Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilib.
Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı nazirlik 2015-2016-cı tədris ili üçün tədbirlər planı hazırlayıb. Tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətində, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində, Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində həmin qurumların iş prosesləri ilə tanış olublar.
Oktyabrın 21-də isə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq nazirliyin əməkdaşları ilə Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev və nazirliyin məsləhətçi-hüquqşünası Elmin Fərəcov çıxışlarında nazirliyin iş prinsipindən, muxtar respublika sakinlərinə, o cümlədən sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən xidmətlərdən bəhs ediblər.
Çıxış edənlər vurğulayıblar ki, muxtar respublikada sosial sahə dövlətimizin daim diqqət mərkəzində saxlanılır, bu sahənin maddi-texniki bazası davamlı olaraq gücləndirilir, vətəndaşlara göstərilən müxtəlif növ sosial xidmətlərin səviyyəsi yüksəldilir.
Qeyd olunub ki, təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli, ixtisaslı gənc kadrların hazırlanmasına imkanlar yaradacaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti