23 Dekabr 2024, Bazar ertəsi

   Etiraf edək ki, çoxumuz ali təhsil almaq uğrunda mübarizə aparırıq. Düzdür, ali təhsil hər şeydən vacibdir. Amma unutmayaq ki, hər oxuyan da Molla Pənah olmaz. Bu gün yaşadığımız cəmiyyətdə işini yaxşı bilən dülgər, bənna, dərzi və başqa peşə sahiblərinə ehtiyacımız var. Ümumiyyətlə, bütün dövrlərdə yaxşı sənətkara həmişə ehtiyac duyulub. Elə sənətkarlar olub ki, onlar işləri ilə ad qazanıb, bir ali təhsillinin Vətəninə verə bilmədiyi xeyri verib. Bəli, necə deyərlər, hər işin öz ustası vardır. 

Sevindirici haldır ki, muxtar respublikamızda aparılan təhsil islahatlarının tərkib hissəsi olan texniki-peşə təhsilinin yeniləşdirilməsi sahəsində son illər böyük işlər görülməkdədir. Söz yox ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnmiş kadrların hazır­lanması dinamik inkişafa təsir göstərən həlledici amillərdən biridir. Texniki-peşə təhsili ümumi təhsil sisteminin əsas istiqamətlərindən biri olmaqla cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir. Bu gün peşə təhsili sahəsində fəaliyyət göstərən müəssisələr, sadəcə olaraq, sənətkarlar və ustalar hazırlamaqla öz işini bitmiş hesab etmir, daha yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis hazırlığını həyata keçirirlər. Neçə illər öncəyə nəzər salsaq, görərik ki, o dövrdə cəmiyyətdə texniki-peşə təhsilinə maraq xeyli zəifləmişdi, bu məktəblərə zəif oxuyan, savadsız uşaqları göndərirdilər. Ancaq son illərdə peşə təhsilinə bu münasibət dəyişməyə başladı, aparılan təbliğat və maarifləndirmə işləri öz müsbət nəticəsini verdi.

Həyata keçirilən tədbirlər sırasında 2009-cu il aprelin 7-də ixtisaslı işçilərin hazırlanması üzrə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi peşə hazırlığının inkişafına göstərilən dövlət qayğısının əyani ifadəsinə çevrildi. Mərkəzin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək demişdir ki, mərkəz sovet dövründə olan texniki-peşə məktəblərindən tamamilə fərqlənir. O dövrdə peşə məktəbləri həm orta təhsil, həm ixtisas versə də, istənilən keyfiyyətə nail olunmurdu. Şagirdlərin əksəriyyəti öz ixtisaslarını öyrənmədən məktəbi başa vururdular. Ona görə ki, eyni zamanda həm orta təhsil vermək, həm də peşə öyrənmək çətinliklər yaradırdı və ixtisaslı müəllimlərin də olmaması, bəlkə də, tədrisin düzgün qurulmaması o dövrdə peşə sahəsində hazırlanan işçilərin tam ixtisas ala bilməmələri ilə nəticələnirdi. Ancaq burada tam ixtisas öyrədiləcək, yəni müdavimlər müxtəlif sahələr üzrə qarışıq formada yox, ayrı-ayrı ixtisaslar üzrə 3 ay müddətində 10-24 nəfərlik qruplar halında tam ixtisasa yiyələnəcəklər.
6 ildir, fəaliyyət göstərən mərkəz qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirərək bu gün nəinki Naxçıvanda, hətta Azərbaycanda tanınmış peşə məktəblərindən birinə çevrilib. İndiyə qədər çoxlu sayda peşə ixtisası üzrə kursların təşkil olunduğu mərkəzə muxtar respublikanın bütün bölgələrindən müdavimlər cəlb olunub. Mərkəzdəki elektron lövhə, sürətli internet, kompüter sinifləri vasitəsilə müdavimlər peşə təhsilinin müasir tələblərini öyrənir, bilik və vərdişlərini zənginləşdirirlər. Ümumilikdə, Naxçıvan Regional Peşə Tədris Mərkəzi fəaliyyətə başladığı gündən 126-ya yaxın kurs üzrə 1747-dən çox vətəndaşa müvafiq peşə təhsili verib. Hazırda mərkəzdə məşğələlər davam etdirilir. Bu təhsil ocağında qadın bərbəri, bərbər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, traktorçu-maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, ağac üzərində oyma, ofisiant, elektrik montyoru ixtisasları tədris edilir. Bütün sinif otaqları ayrı-ayrı ixtisaslara uyğun əyani vasitələrlə təchiz olunub. Mərkəzin direktoru Mövlud İsmayılov dedi ki, buraya, əsasən, rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar cəlb edilir. Bundan başqa, bəzi təşkilatlar onlara ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması üçün sifariş verirlər.
Sinif otaqlarında məşğələlərin gedişi ilə tanış olduq, müəllimlərlə görüşüb söhbət etdik. Tədris korpusu ilə ilk tanışlığımız traktorçu-maşinist kursundan başladı. Burada müəllim Valeh Mehdiyev 10 nəfər müdavimə kurs keçirdi. Öyrəndik ki, müdavimlər traktorçu-maşinist üzrə nəzəriyyəni tam mənimsədikdən sonra istehsalat təcrübəsində iştirak edəcəklər.
Naxçıvan şəhərinə uzaq olan rayon və kəndlərdən gəlmiş müdavimlər üçün mərkəzdə rahat yataqxana şəraiti yaradılıb. Burada müdavimlər üçün istirahət otağı və kitabxana da fəaliyyət göstərir. Şahbuz rayonundan olan Surxay Quliyev yataqxanada onlar üçün yaradılan şəraitdən xeyli razılıq etdi. Dedi ki, burada müdavimlər üçün əsl ev rahatlığı yaradılıb. O və yoldaşları çalışırlar ki, qurulub-yaradılanların qayğısına qalsınlar. Çünki bu şərait­dən onlardan sonra oxumağa gələn müdavimlər də istifadə edəcəklər.
Emalatxanalarda peşə hazırlığının həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binanın ikinci mərtəbəsində 6 sinif otağı, müəllimlər otağı, kompüter sinfi, istirahət otağı və 44 çarpayılıq 11 yataq otağı var. Kompüter sinfində 9 ədəd müasir kompüter avadanlıqları quraşdırılıb.
Mərkəzdə bərbər və dərzi hazır­layan kurslarda da tədrisin yüksək səviyyədə aparıldığının şahidi olduq. Bunun üçün fənn kabinələri və emalatxanalar elektron lövhə, əyani vəsaitlər, geyim dəstləri və digər materiallarla ən yüksək səviyyədə təchiz edilib. Məktəbin müəllimi Pəri Həsənova dedi ki, siniflərin əyani vəsaitlərlə zəngin olması keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, bacarıqlı mütəxəssislərin hazırlanmasına imkan verir.
Mərkəzə sağlamlıq imkanları məhdud olan vətəndaşlar da cəlb olunublar. Onlardan Anar Quliyev bir neçə gündən sonra kursu başa vuracaq. İşə başlayacağına görə sevinclidir. Anarın valideyni Oruc Quliyev dedi ki, övladlarımızın belə təhsil ocaqlarında müxtəlif peşələrə yiyələnmələri üçün yaradılan şərait muxtar respublikada gənclərə və yeniyetmələrə, nəticə etibarilə, gələcəyimizə qayğının ifadəsidir. Gənc­lərimiz bunu dərindən dərk etməli, layiqli mütəxəssis kimi yetişərək həyatımızın müxtəlif sahələrində öz sözlərini deməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar bu il istifadəyə verilən yaradıcılıq və istehsalat binasında müxtəlif əl işləri hazırlayırlar. Mərkəzin müəllimləri burada məhkumlara kurs keçir. Bu günlərdə qazanxana maşinisti, kompüter, daş üzərində oyma kurslarında bir neçə məhkum kursu başa vurub.
Mərkəzi bitirənlərlə də əlaqə saxladıq. Culfa rayonundan olan Qaşqay Cəfərov dedi:
– Milax, Teyvaz və Qazançı kənd­ləri üzrə qaz çilingəri kimi fəaliyyət göstərirəm. Elə bilirdim ki, peşəm üzrə hər şeyi bilirəm. Sonra Rayon Qaz İstismarı İdarəsinin xətti ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kursa cəlb olundum. Burada 3 aya yaxın kurs keçdim. Kursda iştirak edəndən sonra gördüm ki, bilmədiyim şeylər də çoxdur. Hər bir peşə sahibi bu kurslarda iştirak etməlidir. Onlar ixtisaslara nə qədər yaxşı yiyələnsə, sabah o sahələrdə bir o qədər yaxşı fəaliyyət göstərəcəklər və gördükləri işin də nəticəsi, keyfiyyəti olacaqdır.
Qeyd edim ki, mərkəzə Bakı şəhərindən ixtisaslı mütəxəssislər də cəlb olunur. Elə qəzetimizin fotoqraf əməkdaşları da mərkəzdə Bakıdan dəvət edilmiş fotoqrafın iştirakı ilə keçirilən kurslarda iştirak ediblər. Həmin kurslarda iştirak edən iş­axtaran vətəndaş kimi qeydiyyatda olan İlqar Quliyev redaksiyamızda işlə təmin olunub.
Onu da qeyd edim ki, bu gün belə tədris ocaqlarının fəaliyyət göstərməsi son illərdə ayrı-ayrı sahələr üzrə bədbəxt hadisələrin minimuma endirilməsinə də təsir edib. Çünki bəzən işçilərin peşə hazırlığının aşağı səviyyədə olması bədbəxt hadisələrin yaranmasına gətirib çıxarır. Buna görə ayrı-ayrı nazirlik, komitə və təşkilatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mərkəzdə siniflərin hazırlanmasına, müəllimlərin peşə hazır­lığının yüksəldilməsinə, onların digər yerlərə təcrübə keçməyə göndərilməsinə qayğı göstərirlər. Unutmaq olmaz ki, bu vətəndaşlarımız, ilk növbədə, Azərbaycan vətəndaşlarıdır, ikincisi isə onlar ölkəmizin iqtisadiyyatının inkişafında iştirak edirlər.
Bəli, bu gün muxtar respublikada yeni sahələr qurulur, müxtəlif texnologiyalar və avadanlıqlardan istifadə edilir. Onları idarə etmək üçün isə ixtisaslı işçilər lazımdır. Heç şübhə yoxdur ki, mərkəzin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ixtisaslı işçilərin yüksək səviyyədə hazırlanması üçün əlindən gələni əsirgəməyəcəkdir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR