23 Dekabr 2024, Bazar ertəsi

Biliyə gedən yol əməli fəaliyyətdən keçir. Bu fikirdə böyük məna yükü var. Əməli fəaliyyətində təhsilin inkişafı naminə çalışan hər kəs bu sahədə yaradılan sağlam körpünün “mühəndisi” kimi tanınır. Naxçıvan Muxtar Respublikasının timsalında bu həqiqəti bütün dolğunluğu ilə görmək mümkündür. Onu deyim ki, şəhər və rayonlar arasında sağlam rəqabət mövcuddur. Hər qəbul imtahanında muxtar respublikanın məzunları yüksək nəticə göstərmək uğrunda mübarizə aparırlar. Qeyd edim ki, Naxçıvan şəhərinin ümumtəhsil məktəbləri uğurlarına görə ön sıralarda yer tutub. Qazanılan nailiyyətlər  Naxçıvan şəhərində son 15 il ərzində 16 məktəb binasının tikilməsi və ya yenidən qurulması, lazımi avadanlıqlarla təmin olunmasının bəhrəsidir. İllər öncə dəftər-kitab tapa bilməyən şagird indi hər cür şəraiti olan məktəbdə təhsil alır. 

2015-ci ildə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 tam orta məktəbi bitirən 588 məzunun 534 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün sənəd verib, onlardan 365 nəfəri ali məktəblərə, 55 nəfəri isə müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub. 2014-2015-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 7 nəfərdən 5-nin Naxçıvan şəhərinin məktəblərindən olması müəllim əməyinin bəhrəsi, təhsildəki keyfiyyətin göstəricisidir.

