Oktyabrın 17-də “Naxçıvan” Universitetində bu ali təhsil ocağının, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Türkiyənin Ərdahan Universitetinin təşkilatçılığı ilə keçirilən “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi olub.
“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev beynəlxalq konfransın çox aktual bir məsələyə həsr olunduğunu bildirib. Qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. İpək Yolunun Naxçıvanın digər ölkələrlə mədəni-iqtisadi əlaqələrinin inkişafında rolundan bəhs edən Elbrus İsayev vurğulayıb ki, bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.
Konfransın gedişi barədə ümumi məlumat verən Elbrus İsayev məruzələrdə səsləndirilən fikirləri ümumiləşdirib, bölmə iclaslarının yüksək fəallıqla keçdiyini bildirib. O, məruzələrdən irəli gələn yeni tezislər ətrafında məqalələrin çap olunması üçün müəlliflərin bu məqalələri genişləndirilmiş formada təqdim etməsinin vacibliyini vurğulayıb.
Sonra “Beynəlxalq münasibətlər və iqtisadiyyat”, “Tarix, arxeologiya və etnoqrafiya”, “Coğrafiya”, “Mədəniyyət və təhsil”, “Filologiya” və “Folklor” üzrə bölmə iclaslarının rəhbərləri çıxış edərək konfransda aparılan müzakirələrin elmi nəticələri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, aparılan müzakirələr mövzuları tam əhatə etməklə yanaşı, elm xadimlərinin və tədqiqatçıların yüksək fəallığı şəraitində keçib.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev iki gün davam edən beynəlxalq elmi konfransın yüksək səviyyədə baş tutduğunu qeyd edib. Bildirib ki, konfransın keçirilməsi ilə bir daha Naxçıvanın regional cazibə mərkəzi kimi əhəmiyyətinə diqqət yönəlib.
İsmayıl Əliyev vurğulayıb ki, İpək Yolu, sadəcə, ticarət əhəmiyyətinə görə deyil, həm də mədəniyyətlərarası münasibətlərin inkişafına da ciddi təsir göstərmək baxımından çox önəmlidir. Naxçıvan ərazisinin Böyük İpək Yolu üzərində mühüm bir region olması buranın tarixinə, mədəni-iqtisadi inkişafına beynəlxalq diqqəti artırır. Konfransın bölmə iclaslarında səsləndirilən elmi məruzələrdə və aparılan müzakirələrdə bu, bir daha vurğulanıb.
“Naxçıvan” Universitetinin rektoru bölmə iclaslarında fəallıq nümayiş etdirdiklərinə və burada mühüm elmi nəticələrin əldə olunmasında yaxından iştirak etdiklərinə görə beynəlxalq konfransın iştirakçılarına minnətdarlığını bildirərək konfransı bağlı elan edib.
Xəbərlər şöbəsi