Çətin sınaqlar qarşısında
(1991-1995-ci illər)
Müstəqilliyini yenicə qazanmış dövlətimiz azadlığına qovuşsa da, başı bəlalardan qurtulmurdu. Azərbaycanın Şərqə açılan qapısı Naxçıvanda isə vəziyyət daha ağır idi. Azərbaycandan aralı düşmüş bu qədim diyar blokadanın çətinliklərinə sinə gərməyə çalışırdı. Həmin dövrdə çörək növbəsi, su qıtlığı, enerji çatışmazlığı və başqa problemlərlə mübarizə aparan naxçıvanlıları o çətin günlərdə övladını oxutmaq, təhsil vermək, bəlkə də, heç düşündürmürdü. Çünki onlar üçün hələlik bir amal var idi: əl-ələ verib Naxçıvanı qorumaq. Ancaq bütün çətinliklərə baxmayaraq, o dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev bu sahəni diqqətdə saxlayırdı.
Muxtar respublikada bir neçə təhsil müəssisəsinin fəaliyyətə başlaması, 1993-cü ildə 95 gəncin xarici dövlətlərə oxumağa göndərilməsi bunu sübut edir. Hətta ulu öndərin təşəbbüsü ilə Şahbuzun sərhəd kəndi olan Şadada məktəb binasının tikintisinə start verilir (təəssüf ki, ulu öndər Bakıya getdikdən sonra tikinti dayandırılır). 1992-ci ildə Naxçıvan qarnizonu nəzdində orta məktəbin yaradılması haqqında verilən qərar da təqdirəlayiq hal kimi böyük əks-səda doğurmaqla hərbçi ailələrinə və onların övladlarına göstərilən qayğının təzahürü idi.
Ən böyük tədbirlərdən biri isə ali məktəblərə qəbul imtahanlarının Naxçıvanda keçirilməsi oldu. Maddi imkansızlıq ucbatından Bakı şəhərində imtahan verməyə gedə bilməyən gənclərimizin yollarına işıq tutulmuşdu. Bəli, ulu öndər təhsil sahəsi də başda olmaqla bir çox problemləri yoluna qoymağa çalışırdı. Ancaq ümummilli lider Azərbaycanın döyünən ürəyi olan təkcə Naxçıvan üçün deyil, bütöv Azərbaycana gərəkli bir siyasətçi idi. Azərbaycan xalqı da bunu yaxşı başa düşərək Onu hakimiyyətə çağırırdı. Ulu öndər xalqın səsinə səs verdi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Etiraz səsləri ucalır, yaxud dərsdən yayınan şagirdlər…
Təəssüf ki, ulu öndər Heydər Əliyev Bakıya getdikdən sonra Naxçıvanda vəziyyət daha da ağırlaşdı. Naxçıvanı əmanət etdiyi vəzifəli insanlar öz şəxsi maraqlarını düşünərək muxtar respublikanın problemlərinin həlli üçün heç bir addım atmırdılar. Həmin dövrü 1999-cu ilin oktyabrında muxtar respublikada səfərdə olan ulu öndər Heydər Əliyev belə xarakterizə edirdi: “Biz həmin ağır günlərdən çıxdıq, amma yenə də ürəyim Naxçıvanda idi ki, Naxçıvan necədir, nə təhərdir. İmkan daxilində telefonla zəng vurub maraqlanırdım. Amma təəssüflər olsun ki, o dövrdə, mən gedəndən sonra Naxçıvanda da nizam-intizam pozuldu, işlər zəiflədi”.
Bu zəiflik, intizamsızlıq təhsil sahəsində özünü daha qabarıq göstərirdi. Ordubad rayonunda təhsildə baş verən özbaşınalıq haqlı olaraq rayon sakinlərinin etirazına səbəb olurdu. Təhsildən xəbəri olmayanlar məktəb direktoru təyin edilirdi. Nüsnüs, Əylis, Sabirkənd, Dəstə və başqa kəndlərdə narazılıq artırdı. Bu narazılıq təkcə Ordubadda deyil, bütün rayonlarımızda özünü göstərirdi. Amma bu insanların səsinə səs verən yox idi. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyəti haqqındakı arxiv materiallarında məktəblərin yararsız halda olması, şagirdlərin dərsliklərinin çatışmaması xüsusilə qeyd olunur. Bunlar dərd yarı. Ən faciəvi vəziyyətlərdən biri isə uşaqların pis vərdişlərə yiyələnməsi, onlar tərəfindən cinayət hadisələrinin törədilməsi və başqa bu cür hallar gələcəyimizin böyük təhlükədə olduğunu göstərirdi.
1994-cü il aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə məktəblilərin müxtəlif xidmət sahələrində işə cəlb olunması gündəmə gətirilsə də, bu problemlərin aradan qaldırılması üçün heç bir əməli addım atılmadı. Vəziyyət isə daha da ağırlaşırdı. Bu şəraitdə təhsil almaq heç də asan deyildi. Elə olurdu ki, uşaqlar həftələrlə məktəbə getmirdilər. Bəli, o zamanlar təhsilə göstərilən diqqət və qayğıdan danışmaq belə olmazdı. Məhz ona görə o illərdə “Gələcəyimiz təhlükə altındadır”, “Təhsil qayğı istəyir”, “Ordubadda yeni “kəşf”, “Şagird dəftər istəyir” və başqa yazılar mətbuat səhifələrində yer alırdı. Həmin yazılardan aydın olur ki, o illərdə muxtar respublikanın təhsili hansı vəziyyətdə idi. Həmin illərin məktəblisi adi bir şagird dəftərinə həsrət qalmışdı.
Təhsildə geriləməyə qətiyyən yol vermək olmaz
(1996-2005-ci illər)
1995-ci ilin dekabr ayı muxtar respublikanın tərcümeyi-halına silinməz və unudulmaz tarix kimi yazıldı. Həmin ay bir yol seçildi: Heydər Əliyev yolu. Və illər keçdi, böyük zəhmət, Heydər Əliyev yoluna sədaqət, sabaha cavabdehlik hissi, güclü təşkilatçılıq məharəti və idarəçilik qabiliyyəti, Vətənə, xalqa bağlılıq Naxçıvanı inkişafa qovuşdurdu. Ulu öndər Heydər Əliyev deyirdi: “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Beləliklə, 1996-cı ildən “Təhsildə geriləməyə qətiyyən yol vermək olmaz” devizi əsas götürüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov 1996-cı ilin may ayında keçirilən müşavirədə təhsil işçilərinin qarşısına mühüm vəzifələr qoyaraq dedi: “Bu gün böyüməkdə olan nəsil Azərbaycanın gələcəyidir. Onların təhsildən ayrı düşməsi Azərbaycanın gələcəyinə böyük zərbədir. Bu övladlar sizin, bizim övladlarımızdır. Onların təlim-tərbiyəsinin bütün ağırlığı da bizim üzərimizə düşür. Ona görə də biz sizinlə birlikdə böyüməkdə olan nəslin öz müstəqil respublikasına layiq olan övladlar kimi yetişməsində əlimizdən gələni əsirgəməməliyik”.
Həmin dövrdən muxtar respublikada çoxşaxəli təhsil quruculuğuna start verildi, tikintisi yarımçıq qalmış məktəb binalarının inşası davam etdirildi. 1996-cı il sentyabrın 2-də Babək rayonunun Cəhri kəndində yeni istifadəyə verilən məktəb binasının açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaşadığımız ağır dövrdə iki sahəyə – orduya və təhsilə diqqəti yönəltməyin vacibliyini önə çəkdi. Qeyd edildi ki, belə olmazsa, bizim gələcəyimiz şübhə altında qalar. Orduya ona görə diqqət yetirməliyik ki, respublikamız Ermənistanla müharibə vəziyyətindədir. Biz ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını təmin etməliyik. Təhsilə ona görə diqqət yetirməliyik ki, uşaqlar bizim gələcəyimizdir. Bu iki sahəyə biz qayğını heç vaxt əsirgəməməliyik.
İlk olaraq sərhəd kəndlərində məktəblərin tikintisinə başlanıldı
Məlum hadisələrdən sonra döyüş meydanına çevrilən Sədərək rayonu ən ağır günlərini yaşayırdı. Bəlkə də, məktəb binasına ən çox ehtiyac duyulan yaşayış məntəqələrimizdən biri də bu bölgə idi. Sual oluna bilər: bu qədər yaxın ərazilər varkən Naxçıvan şəhərindən kilometrlərlə uzaq olan bir rayonun balaca kəndində – Qaraağacda məktəb binasına ehtiyac vardımı? Bəli, buna ən çox elə məhz sədərəklilərin ehtiyacı vardı. Çünki məhz bu bölgədə ölkəmizin digər regionlarından da gələnlər igidliklə vuruşaraq sərhədlərimizi qorudular. Qan tökdü, şəhid verdi, amma Sədərək təslim olmadı. Məhz o şəhid balalarının üzünü güldürmək, az da olsa, ürəklərinə su səpmək ən böyük addımlardan biri idi. Kənddə 80 yerlik 6 sinif otağından ibarət məktəb binası tikildi. Muxtar respublika rəhbərinin 1996-cı ilin oktyabr ayında Sədərəyin Qaraağac kəndinə gedərək burada kənd sakinləri ilə görüşməsi, yeni məktəb binasının açılışında iştirak etməsi sədərəklilərin itirilmiş ümidlərini özünə qaytardı. Bir ay sonra inşası illərdir, yarımçıq qalmış Şahbuz rayonunun Şada kəndində yeni məktəb binası istifadəyə verildi. İlk olaraq sərhəd kəndlərində məktəb binalarının istifadəyə verilməsi təsadüfi deyildi. Məktəb binasının açılış mərasimində muxtar respublika rəhbəri bu məsələni önə çəkərək dedi ki, belə kəndlərdə məktəb tikmək, sosial obyektlərə qayğı göstərmək ermənilərə bir daha nümayiş etdirir ki, biz Naxçıvanda möhkəm oturmuşuq və quruculuq işləri ilə məşğuluq. Bəli, tikilən yeni məktəb binaları düşmənə gözdağı idi və onların sayı durmadan artırdı. Ali Məclis Sədrinin məktəb binalarının açılışında vurğuladığı bir məqam var idi: “Bizim bugünkü qurub-yaratmaq işimizin önündə məktəb tikintisi durur. Ola bilər ki, muxtar respublikanın hansısa bir tikinti sahəsində geriləməmiz var. Lakin məktəb tikintisi sahəsində heç bir geriləməyə yol vermək olmaz. Bu gün belə məktəblərdə təhsil alan gənclər Azərbaycanın gələcəyinin təminatçısıdırlar”. 1997-ci ildə Babək rayonunun Kültəpə və Çeşməbasar kəndlərində yeni məktəb binalarının tikintisinə başlanıldı. Culfa rayonunun Kırna kəndində də inşası yarımçıq qalan məktəb binası sentyabr ayında istifadəyə verildi. Oktyabr ayında isə yeni məktəb binasının sevincini Babək rayonunun Güznüt kənd sakinləri yaşadılar. O kənd ki yeni məktəb binasının tikintisini uzun illərdir, gözləyirdi.
Muxtar respublikada yeni məktəblərin tikintisi ilə yanaşı, təhsilin inkişafına stimul verən, təhsil işçilərini işləməyə həvəsləndirən tədbirlər də diqqət mərkəzində saxlanılırdı. 1998-ci il avqust ayının 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvanda ilk məktəb və təhsilin inkişaf yolu” mövzusunda konfrans keçirildi.
