23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunun Qızıl Qışlaq kənd tam orta məktəbində rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının iş planına əsasən, “Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir.
Məktəbin pedaqoji kollektivi və şagirdlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova bildirmişdir ki, ulu öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Qeyd olunmuşdur ki, bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün hər birimiz vəzifə borcumuzun məsuliyyətini dərk etməli, öhdəmizə düşən işin icrasına səy göstərməliyik. Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqlarımızı qorumaq üçün vətəni qəlbən sevmək lazımdır. Gənclərin vətən sevgisi onların gələcək həyat yolunu düzgün istiqamətləndirir. Vətəni sevmək heç də həmişə yalnız ələ silah alıb döyüşə atılmaq deyil, həm də vətəninin əmin-amanlıq şəraitində yaşamasına çalışmaqdır. Bununla yanaşı, hər birimiz milli dəyərlərimizə həmişə hörmətlə yanaşmalı, kimliyimizin təsdiqi olan adət-ənənələrimizə sadiqlik göstərməliyik. Biz fəxr etməliyik ki, bu gün belə gözəl vətənimiz var. Lazım olan anda azərbaycanlı gənclər bu vətən üçün ölümün gözünə dik baxa biliblər, torpaq uğrunda şəhid olublar.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov çıxış edərək bildirmişlər ki, vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir. Elə buna görə də insan bu sevgiyə köklənəndə dünyanın bütün gücünü qollarına, Günəşin nurunu, işığını isə qəlbinə yığır. Vətəni sevmək, vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçil­miş bir sənət, peşə sahibi olmaq əsas deyil. Əsas odur ki, kimliyindən asılı olmayaraq, hər kəs vətən üçün yaşaya bilsin. Sözün həqiqi mənasında, vətənin daşına, qayasına vurğun olsun. Əsgər döyüş meydanlarında vuruşur, vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətimiz abadlaşır. Alim əməyi isə vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər. Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlılığıdır. Vətən borcu vətəndaşlıq borcudur. Bu baxımdan ən şərəfli peşə sahibləri olan müəllimlərimizin üzərinə mühüm vəzifələr düşür. Təbii ki, şagirdlərin vətənpərvərlik tərbiyəsi bu vəzifələr sırasında ön sırada dayanır. Dövlətimiz də şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsi üçün məktəblərimizdə hərtərəfli şərait yaradır.
Sonra şagirdlərin sualları cavablandırılmışdır.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR