Elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli əməkdaşlarının ayda bir dəfə
ümumtəhsil məktəblərində nümunəvi dərs keçmələri tədrisdə yeni istiqamət kimi dəyərləndirilir
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, davamlı uğurlar qazanmasında təhsilin xüsusi rolunu, böyük əhəmiyyətini həmişə yüksək dəyərləndirmişdir. Dahi rəhbərimiz deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Ulu öndər Heydər Əliyev daim təhsilə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində onun rоluna yüksək qiymət vermişdir. Müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüş, yeni nəsillərin hərtərəfli biliyə, mükəmməl dünyagörüşə malik vətəndaşlar kimi yetişməsi naminə möhtəşəm tədbirləri müvəffəqiyyətlə reallaşdırmışdır.
Müstəqil Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir, o cümlədən təhsilin inkişafına ardıcıl və hərtərəfli qayğı göstərilir, qazanılan nailiyyətlərin həcmi və əhatəsi ildən-ilə daha da artır.
Muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, müasir standartlar əsasında yenidən qurulması, yüksəkixtisaslı mütəxəssislərlə təminatı istiqamətində sistemli işlər görülmüşdür. Təhsil ocaqları üçün binalar tikilmiş, onlar kompüterlərlə, elektron lövhələrlə, internetlə, müasir tədris avadanlıqları ilə təmin olunmuşdur. Məktəbəqədər və məktəbdənkənar tədris müəssisələrində də sistemli quruculuq tədbirləri həyata keçirilmiş, həmçinin yeni texniki-peşə məktəbləri yaradılmışdır. Muxtar respublikada fəaliyyət göstərən orta ixtisas, ali təhsil müəssisələri üçün yeni korpusların tikilməsi, onlarda ən müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqi sahəsində də böyük işlər görülmüşdür. Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onların normal təhsil alması üçün Distant Tədris Mərkəzinin istifadəyə verilməsi də bu baxımdan xüsusi önəm daşıyır.
“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası istiqamətində görülən hərtərəfli, sistemli işlər də böyük əhəmiyyətə malikdir. Azərbaycan tarixi və mədəniyyəti ilə əlaqədar fənlərin şagirdlərə daha yaxşı tədrisi üçün muxtar respublikada fəaliyyət göstərən müvafiq muzeylərlə orta məktəblər arasında virtual əlaqələrin qurulması bu baxımdan mühüm faydalar verməkdədir. Heydər Əliyev Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, digər muzeylərdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində müxtəlif tədris müəssisələrinin şagird və tələbələri üçün açıq dərslərin keçilməsi də təlimdə əyaniliyə xidmət edən qiymətli faktorlar sırasındadır.
Bütün digər sahələrlə yanaşı, təhsil sektorunda da qazanılmış mühüm nailiyyətlər, hərtərəfli yüksəliş muxtar respublikada son illər həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl və hərtərəfli qayğısı, möhtəşəm tərəqqiyə yönələn müdrik siyasəti sayəsində ulu diyarımızda hər gün, hər ay, hər il özünün mühüm uğurları ilə səciyyələnir. İnkişafın yeni mərhələsinin ortaya çıxardığı təşəbbüslər, həyata keçirilən konsepsiyalar bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində də böyük nailiyyətlərin qazanılmasını təmin edir.
Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamı çox böyük əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunduğu kimi: “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə üstünlük verilir. Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada elmi potensialı da gücləndirmiş, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşmışdır”.
Bütün bunlar nəzərə alınmaqla sərəncamda bir vəzifə olaraq qarşıya qoyulmuşdur ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunsun. Ötən müddət ərzində bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər həmin sərəncamın hərtərəfli faydalarını əyani şəkildə nümayiş etdirməkdədir.
Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyirdi: “İnsan təhsilinin əsasını orta məktəbdə alır ... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ... cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Haqqında danışılan sərəncam da məhz orta məktəblərdə şagirdlərin daha yaxşı hazırlanması, biliklərə daha dərindən yiyələnməsi kimi mühüm məqsədlərə yönəlmişdir.
Həmin sərəncam muxtar respublikanın yuxarıda adıçəkilən qurumları ilə ümumtəhsil məktəbləri arasında qarşılıqlı əlaqələrin yeni əsaslar üzərində təşkilini təmin etmişdir. Akademiya sistemində, ali və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli mütəxəssislərin potensial imkanlarından ümumtəhsil məktəblərində səmərəli istifadə özünün praktik əhəmiyyətini geniş şəkildə göstərməkdədir.
Müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik çoxsaylı kadrların – elmlər doktorlarının və fəlsəfə doktorlarının məhz vaxtilə təhsil aldıqları, məzunu olduqları ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərs keçməsi məktəb-məzun əlaqələrinə də uğurla xidmət göstərir. Hər bir şagird bir zamanlar onun kimi parta arxasında oturub müəllimlərdən dərs alan, indi isə alim kimi elmi, pedaqoji fəaliyyətlə məşğul olan yüksəkixtisaslı mütəxəssislə canlı ünsiyyətdən çox şey əxz edir, daha yaxşı oxumağa həvəslənir, onların bir qismində elmi tədqiqata maraq da oyanır. Bu dərslərin şagirdlərin peşəyönümü işinə, ixtisas seçiminə müsbət təsiri də danılmazdır.
Öz növbəsində, hər bir elm adamının məzunu olduğu ümumtəhsil məktəbində ayda bir dəfə sinfə girərək dərs aparması, həmçinin məktəbin pedaqoji heyəti, o cümlədən müvafiq fənn müəllimləri ilə söhbətləri, fikir mübadiləsi də faydalı olub, elmin son nailiyyətlərinin orta məktəblərə daha dərindən nüfuz etməsi baxımından da əhəmiyyətlidir.
Məsələnin digər bir mühüm tərəfi də var. Hazırda orta məktəblərdə də geniş islahatlar aparılır, yeni təhsil standartları tətbiq olunur. Akademiya, yaxud ali və orta ixtisas təhsili sistemində çalışan alimlər üçün ümumtəhsil məktəblərində bilavasitə tədrislə məşğul olmaq onlara həmin islahatlarla daha yaxından tanışlıq imkanı qazandırır.
Bəllidir ki, ali məktəblərin pedaqoji ixtisaslarında müvafiq metodiki fənlər də tədris olunur. Məsələn, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında orta məktəbdə Azərbaycan dilinin, ədəbiyyatın tədrisi metodikası, Kimya müəllimliyi ixtisasında orta məktəbdə kimyanın tədrisi metodikası və sair fənlər öyrədilir. Bu kimi fənlərin tədrisi bilavasitə orta məktəb proqramları ilə bağlı olduğundan uyğun müəllimlər üçün həmin sərəncam əlavə pedaqoji və metodiki imkanlar yaradır. Ali məktəblərin metodist müəllimləri üçün bu əlaqələr tələbələrin pedaqoji təcrübəsinin təşkilini optimallaşdırmaq baxımından da gərəklidir. Pedaqoji, metodiki, psixoloji və digər uyğun mövzularda tədqiqat aparan alimlər üçün də ümumtəhsil məktəbləri ilə əlaqələr əlavə material verir.
Ümumiyyətlə, sərəncamın icrası həm şagirdlər, həm orta məktəb müəllimləri, həm də nümunəvi dərslər aparan alimlər üçün çox faydalıdır. Bu məqamda ulu öndərimiz Heydər Əliyevin fikirlərini xatırlatmaq yerinə düşər: “Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı – şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır”.
Orta məktəblərdə nümunəvi dərslərin təşkili yeni, gərəkli və davamlı bir tədbir olmaqla, bütövlükdə, təhsildəki sistematikliyin, ardıcıllığın möhkəmlənməsi, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsi, yeni nəsillərin hərtərəfli hazırlığı vəzifəsinə layiqincə xidmət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi: “Təhsilin yenilikçi təcrübələr əsasında təşkili imkanları genişdir. Son vaxtlar muxtar respublikanın bəzi ümumtəhsil məktəblərində elm və ali təhsil müəssisələrinin elmi dərəcəli əməkdaşlarının nümunəvi dərsləri keçirilir. Tədrisin bu cür təşkili keyfiyyətlə yanaşı, şagirdlərin ixtisas seçimlərinə və cəmiyyətdə öz yerlərini tutmaları üçün düzgün qərar qəbul etmələrinə müsbət təsir göstərə bilər. Odur ki, elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli əməkdaşlarının ayda bir dəfə ümumtəhsil məktəblərində nümunəvi dərs keçmələri tədrisdə yeni istiqamət kimi dəyərləndirilir”.
Məzunu olduğum təhsil ocağında – Culfa şəhərindəki 2 nömrəli tam orta məktəbdə ayda bir dəfə yuxarı siniflərdə Azərbaycan dilindən və ədəbiyyatdan dərs apararkən “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamının böyük əhəmiyyətini daha yaxından və əyani şəkildə görmək imkanı qazandım. Məktəbin həm pedaqoji heyətinin, həm də şagirdlərinin nümunəvi dərslərə böyük maraq, diqqət və məsuliyyətlə yanaşmasını da qeyd etmək istərdim. Ulu diyarımızın bütün təhsil ocaqları kimi, həmin məktəbin də ən müasir standartlar səviyyəsində fəaliyyəti üçün yaradılmış hərtərəfli imkan, mükəmməl maddi-texniki və tədris bazası muxtar respublikamızda həyata keçirilən möhtəşəm təhsil siyasətinin parlaq təzahürüdür.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi