23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin inkişafını təhsildə görmüş, insanların savadlanması, gənc­lərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün hər il böyük uğurlarla qarşılanması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuşdur. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkə­sinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqillik illərində bu sahədə daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 11 məktəb binasının tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaratmışdır.
Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Bu günədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə və 3700-dən çox kompüter quraşdırılmışdır.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənc­lər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə cəlbi diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bununla muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və onların təhsil hüquqları təmin edilmişdir.
Muxtar respublikada təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Hər il təhsil yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan ən mühüm addımlardandır. Bu il sentyabrın 6-da keçirilən növbəti təhsil yarmarkasında göndəriş alan 304 gənc kadr ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqdır. Bütün bunlar məktəblərin pedaqoji kadr təminatının yerinə yetirilməsi ilə yanaşı, həm də gənc­lərin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir.
2016-cı ildə ümumtəhsil məktəblərini 3138 məzun bitirmişdir. Məzunların 2469-u ali məktəblərə sənəd vermişdir ki, bu da məktəbi bitirənlərin 78,9 faizini təşkil edir. Sənəd verənlərin 1244-nü və ya 50,4 faizini qızlar, 1225-ni və ya 49,6 faizini isə oğlanlar təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olmuşdur. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizidir.
Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olunmuşdur ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 65 faizini təşkil edir.
Ali təhsil müəssisələrinə qəbulda qızların da sayı artmaqdadır. 2016-cı ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 194 nəfər və ya 57,5 faiz olmuşdur. Ümumilikdə, tələbə adını qazanan məzunların isə 813 nəfəri və ya 53 faizi qızlardır. 2015-2016-cı tədris ilində tələbə adını qazanan məzunlardan 63-ü xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdur. Naxçıvan şəhəri üzrə 90, Şərur rayonu üzrə 56, Babək rayonu üzrə 46, Ordubad rayonu üzrə 45, Culfa rayonu üzrə 35, Şahbuz rayonu üzrə 21, Kəngərli rayonu üzrə 16, Sədərək rayonu üzrə 5, Heydər Əliyev adına tam orta məktəb üzrə 10, Naxçıvan Qızlar Liseyi üzrə 10 və Naxçıvan Qarnizonunun tam orta məktəbi üzrə 4 məzun 500-700 arası bal toplamışdır.
Abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. 2016-cı ildə 998 məzun ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrini seçmişdir. Onlardan 655-i Naxçıvan Dövlət Universitetinə, 142-si “Naxçıvan” Universitetinə, 201-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunmuşdur. 27 məzun qızıl və gümüş medallara layiq görülmüşdür. Qəbul imtahanlarında həmin məzunlardan 12-si 600-650, 15-i isə 650-700 arası bal toplamışdır.Yüksək bal toplayan abituriyentlərdən 178-i Naxçıvan Dövlət Universitetinə, 15-i Bakı Dövlət Universitetinə, 26-sı Azərbaycan Tibb Universitetinə, 23-ü Azərbaycan Dövlət İqtisad Universitetinə, 22-si Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 20-si Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 5-i ADA Universitetinə, 5-i Bakı Ali Neft Məktəbinə qəbul olunmuşdur.
Artıq muxtar respublikamızda Bilik Günü yüksək əhval-ruhiyyə ilə qeyd olunur, əlamətdar gündə təhsil ocaqları öz qapılarını ölkəmizin daha da qüdrətlənməsi naminə çalışmaq arzusunda olan, bu arzunu gerçəkləşdirmək üçün elm və bilik öyrənməyə tələsən şagird və tələbələrin üzünə açır. Hər ötən təhsil ilini yeni-yeni uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan – Bilik Günündən qoyurlar. Bu gün bilik məbədlərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi övladını ilk dəfə məktəbə göndərən hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. Bu inamın, əminliyin qazanılması üçün böyük zəhmətlər çəkilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR