Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsində hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirib.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxış edərək Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada tibb təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışıb, NDU-nun Tibb fakültəsində təhsil alan tələbələr üçün hər cür şərait yaradıldığını bildirib.
Prorektor tibbi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu ildə ali təhsil müəssisəsində Tibb fakültəsinin yaradıldığını, hazırda ən yeni tibbi avadanlıqlarla təchiz edilən Universitet Xəstəxanasının uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası muxtar respublika səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün yüksəkixtisaslı həkim kadrlarının hazırlanması işi Səhiyyə Nazirliyinin qarşısında duran vacib məsələlərdəndir. Bu mənada, muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində tibb təhsili alanların praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzdə universitetin Stomatologiya ixtisasında təhsil alan tələbələrə protez hazırlamaları üçün alətlər verilib, onların sərbəst işləmələri üçün hər cür şərait yaradılıb.
Səhiyyə nazirinin müavini səhiyyənin ümumi inkişafına da nəzər salaraq bildirib ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada uğurla davam etdirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilib. İnsanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə bu gün muxtar respublikada mühüm işlər görülür. Bütün bunlarla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə onlar çoxsaylı seminarlarda, konfranslarda iştirak edir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilirlər. Bütün bunların nəticəsidir ki, muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar. Əhalinin sağlamlığının etibarlı qorunması da məhz bu inkişafın hesabına mümkün olur.
Sonda bir sıra təkliflər irəli sürülüb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mina QASIMOVA