İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının II və III ixtisas qrupları üzrə qəbul imtahanını keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 55 binada aparılıb.
Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1430 abituriyent iştirak edib. İmtahana 137 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub.
İmtahan günündə məktəblərdə olduq, abituriyentlər və onların valideynlərinin təəssüratlarını öyrəndik.
Şərur rayonunun Dərəkəndindən olan Fərmayıl Əhmədov deyir ki, övladı qədər o da həyəcanlıdır. Onu da əlavə edir ki, qızı Gözəl imtahana yaxşı hazırlaşıb. İnanır ki, tələbə adını qazanacaq.
Valideyn ərazidə insanların rahatlığı üçün iaşə xidməti təşkil olunmasından razılıqla danışdı.
Abituriyentlərdən Aygün Hümbətova ilə söhbətləşirik. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunudur. O, sınaq imtahanlarında 500-700 intervalında bal toplayıb. Həyəcanını gizlətməyərək deyir:
– Həyəcanla gözlədiyim gündür. Hansı sualların düşəcəyini səbirsizliklə gözləyirəm. Xarici dil müəllimi olmaq istəyirəm. Hədəfim 500 balı keçməkdir.
Abituriyentlərdən Rafət Kazımbəyli də çox həyəcanlı görünür. Onun dediklərindən:
– Atam təhsil sahəsində fəaliyyət göstərir. Ailəmizdə təhsilə hər zaman böyük maraq olub. Valideynlərim hər zaman dərsimlə maraqlanıb, mənim yaxşı oxumağım üçün əllərindən gələni əsirgəməyiblər. Təhsil aldığım məktəbdə həm yaradılan şəraiti, həm müəllimlərimizin bizimlə məsuliyyətlə məşğul olmalarını xüsusilə qeyd etməliyəm. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik olan məktəbimiz ən müasir informasiya texnologiyaları, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin edilib. II ixtisas qrupu üzrə imtahan verəcəyəm. Bu imtahandan uğurlu nəticə qazanmalıyam. İnanıram ki, bütün ümidləri doğruldacağam.
Babək rayon Cəhri kənd 1 nömrəli tam orta məktəbin məzunu Nihad Alməmmədov, Şərur rayon Şahbulaq kənd tam orta məktəbinin məzunu Cəfər Cəfərov da belə düşünürlər.
Saatlar 1100-ı göstərəndə imtahan başlayır. İmtahan qurtarana kimi biz də müşahidələrimizi apardıq. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə, imtahanda təşkilatçılıq yüksək səviyyədə idi.
... Nəhayət, imtahan başa çatır. İmtahandan yenicə çıxmış Valeh Xudakərimov sualların asan olduğunu dedi. Zaur Məmmədov isə ilk dəqiqələrin onun üçün bir az çətinlik törətdiyini gizlətmədi. Daha bir abituriyent Nuray Salmanlı dedi ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun sualları dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib.
Sara Əzimova