Bu il tələbə adını qazanmış məzunlardan 47 nəfəri 500-600, 15 nəfəri 600-650, 12 nəfəri isə 650-700 intervalında olmaqla, ümumilikdə, 74 abituriyent 500-700 intervalında bal toplayıb. 17 tam orta məktəbdən 14 tam orta məktəb ali məktəbə qəbulda 50 faizdən yuxarı nəticə göstərib. Həmin məktəblərdən biri Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdir. Qeyd edək ki, bu məktəb üçün müasir bina tikilib. Məktəb kollektivinin uzun müddət yaddaşında yaşayacaq hadisə isə məktəbin binasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilməsidir.
Yeni təhsil ocağı istifadəyə verildikdən sonra məktəbin fəaliyyətində mühüm dönüş yaranıb. Bu səbəbdən məktəbin ali məktəblərə qəbulunun nəticələri yüksələn xətlə artmaqdadır. Son 3 ilə nəzər yetirək. 2012-2013-cü tədris ilində məktəbin məzunlarının 82 faizi ali məktəblərə qəbul olmuşdusa, 2013-2014-cü tədris ilində bu rəqəm 91,75 faiz təşkil edib. Qeyd edim ki, qəbul faizi 1994-1995-ci tədris ilində 39 faiz olub. Məktəb bu il də uğurlarını təkrarlayıb. Məktəbi 39 nəfər bitirib, 34 nəfər ali məktəbə, 3 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. 4 nəfər 500-700 intervalında nəticə göstərib. Məktəbin məzunu İmamverdi Həsənov 687 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. İmamverdi hazırda Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasının tələbəsidir.
Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Məktəbin məzunlarından bir nəfər Sərhəd Qoşunları Akademiyasına, 1 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Hazırda məktəbdə 530 şagirdin təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Məhz qazanılan uğurlarda müəllimlərin də əməyi danılmazdır. Məktəbdə dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bir məsələni də qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənc­lər kimi yetişmələrinə ciddi önəm verirlər.
2010-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin də qəbuldakı nəticələləri ürəkaçandır. Belə ki, 2014-2015-ci tədris ilində məktəbi 51 nəfər bitirib, 40 nəfər ali məktəblərə, 6 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Məzunlardan Bətulə Əlizadə 687 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Riyaziyyat-informatika müəllimliyi ixtisasına qəbul olunub. Yüksək nəticə göstərdiyinə görə o, Prezident təqaüdünə layiq görülüb. Məktəbin direktoru Əsmər Xəlilova deyir ki, əgər muxtar respublikamızda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik. O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin uğurlarından da geniş danışmaq olar. Zəngin təhsil ənənələrinə malik olan məktəbdə 892 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 126 müəllim məşğul olur. Bu tədris ocağı 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumi təhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin binası 2011-ci ildə yenidənqurma işlərindən sonra istifadəyə verilib. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilib, 3 kompüter otağında 57 kompüter dəsti quraşdırılıb, onların internetə çıxışı təmin edilib. Təhsil ocağında həm də 4 elektron lövhəli sinif var. Elektron lövhədə şagirdlər müxtəlif fənlərə aid dərsləri əyani şəkildə öyrənirlər. Kompüterdən istifadə edərək müxtəlif test tapşırıqları elektron lövhə vasitəsilə şagirdlərə mənimsədilir. Elektron lövhədə mətnlərlə yanaşı, şəkillərin və videomaterialların da göstərilməsi şagirdlərin keçilən dərsi daha yaxşı qavramalarına imkan verir. Təhsil ocağının laboratoriyaları zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə geniş imkanlar açır. Məktəbdə yaradılan şəraitdən lazımınca bəhrələnib qazanılan uğurları son hədd hesab etməyən pedaqoji kollektiv daha yüksək nailiyyətlərə imza atmaq əzmi ilə çalışır. Bu baxımdan 2014-2015-ci tədris ilinin nəticələri də diqqət çəkir. Ali məktəblərə sənəd verən 72 nəfər məzundan 59 nəfər tələbə adını qazanıb. Onlardan 10 nəfəri 500-700 intervalında bal toplayıb. Məzunlardan Hüseyn Nəcəfov 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Bütün bunlar məktəbdə şagirdlərin hərtərəfli inkişafı üçün yaradılan şərait hesabınadır.
Son olaraq Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin uğurları ilə oxucularımızı tanış edək. Qeyd edim ki, uzun illərdir, məktəb yararsız binada fəaliyyət göstərirdi. 2014-cü ilin fevral ayında bu məktəb də müasir təhsil müəssisələrinin sırasına qoşulub. Yeni bina və yaradılan hərtərəfli şərait məktəbin müəllim və şagird kollektivi üçün əvəzsiz töhfə olmaqla yanaşı, onlar qarşısında yeni vəzifələr də qoyub. Yeni məktəbin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Təhsilin inkişafı ölkənin inkişafı və gələcəyi deməkdir. Bu mənada hər bir xalqın gələcəyi məktəblərdə yetişən gənclikdən asılıdır. Təhsilin müasir tələblər səviyyəsində təşkili, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma və tələbkarlıq üzərində qurulması, gənclərə xalqımızın milli dəyərlərinin öyrədilməsi isə sağlam cəmiyyətin formalaşmasına xidmət edir”. Bu tövsiyəni əldə rəhbər tutan məktəbin pedaqoji kollektivi qısa bir zamanda bir çox uğurlara imza atıb. Elə götürək 2014-2015-ci tədris ilini. Ali məktəblərə sənəd verən 29 nəfərdən 18 nəfəri ali məktəblərə, 7 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. 5 nəfər 500-700 intervalında bal toplayıb. Məzunlardan Kərim Nəcəfov 680 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. 5 nəfər isə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir.
Görkəmli diplomat və ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinski yazırdı: “Yüksək təhsilə, mədəniyyətə və elmi gücə malik olanlar həmişə qalib gəlirlər”. Naxçıvan şəhər məktəblərinin uğurları barədə kiçik qeydlərimizi qələmə alarkən bir anlığa muxtar respublikada bu strateji sahənin inkişafına göstərilən qayğını göz önünə gətirdim. Hamımız təsdiq edərik ki, belə qayğı paytaxt şəhərimizlə yanaşı, regionun ən ucqar dağ kəndlərini də əhatə edir. Qalır ki, bu qayğıdan yetərincə bəhrələnəsən. Yüksək uğurlara məhz onda nail olmaq mümkündür. Bunun bariz nümunəsi Naxçıvan şəhər məktəbləridir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR