Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təmin olunması bu sahədə yeni uğurlara imza atılmasında başlıca amillərdən biridir. Bu tədbir təhsilin keyfiyyətcə daha da yaxşılaşmasına müsbət təsir göstərir, bu məqsədlə hər il təhsil yarmarkaları təşkil olunur. Keçirilən yarmarkalarda təyinat alan yüzlərlə gənc müəllim muxtar respublikanın ucqar dağ kəndlərində, sərhəd yaşayış məntəqələrində pedaqoji fəaliyyətə başlayır. Maraqlı cəhət orasıdır ki, bu müəllimlərin içində Azərbaycanın digər bölgələrindən olan gənclərimizin də sayı az deyil.
Ordubad rayonunun ucqar dağ kəndlərinə təhsil yarmarkası vasitəsilə göndəriş alan Azərbaycanın digər bölgələrindən olan müəllimlərlə görüşmək, onlara yaradılan şəraitlə tanış olmaq üçün Dırnıs kəndinə üz tutduq.
Gədəbəydə doğulan Malik və Müşviq Məmmədovlar əmioğludurlar. Onlar orta təhsillərini bir yerdə alıblar, eyni ildə “Naxçıvan” Universitetinə daxil olublar. 2013-cü ildə universiteti bitirdikdən sonra ordu sıralarında xidməti borclarını yerinə yetiriblər. Hərbi xidməti başa vurduqdan sonra gələcək həyatlarını Naxçıvanda qurmağa qərar veriblər. 2015-ci ilin sentyabr ayında Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında hər iki gənc təyinatını Ordubad rayonunun Dırnıs kənd tam orta məktəbinə alıb.
Məktəb direktoru Əmiraslan Fərəcovun sözlərinə görə, gənc müəllimlər hər bir şəraiti olan evlə təmin ediliblər.
Müşviq Məmmədov Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Naxçıvanı çox sevdiyini bildirən gənc müəllim muxtar respublikadakı sabitliyə, inkişafa və onlara yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Əmioğlusu Malik də Müşviqlə eyni fikirdədir.
2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən, Ordubad rayonunun Kələki kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədli isə sumqayıtlıdır. “Naxçıvan torpağında doğulmuşam. Ailəmlə birgə mən uşaq olanda Sumqayıta köçdük. Bakı Dövlət Universitetinin məzunuyam. Universiteti bitirdikdən sonra Naxçıvana gəldim. Sanki bu torpaq məni özünə çəkirdi. Ailəm yenə də Sumqayıtda yaşayır”.
Bakı şəhərinin Xətai rayonunda doğulan Rauf İmanəliyev Naxçıvan Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasını bitirib. Rauf Naxçıvanda yaşamağa qərar verib və müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət edib. Ordubad rayonunun Nürgüt kənd tam orta məktəbinə göndəriş alan gənc müəllim bir müddət sonra bu kənddə ailə qurub. Rauf artıq iki ildir ki, burada çalışır.
Adim Yusifov da “Naxçıvan” Universitetinin məzunudur. Universiteti bitirdikdən sonra yaşadığı Gəncə şəhərinə qayıdan Adim Gəncə Dövlət Universitetinin Fizika ixtisasını bitirən Gülşən Yusifova ilə ailə həyatı qurur. Yenicə ailə qurmuş gənclər Naxçıvana gəlir və iş üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət edirlər. Müraciətləri dəyərləndirilən gənc ailə Ordubad rayon Xurs kənd tam orta məktəbinə təyinat alır. Adim deyir ki, muxtar respublikada həyat şəraitinin yüksək olması, gənc ailələrə diqqət və qayğı onları burada yaşamağa həvəsləndirib.
Həmsöhbət olduğumuz digər müəllimlər də Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına, bu sahədə çalışanlara yüksək şərait yaradıldığını bildirdilər. Yurdumuzun təbii gözəlliklərindən, naxçıvanlıların qonaqpərvərliklərindən, səmimiyyətlərindən razılıqla danışdılar. Belə bir diyarda yaşamaq və işləməkdən böyük qürur duyduqlarını dilə gətirdilər. Biz də onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Arzu Abdullayev