Təşəbbüskarlıq və fədakarlıq...
Muxtar respublikada 1996-2000-ci illərdə 8 min şagird yerlik 23 orta məktəb binası tikilib, 19 məktəb binası isə əsaslı təmir edilib. Blokadanın çətinliklərinə baxmayaraq, bu qədər məktəb binasının tikilməsi üçün yollar axtarılıb, fədakarlıq göstərilib. 1999-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley tədbirində ulu öndərin söylədiklərini naxçıvanlılar yaxşı xatırlayır: “Məni düz başa düşün. Azərbaycanın hər yeri mənim üçün əzizdir. Amma əgər Naxçıvanda belə ağır vəziyyətdə məktəb binası tikilə bilirsə, – buraya daş gətirmək mümkün deyil, burada kərpic zavodu, mişardaşı və başqa şeylər yoxdur, – əgər xəstəxana, universitet binaları tikilirsə, bəs başqa yerdə niyə tikilmir? Demək, bu, təşəbbüsdən, fədakarlıqdan asılıdır”.
Kəmiyyətdən keyfiyyətə doğru konkret addımlar
Ali Məclisin Sədri yeni məktəb binalarının açılış mərasimində, hər şeydən öncə, pedaqoji kollektivlərin qarşısında gənclərin vətənpərvər ruhda böyüməsi tələbini birinci dərəcəli vəzifə kimi qoyurdu.
Bu illər ərzində ən mühüm tədbirlərdən biri də təhsil işçilərinin iştirakı ilə keçirilən müşavirələr idi. Belə müşavirələrdən biri 2002-ci il aprelin 9-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilib. Bu müşavirədə təhsildə məktəbin, ailənin və cəmiyyətin rolu ön plana çəkilərək qeyd olunub ki, cəmiyyətin gələcəyi, xalqın gələcəyi olan gənclik bu gün məktəbdə formalaşır, yetişir. Keyfiyyətli təhsillə bərabər, onu formalaşdıran mənəvi mühit məktəbdir, ailədir, cəmiyyətdir. Şübhəsiz ki, mənəvi tərbiyə məsələsində məktəblə, müəllimlə bərabər, ailənin rolu da əsasdır, vacib şərtlərdən biridir. Burada təhsilin keyfiyyətinin yüksək olması mütləqdir. Əks halda qarşıya qoyulan vəzifələrə nail olmaq mümkün deyil.
2005-ci ildən muxtar respublika təhsili kəmiyyətdən keyfiyyətə doğru keçid dövrünü yaşamağa başlayır. Qəbul imtahanlarında yaxşı nəticə göstərən məktəblərin sayı artır, zəif nəticə göstərən məktəblərin isə sayı azalırdı. Doğma diyarda elə bir valideyn tapa bilməzdin ki, övladının oxumasında maraqlı olmasın. Çünki artıq valideyn bilirdi ki, onun övladının yaxşı oxuması üçün hər cür şərait var. Sərt qış dərsləri pozmurdu, əvvəlcədən görülmüş tədbirlər tədris prosesinin normal keçməsinə şərait yaratmışdı. Bu gün qazanılan uğurların təməli məhz o illərdə qoyulub.
