“Naxçıvan” Universitetində “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günündə müxtəlif ölkələrdən gələn elm adamları universitetin Tarix müəllimliyi ixtisasının tələbələrinə ustad dərsləri keçiblər.
Ustad dərslərində ilk əvvəl Qazaxıstan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun professoru Erbulat Smaqulov “İpək Yolu üzərində yerləşən ölkələrin tarixi, arxeoloji abidələri” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, Böyük İpək Yolu adlanan və tarixən ölkələr, xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu yolun keçdiyi ərazilərdən biri də Şərqlə Qərb arasında mühüm məntəqə sayılan, Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət, sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlaqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçib.
Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm coğrafi strateji mövqedə yerləşən ərazidir. O da vurğulanıb ki, Naxçıvan blokadada olmasına baxmayaraq, möhtəşəm inkişafa nail olub. Bu qədim diyarın böyük turizm potensialı, qədim tarixi abidələri Naxçıvana olan marağı artırıb.
Erbulat Smaqulov daha sonra Qazaxıstanda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi abidələr və hazırda araşdırması davam etdirilən işlər barədə də tələbələrə məlumat verib.
Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin dil və üslub xüsusiyyətləri”, Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulutun “Türkiyə iqtisadiyyatının tarixi barədə” mövzularında keçdikləri ustad dərsləri tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Nuray ƏSGƏROVA