Bu günlərdə Çex Respublikasının Caritas-Olomouk Sosial İş Kollecinin əməkdaşları Tereza Malokova və Lenka Gaaman Naxçıvan Dövlət Universitetində olublar.
Qonaqlar Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə görüşüblər. Görüşün məqsədi universitetlə tanışlıq, universitetdə Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə fikir mübadiləsi aparmaqdan ibarət olub. Təqdimatla çıxış edən qonaqlar təmsil etdikləri kollecin yaranma tarixindən və inkişaf yolundan, burada tədris prosesinin və tələbələrin asudə vaxtının səmərəli təşkilindən danışıblar.
Bildirilib ki, Caritas-Olomouk Sosial İş Kolleci tələbələrinə xeyriyyə və sosial iş, sosial və humanitar iş proqramlarını təqdim edir.
Vurğulanıb ki, Caritas-Olomouk Sosial İş Kollecində təhsilin üstünlükləri ondan ibarətdir ki, burada müəllim mübadiləsi, tələbələrin xaricdə iş stajı və pedaqoqların beynəlxalq konfranslarda iştirakı, kollecdə xarici qonaqların dərslərinin keçirilməsi işi yüksək peşəkarlıqla təşkil olunur. Tədris müəssisəsi dünyanın dörd qitəsində 40-dan çox ölkənin təşkilatları ilə sıx əməkdaşlıq edir. Kollecin fəaliyyəti beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən Erasmus, Leonardo da Vinci kimi bir sıra layihələrin, həmçinin kiçik qrant layihələrinin və sazişlərin hesabına maliyyələşdirilir.
Nərmin CABBAROVA