Muxtar respublikada təhsildə yeniliyin tətbiqi
(2006-2015-ci illər)
Bu illər ərzində məktəb binalarının tikintisi sürətlə davam etdirilib, əvvəllər tikilmiş məktəb binaları da yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub. Əgər Şahbuz rayonunun Şada kəndindəki məktəb binası 1996-cı ildə istifadəyə verilmişdisə, bu məktəb üçün yenidən müasir bina tikilərək 2008-ci ildə istifadəyə verilib. Müsbət cəhətlərdən biri isə inşaat işləri aparılarkən gələcək perspektivlərin nəzərə alınmasıdır. 60-70 şagirdin oxuduğu kəndlərdə azı 110-120 şagird yerlik məktəb binalarının tikilməsi xüsusi qeyd olunmalıdır. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 160-dan çox məktəb binasının tikilməsi və ya yenidən qurulması təhsilə göstərilən qayğının bariz ifadəsidir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində – Tividə, Behrudda, Parağada, Yuxarı Qışlaqda, Havuşda, Şahbulaqda, Ərəfsədə, Nəhəcirdə, Ləkətağda, Boyəhməddə, Ağbulaqda, Şadada və onlarla belə yaşayış məntəqələrində müasir tələblərə cavab verən məktəb binaları fəaliyyət göstərir. Bir neçə ildən sonra muxtar respublikada müasir tələblərə cavab verməyən məktəb binası qalmayacaq. Hazırda bir neçə yaşayış məntəqəsində bu işlər sürətlə davam etdirilir.
O da qeyd olunmalıdır ki, muxtar respublikada tikilən məktəb binalarında fənn kabinələrinin və laboratoriyaların müasir səviyyədə qurulması diqqət mərkəzində saxlanılır. Kimya, biologiya və fizika laboratoriyalarında quraşdırılan müxtəlif funksiyalı cihaz və aparatlar həmin fənlər üzrə dərslərin tədrisi zamanı təcrübələrin aparılmasına, praktik biliklərin zənginləşdirilməsinə imkan verir. Humanitar və dəqiq elmlərin tədrisi ilə yanaşı, şagirdlərin hərbi biliklərinin artırılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdən kənarda qalmayıb. Bu sahə üzrə həyata keçirilən tədbirlər, yarışlar, müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərir. Xüsusi əhəmiyyətə malik olan “Şahin”, “Sərhəd” hərbi idman, eləcə də “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə idman oyunlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri davamlı uğurlara imza atırlar.
Məktəblərin hamısı pulsuz dərsliklərlə təmin olunub. 2005-ci ildən indiyədək 2.152.243 nüsxə dərslik ümumtəhsil məktəblərinə verilib ki, onların da 132.761 nüsxəsi 2015-ci ilin avqust ayında gətirilib. Bundan başqa, 627.643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə təhsil müəssisələrinin kitabxanalarına təqdim edilib.
Ən mühüm nailiyyətlərdən biri də məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Bu da tədrisin məzmunca yeniləşməsinə imkan yaradıb. Muxtar respublikada təhsil ocaqlarının kompüterləşdirilməsi son illərin nailiyyətlərindəndir. Orta məktəblərdə şagirdlərin bu sahəyə olan maraqlarının səmərəli istiqamətləndirilməsi diqqət mərkəzində saxlanılır, informatika dərslərinin tədrisində keyfiyyət amilinə xüsusi fikir verilir. Əgər 1992-ci ildə ümumtəhsil məktəblərinin yalnız 8-də kompüter vardısa, hazırda məktəblərin hamısında, ümumilikdə, 3700 dəst kompüter quraşdırılıb ki, onların 84 faizi internetə qoşulub. Qeyd etmək lazımdır ki, 1992-ci ildə muxtar respublikamızda 4646 şagirdə bir kompüter düşürdüsə, hazırda 12 şagird bir kompüterdən istifadə edir. Eyni zamanda ümumtəhsil məktəblərində təhsil alan 800-dən çox əlaçı şagirdə Ali Məclisin Sədri tərəfindən kompüter hədiyyə olunub və hər il bu iş davam etdirilir. Bu gün Naxçıvanın ən ucqar dağ kəndində təhsil alan məktəbli Avropanın inkişaf etmiş ölkələrinin gəncləri kimi kompüterdən və internetdən sərbəst şəkildə istifadə etmək imkanına malikdir.
(Ardı var)
Sara Əzimova
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər arasında
yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür