23 Dekabr 2024, Bazar ertəsi

 Bu mövzuda beynəlxalq konfrans keçirilir

Naxçıvan Dövlət Universitetində “Şərqin böyük dahisi Nəsirəddin Tusi” mövzusunda iki gün davam edəcək beynəlxalq konfrans öz işinə başlamışdır.
Ölkənin müxtəlif ali təhsil ocaqlarından, Türkiyə və İrandan dəvət olunmuş alimlərin, AMEA-nın elmi-tədqiqat institutlarının, AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransın plenar iclasını universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açmışdır. Rektor “Elmin Nəsirəddin Tusi zirvəsi” mövzusunda məruzə edərək bildirmişdir ki, o, elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazmışdır. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” (Bütöv çoxtərəfli haqda risalə), “Cameül-hesab” (Lövhə və tozun köməyi ilə hesab toplusu), “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” (Evklid başlanğıcının təsviri) kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət “Zici-İlxani” (İlxanilərin astronomik cədvəlləri) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad üzrə elmlər doktoru Əhməd Qəşəmoğlu “Nəsirəddin Tusi fəlsəfəsi” mövzusundakı məruzəsində sürətlə qlobollaşma prosesi gedən dünyada baş verməkdə olan sosial gərginliklərin qarşısını almaq üçün orta əsr İslam fəlsəfəsindən istifadənin vacib olduğunu bildirmiş, konkret olaraq bu işdə Nəsirəddin Tusinin “Əxlaqi­-Nasiri” əsərinin olduqca faydalı cəhətləri barədə danışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Nəsirəddin Tusinin mineralogiya və kimyaya dair işləri” mövzusundakı məruzəsində bildirmişdir ki, görkəmli alimin dəqiq elmlər sahəsindəki kəşfləri, əsasən, Qərbdə geniş istifadə edilmiş, humanitar sahədə tədqiqatları isə Şərqdə şöhrət qazanmışdır. Tusi elmlər daxilində yeni elm yaradan dahi olmuşdur. O, riyaziyyat elmləri daxilində triqonometriyanı, fəlsəfə daxilində isə pedaqogikanı yaratmışdır. Həmin dövrdə mineralogiya və kimya geniş inkişaf etməsə də, Tusi bu sahələrdə də öz sözünü demişdir.
Beynəlxalq konfransda İran İslam Respublikasından dəvət olunmuş Urmiya Universitetinin rektoru, doktor Rahim Hobbenaghi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Nazilə Sultanova, Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev çıxışlarında ensik­lopedik alim Nəsirəddin Tusinin bir çox əsərlərinin dünyanın müxtəlif kitabxanalarında olduğunu qeyd etmişlər.
Vurğulanmışdır ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmış, heliosentrik sistem haqqında ilk məlumatları polşalı astronom Nikolay Kopernikdən öncə hələ XIII əsrdə Nəsirəddin Tusi vermişdir.
Qeyd edək ki, beynəlxalq konfrans öz işini “Nəsirəddin Tusinin pedaqoji görüşləri və fəlsəfəsi”, “Nəsirəddin Tusi və dəqiq elmlər”, “Nəsirəddin Tusinin yaşadığı dövrdə ictimai-siyasi fəaliyyəti” mövzularında keçirilən bölmə iclasları ilə davam etdirir.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR