Qədim diyarımızda fəaliyyət göstərən məktəblər iki amilin vəhdətində ilbəil uğurlarının sayını artırmaqla təhsilin inkişafına öz töhfələrini verirlər. Bu yazımızda builki qəbul imtahanlarında yüksək nəticələr qazanan Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin bir sinfindən bəhs edəcəyik. Azərbaycan dili və ədəbiyyat müəllimi Nurtəkin Əliyevanın sinif rəhbəri olduğu XIA sinfindən 22 məzundan 21-i tələbə adını qazanıb. Abituriyentlərdən 12 nəfəri 500-700 intervalında, onlardan 4-ü isə 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərən gənclərimizi oxucularımızla yaxından tanış edirik:
Toğrul ƏLİYEV: – Tələbə adını qazanmağın sevincini yaşayıram. Həm də ona görə sevincliyəm ki, istədiyim ixtisasa qəbul olunmuşam. Qazandığım uğurun arxasında çox səbəblər dayanır. Yaxşı məktəbdə təhsil aldıq. Fənn olimpiadalarında fəal iştirak edirdim. Elə ötən il Azərbaycan dili fənni üzrə fənn olimpiadasında birinci yerin sahibi oldum və qızıl medal qazandım. Arzum hüquqşünas olmaq idi. Qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul oldum. Akademiyanı da yüksək qiymətlərlə başa vurmaq istəyirəm. Bunun üçün də üzərimdə ciddi çalışmalıyam. Gələcəkdə arzum beynəlxalq hakim olmaqdır. Bu arzuma çatacağıma inanıram.
İsmayıl MƏMMƏDOV: – Mən 682 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat ixtisasına daxil olmuşam. Müəllimlərimin və valideynlərimin ümidlərini doğrultduğuma görə sevincimin həddi-hüdudu yoxdur. Hər sınaq imtahanından sonra həm valideynlərim, həm müəllimlərim nəticələri müzakirə edirdi. Çalışırdım ki, hər sınaqdan sınağa balımı yüksəldim. Zəhmətim hədər getmədi. Növbəti ilin abituriyentlərinə məsləhətim budur ki, ali məktəblərə qəbul olunmaq üçün ciddi çalışsınlar. Tələbə adını qazandığım üçün mənə on bir il dərs deyən müəllimlərimə minnətdaram. Ali təhsil alacağım illərdə də onların etimadını doğrultmağa çalışacağam.
Azər HÜSEYNOV: – Qarşıma məqsəd qoymuşdum: 600 balı keçməliyəm. İmtahana girərkən həyəcanlı idim. Ancaq sual kitabçasındakı suallara ötəri nəzər yetirdikdən sonra həyəcanım keçdi və 600-dən yuxarı bal toplayacağıma isə elə imtahanda əmin oldum. Artıq Azərbaycan Diplomatik Akademiyasının Biznesin idarə olunması ixtisasının tələbəsiyəm. Bu uğuruma görə dövlətimizə, müəllimlərimə və valideynlərimə minnətdaram. Bitirdiyim təhsil ocağındakı fənn kabinələri, işıqlı dərs otaqları, zəngin kitabxana hər bir şagirdin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açıb. Biz şagird olduğumuz illər ərzində üzərimizdə hər zaman qayğı, yaxşı oxumağımız, bilik sahibi olmağımız üçün diqqət hiss etmişik. Bunların müqabilində çox çalışmalı, yaxşı oxumalı, ümidləri doğrultmalı olduğumuzu unutmuruq. Qarşıda bizi daha məsuliyyətli tələbəlik illəri gözləyir. Seçdiyim ixtisasa dərindən yiyələnmək üçün ciddi çalışacağam.
Zəkiyyə ƏLİYEVA: – Mən 608 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Əvvəlcə onu deyim ki, əgər tələbə adını qazanmaq, gələcəkdə öz xalqına və dövlətinə layiq vətəndaş kimi yetişmək istəyirsənsə, təbii ki, çox oxuyub, çox öyrənməlisən. Tələbə adını qazanmağımda məktəbimizdə yüksək tədris üçün yaradılan şərait əsas amildir. Onu da dərk edirəm ki, yaxşı tələbə olmaq üçün çox çalışmalıyam. İnanıram ki, təhsilimi uğurla başa vuracaq, savadlı kadr kimi Azərbaycanın inkişafına töhfə verməyə çalışacağam.
Bir sinfin məzunlarının ürək sözlərini qələmə alarkən bir anlığa muxtar respublikada bu strateji sahənin inkişafına göstərilən qayğını göz önünə gətirdim. Hamımız təsdiq edərik ki, belə qayğı paytaxt şəhərimizlə yanaşı, ən ucqar dağ kəndlərini də əhatə edir. Qalır ki, bu qayğıdan yetərincə bəhrələnəsən. Yüksək uğurlara məhz onda nail olmaq mümkündür. Bunun bariz nümunəsini Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin timsalında görmək olar.
Sara Əzimova