5 nəfər isə 500-700 intervalında bal toplayıb
Hər bağban üçün böyüdüb boya-başa çatdırdığı fidanların bar verməsi nə qədər sevinc doğurucu və fərəh vericidirsə, hər bir şagirdin ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticələr göstərməsi də o şagirdə biliklərin sirlərini öyrədən müəllimlər üçün qürur qaynağı, başucalığıdır. Bu baxımdan ali məktəblərə qəbul imtahanları onbirillik müəllim əməyinin sınağı, kulminasiya nöqtəsidir.
Hər il olduğu kimi, bu il də doğma diyarımızda çox sayda müəllimə bu hissləri yaşamaq nəsib olub. Məktəblərimiz arasında bir məktəb var ki, onun builki buraxılış sinfi olan XI“b” sinfinin uğurları, zəhmətkeş müəllimləri haqda söz açmağa dəyər. Çünki bu ilin qəbul imtahanlarında həmin sinifdən bircə nəfər də olsun, kənarda qalmayıb. 20 məzunun hamısı tələbə adını qazanıb. Bir nəfər 675 bal olmaqla, 5 nəfər 500-700 intervalında bal toplayıb. Söhbət Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdən gedir.
Bu günlərdə həmin sinfin rəhbəri Sara Əzimovanın şagirdlərinin qazandığı nailiyyət səbəbindən sevincinin həddi-hüdudu yoxdur. Bunu onun hər bir şagirdi haqda böyük həvəslə söhbət açmasından, hər bir şagirdin valideynlərinə zəng edib onları sevinclə təbrik etməsindən də hiss etmək, görmək mümkündür. Elə biz də onun və müəllim yoldaşlarının sevincinə şərik olub, təəssüratlarını öyrənmək istədik:
– Bizim sinfin bütün şagirdlərinin tələbə adını qazanması, bir neçəsinin yüksək nəticələr göstərməsi nəinki mənim və müəllim yoldaşlarımın, ümumilikdə, muxtar respublikada təhsilimizin inkişafı, yüksək intellektə malik gənclərin yetişməsi üçün əlindən gələni əsirgəməyən, yaxşı nəticələr qazanmaq üçün var-qüvvələrini səfərbər edən təhsil işçilərinin uğurudur. Son illərdə yaxşı şəraitdə dərs deməyimiz, uşaqlara bilikləri ən yüksək səviyyədə tədris edə bilməyimiz üçün nə lazımdırsa, edilib. Bunun qarşılığında hər bir müəllim dövlət və cəmiyyət qarşısında öz məsuliyyətini yaxşı başa düşərək şagirdlərinin tələbə adını qazanması, vətənin parlaq gələcəyi və xalqın rifahı naminə çalışmaları üçün əlindən gələni əsirgəmir. Və nəhayət, necə deyərlər, əkdiyimiz fidanlar ilk şirin barını verib, bütün məzunlarımız tələbə adını qazanıb. Ancaq biz bu nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Məzunlardan bir neçəsi daha yüksək nəticələr qazanıb. Nəriman Süleymanov 675, Aysun Hacızadə 581, Aygün Hümbətova 548, Araz Əliyev 539, Nigar Təhməzova 510 bal toplayıb. Çalışacağıq ki, gələcəkdə bütün şagirdlərimiz böyük uğurlara nail olsunlar, Prezident təqaüdünə layiq görülsünlər. Muxtar respublika təhsilinin keçdiyi yola qısa bir nəzər salsaq, görərik ki, 15-20 il bundan öncə hər bir məktəb heç olmasa bir neçə buraxılış sinfindən bir neçə nəfərin ali məktəblərə qəbul olunması üçün çalışırdı. İndi hər bir müəllimin uğur qazanması üçün yüksək şərait yaradılıb. Belə olan halda yaxşı çalışmamaq, şagirdlərin hər biri ilə fərdi qaydada məşğul olmamaq ən azından vicdansızlıq və məsuliyyətsizlik olar.
Bütöv bir sinfin ağır bir yükünü qəbul imtahanlarına qədər çiyinlərində daşıyan riyaziyyat müəllimi Xatın Məmmədova, kimya müəllimi Fatma Allahverdiyeva, biologiya müəllimi Kəmalə Həsənova, ingilis dili müəllimi Afər İbrahimova, tarix müəllimi Səkinə Allahverdiyeva və başqaları da bu günlərdə keçirdikləri sevinc hisslərini bizimlə bölüşdülər, ürək sözlərini dedilər. Onlarla söhbətimizdən belə qənaətə gəldik ki, müəllimlərin hər biri çəkdikləri zəhmətin qarşılığının yüksək dərəcədə olmasından böyük qürur hissi keçirir, gələn il də eyni nəticəni göstərməyə hazırlaşırlar.
Məktəbin direktoru Əli Novruzov isə bildirdi ki, təhsil ocağında müasir təlim metodlarından, elektron lövhələrdən istifadəyə geniş yer verilməsinin belə böyük uğurun qazanılmasında mühüm rolu olub. Müəllimlər belə siniflərdə böyük həvəslə dərs keçərək uşaqları imtahanlara hazırlaşdırıblar. Burada müəllim seçimi də xüsusi diqqətlə aparılıb, hər bir müəllim maksimum şəkildə biliklərin sirlərini uşaqlara öyrətməyə səy göstərib.
Valideynlərdən Vüqar Salmanlı, Vüsalə Kazımbəyli məktəbdə yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, övladlarının gələcəyini əmin əllərə təslim etmələrinin bəhrəsini görməkdən yaxşı nə ola bilər?
Sinif rəhbəri Sara Əzimova deyir ki, o və müəllim yoldaşları bu uğurla kifayətlənməyəcək, qarşıdan gələn tədris ilində daha yaxşı nəticələr qazanmaq üçün səy göstərəcəklər.
Biz isə öz növbəmizdə, bu fədakar müəllim heyətinə yeni-yeni uğurlar arzulayır, nailiyyətlərin davamını diləyirik.
Səbuhi Hüseynov