Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun şəhər birinciliyi keçirilib. Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açaraq bildirib ki, intellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
8 komandanın iştirak etdiyi intellektual oyun 2 mərhələ və final mərhələsindən, hər mərhələ isə beş raunddan ibarət olub. Gərgin keçən mübarizə nəticəsində “Nuh yurdu” komandası birinci yerə layiq görülüb. “Əlincə” komandası ikinci, “Nuh diyarı” komandası isə üçüncü olub.
Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar. Məlumat üçün qeyd edək ki, “Nuh yurdu” komandası Naxçıvan Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.
Ceyhun Məmmədov