23 Dekabr 2024, Bazar ertəsi

1930-cu ilin dekabr ayında yaradılan Şahbuz rayonunun tarixinə nəzər salarkən burada həmin tarixdən 34 il əvvəl yaranmış məktəbin məzunları olan maarifpərvər ziyalıların hərtərəfli fəaliyyəti diqqəti cəlb edir. Həmin məktəbin yetirmələri xalq təsərrüfatının bütün sahələrində fəallıq göstərmişlər. Arxiv materialları ilə tanış olarkən məndə belə bir təəssürat yarandı ki, Şahbuzun bir rayon kimi yaradılmasında ilk təhsil ocağımız Şahbuzkənd məktəbinin ziyalıları böyük təşəbbüskarlıq göstərmişlər. Elə bu baxımdan 119 yaşlı məktəbin yaradıcıları və onun tarixi haqqında danışmağa dəyər. Tarixi mənbələrə əsasən demək olar ki, 1896-cı ildə Naxçıvan qəzasının Şahbuz uyezdində açılmış ilk ikisinifli rus-tatar məktəbi bölgədə uzun müddət yeganə təhsil ocağı olmuşdur.

Məktəb uzun və tarixi bir yol keçmiş, öz ənənələrini yaratmışdır. Xalq şairi Məmməd Araz, dilçi-alim Firudin Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artisti Yaşar Səfərov, tibb elmləri doktoru Şəmsi Əsədov və başqa ziyalılarımız bu məktəbdə təhsil almış, gələcək həyat yollarını elm nuru ilə işıqlandırmışlar.

