23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə iki gün davam edəcək “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu öz işinə başlamışdır.
Simpozium iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət etmişlər.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə tanış olan simpozium iştirakçılarına muzey barədə ətraflı məlumat verilmişdir.
Sonra simpozium iştirakçıları AMEA Naxçıvan Bölməsində “Naxçıvanda Dədə Qorqud” adlı sərgiyə baxmışlar.
Daha sonra “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu öz işinə başlamışdır.
Simpoziumu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov simpozium iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu öz işinə başlayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycanın nüfuzlu alim və tədqiqatçıları, Türkiyə və İran İslam Respublikasının ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Bu isə beynəlxalq elmi simpoziumun səmərəli keçəcəyinə əsas verir.

Qeyd olunmuşdur ki, “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılmış və Dədə Qorqud meydanı yaradılmış, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı elmi konfrans keçirilmiş, tədqiqatlar aparılmış, kitablar nəşr olunmuşdur.
Vurğulanmışdır ki, bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi Tədbirlər Planına əsasən, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda açıq dərslər keçilmiş, dəyirmi masalar təşkil edilmiş, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filmi hazırlanmışdır. Bununla yanaşı, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşri hazırlanmış, Dədə Qorqud boylarındakı süjet və qəhrəmanların rəsm və əl işlərində yaşadılmasına diqqət artırılmışdır.
“Ali Məclis Sədrinin “Kitabi-Dədə Qorqud” irsinin yaşadılması sahəsində gördüyü işlər, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsidir”, – deyən Rəhman Məmmədov bildirmişdir ki, bu gün öz işinə başlayan “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu “Kitabi-Dədə Qorqud”un Naxçıvanla bağlı­lığının daha dərindən araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıyır. Aparılan araşdırmalar, tarixi və coğrafi dəlillər sübut edir ki, “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən bir sıra tarixi hadisələr məhz Naxçıvan ərazisində baş vermişdir. Buna görə də muxtar respublikada “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı yer-yurd adları mövcuddur. Dastanda adıçəkilən Naxçıvan şəhərindəki Qaraçuq kəndi, Şərur rayonundakı Dana qalası, Dana sazı, Əyrək və Oğuzdaşı kənd­ləri, Qazan bağı, Sarı ağıl, Xan bulağı, Şərur düzü, Babək rayonundakı Ağ qaya, Altuntaxt, Dərəşam, Dərəşam suyu, Günortac, Sarı bulaq, Xan yurdu, Ordubad rayonundakı Qazangöl, Qazangöl dağı, Qazangöl aşırımı, Qazanköç, Göygöl, Culfa rayonundakı Qazançı, Qazançı qalası, Qara dərə, Əlincə qalası, Əlincə dağı, Əlincəçay, Kəngərli rayonundakı Buğaçeşmə, Şahbuz rayonundakı Qaradağ, Köksü gözəl, Sədərək rayonundakı Qara çoban düzü, Sədərək kəndi, Sədərək düzü yer adları “Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrin, əsasən, Naxçıvan ərazisində cərəyan etdiyini göstərir.
Diqqətə çatdırılmışdır ki, dastanın Salur Qazanın evinin yağmalandığı, Basatın Təpəgözü öldürdüyü, Uşun Qoca oğlu Səkrək, Dirsə xan oğlu Buğac xan, Baybörənin oğlu Bamsı Beyrək, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu, Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi, İç Oğuza Dış Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boylarında baş verən hadisələr Naxçıvanda cərəyan etmişdir. Naxçıvanda “Kitabi-Dədə Qorqud” boyları və onlardakı süjetlərlə əlaqədar olaraq 50-dən artıq toponim müəyyənləşdirilmişdir. Aparılan tədqiqatlar sübut edir ki, bu toponimlərin sayı daha çoxdur və onların bir qrupunu adları birbaşa dastanda göstərilən coğrafi obyektlər, digər qrupunu isə dastanın qəhrəmanlarının və Oğuz tayfalarının adlarından yaranan toponimlər təşkil edir. Bu toponimlər tarixin inkar­edilməz, danılmaz şahidləridir. Onların ətraflı və dərindən öyrənilməsi, yerləşdiyi ərazinin tarixi-coğrafi xüsusiyyətlərinin dəqiqləşdirilməsi Naxçıvanı və bir sıra türk torpaqlarını özlərinin “qədim torpaqları” hesab edən, özlərinə uydurma tarix düzəldənlərə ən kəskin və layiqli cavabdır.
“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun qeyd olunan istiqamətlərdə fəaliyyətə öz töhfəsini verəcəyinə inandığını bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov simpozium iştirakçılarına uğurlar arzulamışdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Dədə Qorqud” ideyaları və müasirlik”, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Dədə Qorqud” və Naxçıvan folkloru”, Türkiyənin İğdır Universitetinin professoru Turqut Öcalın “Kitabi-Dədə Qorqud” dastanlarında islami dəyərlər”, İran İslam Respublikasının Təbriz Universitetinin professoru İbad Məmizadə Ağdaşlının “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasınının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud” dastanları və onun Naxçıvanla bağlılığı” mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlarda bildirilmişdir ki, Azərbaycan Oğuz türklərinin yaratdığı “Kitabi-Dədə Qorqud” dastanları dünya ədəbiyyatında özünəməxsus yer tutur. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, Türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev onun tədqiqi və təbliği istiqamətində tarixi addımlar atmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci ildə imzaladığı Sərəncam mahiyyət etibarilə bu böyük abidənin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da inkişafına uğurla xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır.
Çıxış edənlər “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar tarixi Sərəncam imzaladığına və həmin Sərəncamın Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etdiyinə, beynəlxalq elmi simpoziumun keçirilməsinə dəstək verdiyinə və himayə etdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova simpozium iştirakçıları adından minnətdarlıqlarını bildirmişlər.
Simpozium öz işini bölmə iclasları ilə davam etdirir.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR