23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 2016-cı ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq məruzə edib. Rektor muxtar respublikada ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb. 

Qeyd edilib ki, 2016-cı ilin birinci yarısı Naxçıvan Dövlət Universiteti üçün uğurlu və əlamətdar hadisələrlə yaddaqalan olub. Universitetə hədiyyə olunan müasir planşet Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin akt zalında quraşdırılıb. Hərtərəfli dövlət qayğısı sayəsində yaradılan maddi-texniki baza universitetdə tədrisdə və təhsildə daha yüksək keyfiyyətə nail olmağa əsas verir. Ötən dövr ərzində “Elektron universitet” layihəsinin və distant təhsilin tətbiqi, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Universitetin beynəlxalq əlaqələri inkişaf etdirilib, 80-dən çox tanınmış dünya universiteti ilə əməkdaşlıq edən ali məktəb “Tempus” pro­qramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilən 5 layihədə uğurla təmsil olunub.

Vurğulanıb ki, universitetdə tələbə mobilliyi də diqqət mərkəzindədir. Tələbələr Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramına əsasən, Türkiyə universitetlərinə, həmçinin Cənubi Koreyanın Kimçonq Universitetinə, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərinə bir il və ya bir semestr müddətində ali təhsil almağa göndərilib. “Erasmus+” layihəsi çərçivəsində universitetin Sosial idarəetmə və hüquq, İqtisad fakültələrinin 6 tələbəsi ali təhsillərini Rumıniyanın Babeş-Bolyai Universitetində uğurla davam etdirib.
Rektor deyib ki, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iyulun 22-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasındakı çıxışında da qeyd etdiyi kimi, ölkəmizin gələcəyinin təminatçıları olan istedadlı, bilikli, sağlam və vətənpərvər nəslin yetişdirilməsinə hesablanıb. Layiqli vətəndaş və mütəxəssis, mükəmməl kadr hazırlığı baxımından çoxsaylı universitet kollektivinin, təcrübəli professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür.
İclasda məruzə ətrafında çıxışlar dinlənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Naxçıvan Dövlət Universitetinin 2016-cı ilin birinci yarımilində qazandığı uğurlar slaydlar vasitəsilə təqdim edilib.

Mehriban Sultan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR