Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərimiz tələbə adının sevincini yaşayırlar. Onlardan ikisini oxuculara təqdim edirik.
Qönçə Abbasova: – Mən 1999-cu ildə Naxçıvan şəhərində anadan olmuşam. 2005-ci ildə Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilmişəm. Bu il isə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə başa vuraraq ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək tələbə adını qazanmışam. Atam həkim olduğundan məndə də uşaqlıqdan o sahəyə maraq hissi oyanmışdı. Atam onun sənətini davam etdirməyimi çox istəsə də, seçimi həmişə öz öhdəmə buraxırdı. Orta məktəbin ilk siniflərindən məndə təbiət elmlərinə xüsusi bir maraq oyanmışdı. Bu maraq ildən-ilə daha da güclənirdi. Buna görə də mən 4-cü ixtisas qrupunu seçərək bu qrupda olan fənləri həvəslə öyrənməyə başladım. Sınaq imtahanlarında nəticələrim ürəkaçan olurdu. Ancaq qəbul imtahanı gününü həyəcanla gözləyirdim. Nəhayət, ali məktəblərə qəbul imtahanında 652 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına daxil oldum. Artıq tələbəyəm, həm də illərdir, xəyal etdiyim universitetin tələbəsi. Bu gün mənim üçün çox qürurvericidir. Muxtar respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə, üzərimdə əziyyəti olan bütün müəllimlərimə və hər zaman məni dəstəkləyən valideynlərimə minnətdaram. Bundan sonrakı illərdə də onların mənə olan etimadlarını doğruldacağıma söz verirəm.
Hüseyn Kazımov: – 1998-ci ildə Culfa rayonunun Saltaq kəndində anadan olmuşam. 2016-cı ildə bu məktəbi qızıl medalla bitirmişəm. Ali məktəblərə qəbul imtahanında 662 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisasına qəbul olunmuşam. Topladığım balla Azərbaycan Tibb Universitetinə qəbul olunmaq imkanı olsa da, mən Naxçıvanda təhsil almağı seçdim. Orta məktəbdə oxuduğum illərdən muxtar respublikada təhsilə göstərilən qayğını, savadlı kadrlara olan diqqəti görürdüm. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə Ali Məclis Sədrinin görüşü də bu diqqət və qayğının davamıdır. Həmin görüşdə Ali Məclis Sədrinin üzünü biz gənclərə tutaraq dediyi sözlər, əminəm ki, orada iştirak edən gənclərin gələcək həyat planlarına bilavasitə təsir göstərəcəkdir. Ali Məclis Sədrinin dediyi kimi, biz gələcəkdə hansı sahədə çalışmağımızdan asılı olmayaraq, müstəqil Azərbaycana ləyaqətlə xidmət etməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməli, vətənpərvər bir gənc kimi vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının davamçısı olmalıyıq. Tələbə adı qazanmağımda əməyi keçən hər kəsə – müəllimlərimə, ailə üzvlərimə minnətdarlığımı bildirirəm.
Fatma Babayeva