Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Heydər Əliyev Azərbaycanda digər sahələrlə yanaşı, kitabxana işinin inkişafına da öz layiqli töhfələrini verib. Ümummilli liderimiz deyirdi ki, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaların fəaliyyətinə qayğı xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Tariximizin, milli-mənəvi sərvətlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır. Qədim tarixçilik ənənələrinə malik olan Azərbaycan öz yüksək kitab mədəniyyəti ilə seçilib və zəngin kitabxanaları ilə tanınıb.
İnformasiya əsri adlandırılan XXI əsr kitabxanaların qarşısında bir sıra yeni vəzifələr qoyur. Belə ki, kitabxana fondlarının müasir ədəbiyyatlarla zənginləşdirilməsi, kitabxanaların informasiyalaşdırılması, milli-mədəni irsimizin və adət-ənənələrimizin qorunması, kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, kadr islahatlarının həyata keçirilməsi, yeni kitabxana binalarının tikilməsi, mövcud kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğunlaşdırılması, dünya kitabxanaları ilə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi ilə beynəlxalq tədbirlərin təşkili və sair məsələlərlə bağlı böyük işlər görülür. Bildiyimiz kimi, kitabxanalar elmi sərvətləri toplayıb, qoruyub, saxlayıb və onları gələcək nəsillərə ərməğan etməklə yanaşı, mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, təhsil və digər sahələr üzrə elmi kəşflərin öyrənilməsi və tətbiqi üçün də şərait yaradır.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da kitabxana binalarının tikilməsi, kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kitabxanaçı kadrların hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Bü gün muxtar respublikamızda yeni məktəb binaları tikilir və ya mövcud binalar əsaslı şəkildə yenidən qurulur. Ümumtəhsil məktəblərinin hər birində bədii ədəbiyyat və dərsliklərlə zəngin olan kitabxanalar fəaliyyət göstərir. Belə mədəniyyət müəssisələri təhsil, təlim və tərbiyənin həyata keçirilməsinə, uşaqlarda yaradıcı fəallığın, əmək vərdişlərinin, dərketmə qabiliyyətinin, təhsilə və ictimai vəzifələrə sayıq münasibətin inkişafına kömək edir, uşaq və yeniyetmələrdə oxu mədəniyyətini formalaşdırır. Həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsində, bilik və bacarıqlarının artırılmasında, ümumi dünyagörüşünün formalaşmasında, onların düzgün tərbiyə olunmasında məktəb kitabxanaları da mühüm rol oynayır. Belə ki, məktəb kitabxanaları ulu öndər Heydər Əliyev irsinin, fəaliyyətinin, qurduğu dövlətçilik ənənələrinin, Azərbaycançılıq ideyasının təbliğində, milli-mənəvi dəyərlərin, ana dilimizin qorunmasında, şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında əvəzsiz rol oynayır.
Mədəniyyətimizin, tariximizin, adət-ənənələrimizin şagirdlərə aşılanmasında, onların savadlı, zəhmətsevər, ağıllı və sağlam mühitdə yetişməsində kitabxanaçıların da üzərinə mühüm vəzifələr düşür. Kitabxanaçı işini elə qurmalıdır ki, məktəbdə təhsil alan şagirdləri müasir dövrün tələbinə cavab verə biləcək bir səviyyəyə çatdıra, bilik və bacarıqlara yiyələndirə bilsin. Ölkənin qəhrəmanlıq və mübarizlik tarixini özündə əks etdirən şifahi xalq ədəbiyyatı nümunələrinin, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının, bir sıra nağıllarımızın şagirdlər arasında təbliğ edilməsi onlarda vətənpərvərlik, qəhrəmanlıq, mübarizlik hissini formalaşdırır, yadelli işğalçılara qarşı nifrət, doğma torpağa məhəbbət hissləri və duyğuları tərbiyə edir. Eyni zamanda kitabxanalarda N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, A.Səhhət, M.Ə.Sabir, S.Vurğun və başqa klassiklərimizin yubiley tədbirlərinin, onların əsərlərinin müzakirələrinin keçirilməsi uşaqların dünyagörüşünün zənginləşməsi, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmaları üçün geniş imkanlar yaradır.
Şagirdlərin kitab mütaliəsinə olan marağını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək məqsədilə cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Kitab bilik mənbəyidir” adlı müsabiqə keçirilib. Müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, geniş dünyagörüşə malik olan şagirdlər iştirak ediblər. Müsabiqədə qalib gələnlərə diplom və qiymətli hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinın əməkdaşları mütəmadi olaraq məktəb kitabxanalarında monitorinqlər həyata keçirir, kitabxanaların fəaliyyəti ilə yaxından tanış olur, təhlillər aparır, uşaqlara göstərilən kitabxana xidmətinin yaxşılaşdırılması barədə təkliflərini verirlər.
Kamal Fərəcov
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin aparıcı məsləhətçisi