Tarixi mənbələrdə göstərilir ki, Şahbuzkənd məktəbinin ilk nəzarətçi-müdiri Məmməd Zamanbəyov olmuşdur. Həmin vaxt ikisinifli rus-tatar məktəbində 34 şagird təhsil almışdır. Məktəb binasının olmadığı ilk vaxtlarda dərslər Naxçıvan xanlarının bu kənddəki yaşayış evlərində keçirilmişdir. Sonralar əslən Şahbuzkənddən olan Səttar xan öz torpaq sahəsindən bir qədər ayıraraq məktəb binasının tikilməsi üçün vermiş və imkanlı şəxslər yeni məktəb binası tikdirmişlər. Elə buna görə sonrakı illərdə şagirdlərin sayı artaraq 50-yə çatmışdır. Həmin illərdə Zərifə xanım Kəngərlinski və Zəhra Seyidovanın da bu məktəbin məzunu olması onu göstərir ki, burada qızlar da təhsil almışlar.
Bu təhsil ocağı 1937-1938-ci tədris ilində artıq orta məktəb kimi fəaliyyət göstərmişdir. XX əsrdə isə rayonda bir çox yeni məktəblər açılmışdır. Kəndlərdə məktəblər açılsa da, elmə, təhsilə maraq göstərən gənclərin sayı artsa da, bu yaşayış məntəqələrinə dövlət səviyyəsində qayğı göstərilmədiyindən məktəb yararsız binalarda fəaliyyət göstərmişdir. Yaşlı kənd sakinləri o dövrdə kəndlərdə at-ulaq yolundan başqa, bir də insanların yaratdıqları məhəllə yollarının nə qədər bərbad vəziyyətdə olduğunu acı xatirələrlə yada salırlar. 1930-cu ildə rayon statusu alan Şahbuzun, demək olar ki, bütün kəndləri öz miskin görkəmi ilə sanki bir-birinin təkrarı idi. Heç bir xidmət təşkilatının fəaliyyəti hiss olunmayan kəndlərdəki vəziyyətlə rayonun mərkəzi sayılan Şahbuz qəsəbəsindəki vəziyyət bir-birindən fərqlənmirdi. Çox uzaq keçmiş olmadığına görə, yəqin ki, oxucularımız da bu fikirlərin sübuta ehtiyacı olmadığını qəbul edərlər. Məlum məsələdir ki, nəinki Şahbuz, muxtar respublikanın bütün bölgələrində eyni ab-hava olmuşdur. Çünki Sovet hakimiyyəti illərində bütün başqa sahələrdə olduğu kimi, məktəblərə dövlət səviyyəsində lazımi qayğı göstərilmədiyindən, demək olar ki, bütün məktəb binaları illər keçdikcə yararsız vəziyyətə düşmüşdür. Buna baxmayaraq, məktəblər uzun illər istismar müddəti çoxdan başa çatmış köhnə binalarda fəaliyyətini davam etdirmişdir. Müəllim və şagirdlər, əsasən, payız-qış mövsümündə çətinliklərlə üz-üzə qalmışlar. O vaxt nə çarə tapan, nə də çarə axtaran olmadığından bu problem ilbəil dərinləşmiş və təhsilin keyfiyyətinə mənfi təsir göstərmişdir.
1970-ci ildən etibarən ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inqilabi yeniliklər dövrü başlanmışdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə dövlətimizin gələcək inkişafında böyük rolu olan ziyalılar ordusunun yaranması və kadrların hazırlanması məqsədilə yeni təhsil strategiyasının tətbiqi əsas məsələyə çevrilmişdi. Ötən əsrin 70-80-ci illəri ölkəmizin bütün yaşayış məntəqələrində yeni məktəblərin açılışı ilə yanaşı, təhsilin hərtərəfli inkişafı məqsədilə zəruri islahatların həyata keçirilməsi tarixi kimi də yadda qalmışdır. Həmin illərdə Şahbuz rayonunda da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilmişdir. Rayonun Nursu, Kükü, Kolanı, Mahmudoba və başqa kəndlərində yeni məktəb binalarının tikintisi, bir sıra məktəb binalarının təmiri həyata keçirilmişdir. Bununla yanaşı, təhsilin keyfiyyətinə önəmli təsir göstərən zəruri islahatların reallaşdırılması da təhsilə marağı gücləndirmişdir. Həmin illərdə yüzlərlə şahbuzlu gənc Azərbaycanın və Rusiyanın qabaqcıl ali məktəblərində təhsil almışdır.
İllər ötdü, tarixin sərt sınağından alnıaçıq çıxdıq. Azadlıq eşqi ilə ayağa qalxan xalqımızın üz-üzə qaldığı faciələrin yaratdığı xaos zamanında Tanrı ulu öndər Heydər Əliyevi Naxçıvana xilaskar göndərdi. Naxçıvanda fəaliyyət göstərdiyi ən çətin zamanlarda həmişə ümummilli liderimizin yanında olan ziyalılarımız Onun məramının, məqsədinin yerinə yetirilməsində əllərindən gələni etdilər. Bütün bunlar Şahbuzun da bu günə kimi düşməndən qorunmasına, sərhədlərinin möhkəmlənməsinə və beləcə, qərinələri yola salmış yurd yerimizin hərtərəfli inkişafına səbəb oldu.
Ulu öndərin yolunun uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada təhsilə xüsusi qayğı göstərilməsinin nəticəsidir ki, bir neçə ildir, Şahbuz kimi ucqar bir dağ rayonunun bu sahədə qazandığı uğurlar ölkə səviyyəsində qiymətləndirilir və əldə olunan uğurlar əks-səda doğurur. Təkcə 2014-2015-ci tədris ilində Şahbuz rayonunun məktəblərini 179 şagird bitirmiş, onlardan 92 nəfəri ali məktəblərə qəbul olunmuş, 25 abituriyent 500-700 intervalında bal toplamışdır. Şahbuz rayon məktəblərinin məzunlarının qəbul imtahanlarında topladıqları orta bal göstəriciləri respublika üzrə orta göstəricidən 8 faiz yuxarı olmuşdur.
Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin əsas qolunu təşkil edən məktəb binalarının tikintisində perspektivin nəzərə alınması, sözsüz ki, gələcəkdə kəndlərdə bu sahədə hansısa bir problemin olma­masına təminat yaradır. Əgər hansısa bir kənddə məktəb tikintisi aparılırsa, burada həmin yaşayış məskəninin 30-40 il bundan sonrakı inkişafı da nəzərə alınır. Hazırda 60-70 şagirdin oxuduğu məktəb üçün 110-120 yerlik bina inşa olunursa, bu, əlbəttə ki, o məktəbin bir neçə il sonrakı fəaliyyətinə hesablanmışdır. Məktəb binalarında fənn kabinələrinin, laboratoriyaların, idman zallarının, gözoxşayan sinif otaqlarının yaradılması, məktəblərin kompüterlərlə təmin olunması şagirdlərin mükəmməl təhsil almasına xidmət edir. Yaşadığımız dövrün gətirdiyi yeniliklər sayəsində bugünkü şagird, sözsüz ki, dünənkindən öz dünyagörüşü, intellekt səviyyəsi, maraq dairəsi və tələbatı ilə kəskin fərqlənir.
Şahbuz rayonunun 23 yaşayış məntəqəsində olan məktəblərdən 21-i bu gün müasir binalarda fəaliyyət göstərir. Bu təhsil ocaqlarının güclü maddi-texniki bazasının olması məktəblilərin hərtərəfli inkişafına təminat verir. Rayonda olan 6 məktəbdənkənar müəssisə üçün də yaraşıqlı və texniki təchizatı yüksək səviyyədə olan binalar inşa edilərək istifadəyə verilmişdir. Qocaman təhsil ocaqlarının məzunlarının nəvələri, nəticələri olan bugünkü şagirdlər əgər öz atalarından, babalarından məktəb illərinin acı xatirələrini eşidib təəssüflənirlərsə, gələcək nəsillər bugünkü şagirdlərə göstərilən böyük qayğının təməlində nə qədər möhtəşəm bir vətən sevgisinin durduğunu söyləyəcəklər.
Yazımın əvvəlində 2016-cı ildə 120 yaşı tamam olacaq məktəbdən, bu məktəbin şagirdlərinin, müəllimlərinin çəkdiyi əziyyətdən söhbət açdım. Şahbuz rayonunun 120 yaşı qeyd olunanda bu günümüz haqqında danışanlar inkişafdan, uğurlardan bəhs edəcəklər. Ona görə ki, yeni inkişaf mərhələsinin tələblərinə cavab verən və sistemli şəkildə aparılan islahatlar ilbəil öz bəhrəsini verərək yurd yerlərimizə yeniliklər gətirməklə yeni bir tarix yazmışdır. Muxtar respublikanı yeni bir məkana çevirən islahatların həyata keçirilməsi nəticəsində 85 yaşlı Şahbuz rayonunun da siması tamamilə dəyişmişdir.
Yeni infrastruktur sahəsi olan kənd mərkəzlərinin yaradılması, xidmət təşkilatlarının işinin günün tələbləri səviyyəsində qurulması, yeni yolların, körpülərin, səkilərin salınması, təmizliyin, səliqə-sahmanın göz oxşaması, istehsal müəssisələrinin yaradılması, yerli məhsulların istehsalının artırılması, yaşıllıq sahələrinin genişləndirilməsi rayonun bundan sonrakı inkişafına və intibahına yol açmışdır. Hələ 2007-ci ildə Şahbuz qəsəbəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhər statusunun verilməsi də rayonun yeni inkişaf dövrünə qədəm qoymasına stimul yaratdı. Quruculuq prosesinin tədricən ucqarlara doğru yayılması kəndlərimizin yeniləşməsinə və bugünkü inkişafına səbəb oldu.
Bunun nəticəsidir ki, indi artıq Ağbulaq, Biçənək, Aşağı Qışlaq kimi gözəlliyi gözoxşayan kəndlərimiz muxtar respublika üzrə keçirilən abad kənd müsabiqəsinin qalibi olmuşlar. Bütün bunlar deməyə əsas verir ki, 85 yaşlı rayonda son 20 ildə qurulanlar, yaradılanlar böyük vətən sevgisinin və göstərilən qayğının nəticələridir. 1930-cu ildə yaranan rayonun 1970-ci ilə kimi inkişaf tarixinə nəzər salarkən, ürək­açan heç bir fakta rast gəlinmir. Amma əsası ötən əsrin 70-ci illərində qoyulan inkişafın müstəqillik illərində davam etdirilməsi bugünkü tərəqqiyə səbəb olmuşdur.
Bu gün ən xoşbəxt günlərimizi yaşayırıq. İndi muxtar respublikamız öz gözəlliyi ilə ölkəmizin qolları üstə bir gül çələngini xatırladırsa, Şahbuz rayonu da o çələngin bir hissəsidir. Şahbuz rayonu indi gülüstanı xatırladır. Dağlar qoynundakı rayon bağlar qoynunda bir gözəllik məskəni kimi yolçunu yoldan eyləyir.

Son söz əvəzi: Müdriklərdən biri deyib ki, cəmiyyət yaranışından dahilərin, böyük şəxsiyyətlərin, ürəyində vətən sevgisi olan insanların çiyinləri üzərində dayanmışdır. Bir budağın sınması da, bir insanın faciəsi də onların qəlbini kövrəltmişdir. Ömrü boyu onlar bir ürəkdən, iki əldən hamıya pay vermişlər. Şahbuz rayonunun sakinləri müstəqillik illərində bunun şahidi oldu. İnanırıq ki, bundan sonra da yaşayacağımız illərdə məktəblərin və rayonun nailiyyətləri, uğurları daha da artacaq. 

Şəhla Nəbiyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR