23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqının maddi və mənəvi sərvəti olan yazılı abidələrimizə dünyanın bir sıra zəngin kitabxanalarında, əlyazma fondlarında rast gəlmək olar.
Əvvəllər mühitlərin bir-birinə təsiri səyyahların və elm adamlarının tanış olduqları diqqətçəkən yeniliklərin duyulduğu materialların öz ölkələrinə aparmaları, ya da əsərlərində bu məlumatlardan bəhs edib əsaslandırmaqları hesabına yaranırdı. Ərazidən əraziyə daşınan fikirlər daşındığı regionun tələblərinə uyğun istiqamət və mövqe dəyişdirirdisə də, ümumiləşmiş fikir olduğu kimi qalırdı. Bu, dildə də, ədəbiyyatda da belədir. Bəzi əsərlərdə isə ortaq arqumentlər, ortaq fikirlər nəzərə çarpır. Bu oxşarlıqlar, fərqliliklər, bəhrələnmə, istinadlar, icazəli və icazəsiz köçürmələr xalqların ortaq mədəniyyətlərinin tədqiqi zamanı ortaya çıxan və mübahisələrə səbəb olan məsələlərdir.
Başqa xalqlar tərəfindən mənimsənilən bir çox dahi şəxsiyyətlərimizin bəşəri istedadı onların dünyada olan nüfuzunun və dünyanın onlara olan maraq və rəğbətinin təcəssümüdür.
Tarixi öyrənmək baxımından vacib bir sıra faktorlar vardır. Əlyazmalar da bu baxımdan son dərəcə əhəmiyyətlidir. Ona görə də bu qəbildən olan sənədlərin, məlumatların qorunması baxımından fondlar mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondu da bu əhəmiyyətli işə xidmət edir. Bu fond 8 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır.

Fondun əsas fəaliyyət istiqamətləri Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri və təbliğidir. Əlyazmalar Fondunun fəaliyyəti barədə fondun rəhbəri, ərəb-fars dilləri üzrə mütəxəssis Fəxrəddin Eylazovla söhbətləşdik:
– Son illərdə fonda daxil olan yeni əlyazmalar haqda məlumat verməyinizi xahiş edirik.
– Əlyazmalar Fondunun zənginləşdirilməsi məqsədilə aparılan ekspedisiyaların nəticəsi olan 6 əlyazma əldə edilib. Bunlardan üçü İslam tarixinə aiddir. Əldə olunan digər əlyazmalar Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” (“Buludların göz yaşları”) əsərinin üçüncü cildi olan “Məzahirul-nur” (“Nurların hüzurunda”)dur. XIX əsr ictimai mühiti üçün səciyyəvi xarakter daşıyan Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” əsəri fəlsəfi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. İstər İslam fəlsəfəsi nöqteyi-nəzərindən, istərsə də bəşərilik baxımından özündə qeyri-adi hadisələri canlandıran və insanları riqqətə gətirən əsər fenomenliyi ilə diqqəti cəlb edir. Bu baxımdan əsərin müəyyən hissələri tədqiqata cəlb edilmiş, müəllifin həyatı və yaradıcılığı haqda məlumatlar əldə olunaraq məqalə və monoqrafiya şəklində çap edilmişdir. Digər əlyazma isə Salman Mümtaz tərəfindən hazırlanmış folklor toplusudur.
Həmçinin Kazım bəy Ordubadinin “Tibbə dair qeydlər” əsəri və ərəb dilinin qrammatikası ilə bağlı bir naxçıvanlı müəllifin şərh etdiyi yeni bir əlyazma üzə çıxarılmışdır. Hal-hazırda bu əlyazmanın üzərində müəyyən işlər aparılmaqdadır. Qeyd edək ki, hələ ki, bu naxçıvanlı müəllifin adı və soyadı dəqiqləşdirilməmişdir.
Adıçəkilən əlyazma mətnlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, əlyazmalar müxtəlif xətlərlə yazılmış, sonralar onların katiblər tərəfindən üzü köçürülmüşdür. Bu sadaladığımız əsərlər cari ilin sonunadək fondun balansına daxil ediləcəkdir.
– Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması və digər məsələlərlə bağlı hansı işlər görülmüş və görülməsi nəzərdə tutulub?
– Fondda Naxçıvan ərazisində mövcud olan əlyazmalar sistemli şəkildə tədqiq olunmuş, qeydə alınmışdır. Bu sahədə işlər davam etməkdədir. Tədqiqat dövründə Məhəmməd Həsən Ordubadinin, Bayrək Quşçuoğlunun, Mirzə Müslüm Qüdsinin, Şeyx Məhmud Şəbüstərinin, Salik Ordubadinin, Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvaninin əlyazmaları tekstoloji və filoloji cəhətdən araşdırılmışdır. Əli Əkbər ibn Məhəmmədrza Dəllak Naxçıvaninin “Muxtarnamə” əsərinin paleoqrafik xüsusiyyətləri müəyyənləşdirilmiş və həmin dövrü əhatə edən digər nümunələrlə müqayisəli şəkildə öyrənilmiş, orta əsr Naxçıvan əlyazmalarının paleoqrafik və orfoqrafik xüsusiyyətləri, dil tarixi geniş şəkildə tədqiq edilmişdir. Həmçinin Naxçıvanla bağlı aşkar olunan bir sıra əlyazmalar tədqiq edilmiş, onların ilkin elmi kataloqları hazırlanmışdır. Tədqiqatlar zamanı Əbu Bəkir ibn Xosrov Əl-Ustadinin 17 fəsildən ibarət “Munisnamə” əsəri geniş şəkildə araşdırılmış, Suli Fəqihin 4800 beytdən ibarət olan “Yusif və Züleyxa” poeması filoloji təhlil edilmişdir.
İslam tarixi, ədəbiyyat tarixi, humanitar və dəqiq elmlərə dair bir çox əlyazmalar və kataloqlar, cünglər və sair bu kimi mənbələr Naxçıvanın öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əlyazmalar Fondunda nadir sənət nümunələrinin kataloqlaşdırılmasına başlanılmışdır. Fondda 451 adda əlyazma toplanmışdır. Toplanılan əlyazmalar arasında Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktublar vardır ki, bu da qədim Nuh yurdunun öyrənilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Ümumiyyətlə, fonda müxtəlif mənbələrdən 80-dən çox naxçıvanlı alim, şair və sənətkarlar haqqında məlumat və onların bəzi əsərləri toplanılmış, ilkin tədqiqata cəlb edilmişdir. Aparılan elmi araşdırmalar nəticəsində naxçıvanlı alim, şair, sənətkarlar və onların əsərləri haqqında mənbələrdən əldə edilmiş ilkin məlumatlar əsasında biblioqrafik cədvəl hazırlanmışdır. Bundan başqa, Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu tərəfimizdən tərcümə və şərh edilərək “Tusi” nəşriyyatında nəşr olunmuşdur.
Ümumilikdə, qədim diyarın min­illiklərindən xəbər verən 150-yə yaxın əlyazma nümunəsinin ilkin kataloqlaşdırılması işi başa çatdırılmışdır. 100-dən artıq bütöv olmayan əlyazma isə tam bərpa olunduqdan sonra kataloqlaşdırılacaq. Hazırlanan kataloqda regionla bağlı əlyazmaların müəllifi, mövzuları, eyni zamanda çap tarixi, nəşr olunduğu yer, habelə əlyazmanın şəkli, kağız materiallarının növü, səhifə həcmi, bir sözlə, bütün kataloq məlumatlar öz əksini tapacaq.
Son olaraq onu deyək ki, muxtar respublikamızda hər bir sahədə olduğu kimi, elmin inkişafı istiqamətində də böyük uğurlar əldə olunmuşdur. Milli-mənəvi sərvətimiz olan qədim əlyazma nüsxələri tədqiqata cəlb olunmuş və nəticədə, tərcümə edilərək öz doğma dilimizdə ictimaiyyətin ixtiyarına verilmiş, bu da ilk yaşayış və şəhərsalma yeri kimi Naxçıvan tarixi haqqında həqiqətlərin aşkara çıxmasına böyük təsir göstərmişdir. Bu gün dövlətin yüksək qayğısı ilə əlyazma mətnlərində qorunan tarix öyrənilərək, tədqiq olunaraq gələcək nəsillərə miras saxlanılır. Ümid edirik ki, gələcək nəsil də bizim kimi tariximizə sahib çıxacaq, onu qoruyacaq, təbliğ edərək soy-kökü ilə qürur duyacaq.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR