Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev çıxış edərək oyunun keçirilməsi və qaydaları haqqında geniş məlumat veriblər, iştirakçılara uğurlar arzulayıblar.
8 komandada 5 nəfərin iştirak etdiyi oyun 2 mərhələ və 1 finaldan ibarət olub. Yekun nəticəyə əsasən, “Zirvə”, “Savalan”, “Odlar yurdu” və “Aypara” komandaları finala vəsiqə qazanıblar. Finalda isə “Odlar yurdu” komandası qalib gəlib. “Zirvə” komandası ikinci, “Savalan” komandası isə üçüncü yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən fəxri fərman, diplom və kuboklarla mükafatlandırılıblar.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və bacarıqlarını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Ceyhun Məmmədov