kəndlərində yaradılmış təhsil mühitinin yüksək olmasının nəticəsidir ki, 500-700 intervalında bal toplayaraq tələbə adını qazananlardan 193 nəfəri kəndlərdə fəaliyyət göstərən 92 ümumtəhsil məktəbinin məzunudur.
Ümumtəhsil məktəblərinə kompüter və elektron lövhələrin verilməsi şagirdlərimizin dəqiq elmlərə olan marağını artırıb, nəticədə, cari ilin məzunlarından 115 nəfəri qəbul imtahanlarında yüksək nəticələrə nail olub.
Məlumatda o da bildirilir ki, 2015-2016-cı tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 27 məzun qızıl və gümüş medallara layiq görülüb. Onlara qazandıqları uğurlara görə bu il ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş formada medalların təqdimat mərasimi keçirilib və adları təhsil aldıqları məktəblərin “Şərəf kitabı”na yazılıb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub. Belə ki, qəbul imtahanlarında 12 nəfəri 600-650, 15 nəfəri isə 650-700 arası bal toplayıb.
Xəbərlər şöbəsi