“ABŞ və Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda arxeoloji tədqiqatlar aparması təkcə tariximizin öyrənilməsi baxımından deyil, həm də qədim tariximizin dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır. Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” arxeoloji ekspedisiyası, Azərbaycan-ABŞ, Azərbaycan-Fransa, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir”.
Bu fikirləri Azərbaycan-Fransa, Azərbaycan-Amerika və AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyaları tərəfindən Naxçıvan ərazisində bu il aparılan tədqiqatların nəticələrinə həsr olunmuş yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
Bildirilib ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkar olunub. Bu da Naxçıvanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub.
Hesabat yığıncağında Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu il qazıntıların getdiyi ərazilər, aşkarlanmış maddi-mədəniyyət nümunələri və nəticələr haqqında slaydlar vasitəsilə elmi ictimaiyyətin nümayəndələrinə məlumat verib.
Vurğulanıb ki, bu il Qız qalası yaşayış yerinin alt təbəqələrində aparılan qazıntılar zamanı qəbir abidələrinə rast gəlinməsi olduqca maraqlı faktdır. Bilavasitə yaşayış yerinin yaxınlığında aşkar olunan bu qəbirlərin birindən Orta Tunc dövrünün erkən mərhələsi üçün xarakterik olan boyalı qablar aşkar edilib.
Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmalar onların vahid bir kompleks təşkil etdiyini göstərir. Adıçəkilən yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən edilib. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin avqust ayında AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb. Ekspedisiyanın əsas məqsədi Neolit dövrünün sonuna aid olan I Kültəpə yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf aləmlə əlaqələrini öyrənməkdən ibarətdir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir. Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzinin də Naxçıvan olduğunun müəyyənləşdirilməsi üçün müəyyən işlər aparılır. İlk tədqiqatlar Naxçıvandakı qədim mis yataqlarının o dövrün insanları tərəfindən istifadə olunduğunu təsdiq edir. Qədim mis, qurğuşun alətlərin mis yataqları ilə qarşılıqlı analizi Naxçıvanın qədim metallurgiyasının yerli xammala əsaslandığını deməyə əsas verir.
Nərgiz İsmayılova