Oktyabrın 16-da “Naxçıvan” Universitetində bu ali təhsil ocağının, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Türkiyənin Ərdahan Universitetinin təşkilatçılığı ilə “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Konfransda 5 ölkənin 35 elm və təhsil müəssisəsindən 100-dən çox görkəmli elm xadimləri, mədəniyyət işçiləri, araşdırmaçılar iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etdilər. Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlara buradakı eksponatlar barədə ətraflı məlumat verildi. Sonra “Naxçıvan” Universitetinə gələn konfrans iştirakçıları universitet şəhərciyi ilə də yaxından tanış oldular.
Ali təhsil ocağının konfrans zalında öz işinə başlayan “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” adlı beynəlxalq konfransda tədbirin aparıcısı, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirdi ki, Böyük İpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu layihənin reallaşması məhz ümummilli lider Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir. Bu layihənin reallaşması nəticəsində Asiya və Avropa ölkələrini əhatə edən geniş bir coğrafiyada iqtisadi, ticarət əlaqələri daha da genişlənəcəkdir.
Elbrus İsayev qeyd etdi ki, Şərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisi Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlaqələndirən əsas karvan yollarının birinin üzərində yerləşirdi. Bu ərazi Avropa və Yaxın Şərq ölkələrinin həyatında hələ qədim dövrlərdən çox mühüm siyasi, strateji və iqtisadi rol oynayırdı. Bunu vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev tədbirin təşkilatçıları, eləcə də ali təhsil ocağının professor-müəllim heyəti adından beynəlxalq konfransın iştirakçılarını salamladıqdan sonra çıxışında universitet barədə ətraflı məlumat verdi. Beynəlxalq tədbirin əhəmiyyəti barədə danışan rektor bildirdi ki, bugünkü konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olunmuşdur. Əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.
“Naxçıvan” Universitetinin rektoru qeyd etdi ki, bütün bunlara görə çox aktual bir problemə həsr olunmuş bugünkü beynəlxalq konfransın əhatə etdiyi məsələlərə əhəmiyyətli bir töhfə olacağına inanırıq. Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir.
İsmayıl Əliyev “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfransı açıq elan etdi və konfransın işinə uğurlar arzuladı.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə (ən qədim zamanlardan eradan əvvəl IV minilliyədək)”, Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru İbrahim Atnurun “Türk-sovet əlaqələrinin qurulmasında Naxçıvan faktoru”, Türkiyənin Ərdahan Universitetinin prorektoru, professor Orhan Söyləməzin “İpək Yolu üzərində təhsilin inkişafının yeni üfüqləri: Qafqaz Universitetlər Birliyi”, Qazaxıstan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun professoru Erbulat Smaqulovun “Türküstan şəhərinin qədim iç qalası (Cənubi Qazaxıstan): memarlıq, tipologiya, tarix” mövzularında məruzələri dinlənildi.
Məruzəçilərə xatirə plaketləri təqdim olundu.
İki gün davam edəcək beynəlxalq konfrans öz işini “Beynəlxalq münasibətlər və iqtisadiyyat”, “Tarix, arxeologiya və etnoqrafiya”, “Coğrafiya”, “Mədəniyyət və təhsil”, “Filologiya” və “Folklor” mövzularında keçirilən bölmə iclasları ilə davam etdirir.
Rauf Əliyev