Naxçıvan Dövlət Universitetində ənənəvi olaraq müxtəlif səpkili seminarlar keçirilir. Ali təhsil ocağının müəllimlərinin, doktorant və dissertantlarının, magistrantlarının iştirak etdiyi növbəti seminar “Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi məqalələrin hazırlanmasına qoyulan beynəlxalq tələblər və etik problemlər” mövzusuna həsr olunmuşdu. Seminarda elmi məqalənin yazılması qaydaları, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq, beynəlxalq standartlara uyğunlaşma və digər bu kimi məsələlərə aydınlıq gətirilib.
Seminarı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsinin başlıca məqsədi elmin davamlı inkişafına, alimlərimizin elmi nəticələrinin dünya miqyasında tanıdılmasına nail olmaqdır. Bu, elmdə ilk addımlarını atan gənclər, elmi-tədqiqat işlərinə başlamış magistrant, doktorant və dissertantlar üçün böyük əhəmiyyətə malikdir. Vurğulanıb ki, elmi məqalə hər bir alimin müvəffəqiyyəti deməkdir. Elmi məqaləni lazımi səviyyədə yazmaq bacarığı elm sahəsində irəliləyən gənclərin gələcəkdə alim kimi formalaşmasına və yüksək uğurlar qazanmasına çox kömək edir.
Seminarda Türkiyənin Qars Qafqaz Universitetinin Cərrahiyyə kafedrasının professoru, universitetin Baytarlıq fakültəsi jurnalının baş redaktoru İsa Özaydın mövzu ilə bağlı məruzəsində məqalə hazırlanarkən sadə dil üslubundan istifadə edilməsi, məntiqi ardıcıllıq, qrammatik qaydalara riayət, tədqiqatın məqsədinin, cədvəl və rəqəmlərin məntiqli, dəqiq və aydın şəkildə təqdim edilməsi, daha çox sadə cümlələrə üstünlük verilməsinin məqalələrin asan qavranılması, onların daha oxunaqlı olması baxımından vacib şərtlərdən olduğunu bildirib.
Sonra məruzəçi universitet əməkdaşlarının ona ünvanlanan suallarını cavablandırıb.
Məlumat üçün qeyd edək ki, professor İsa Özaydın bir həftə müddətində Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisasının tələbələrinə cərrahiyyə dərslərini keçmək və onlarla birgə cərrahi əməliyyatlar aparmaq üçün dəvət olunub.
Mina QASIMOVA