Noyabr ayının 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 2015-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının və yeni tədris proqramı (kurikulum) əsasında hazırlanmış tarix fənni üzrə VIII sinif dərslik komplektlərinin müzakirəsinə həsr olunmuş elmi- metodik seminar keçirib.
Əvvəlcə TQDK Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov çıxış edərək muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva TQDK tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat verib.
Tarix fənni üzrə elmi-metodik seminarın rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov və Bakı şəhərindəki 170 nömrəli tam orta məktəbin müəllimi Niyaməddin Quliyev 2015-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodik baxımdan təhlili və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 8-ci sinif dərslik komplektlərinin monitorinqi haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.
Tarix fənni üzrə VIII sinif dərslik komplektlərinin müəllifləri – AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Avropa-Azərbaycan məktəbinin müəllimi Hafiz Cabbarov tədbir iştirakçılarının suallarını cavablandırıblar. Qeyd olunub ki, belə seminarların keçirilməsində məqsəd gələcəkdə çap ediləcək dərsliklərin daha mükəmməl olması üçün Azərbaycanın bütün bölgələrindən olan mütəxəssislərin fikir və təkliflərini öyrənməkdir.
Seminarda Bakı şəhərindən gələnlərlə yanaşı, regional bölmə əməkdaşları və müvafiq fənlər üzrə muxtar respublikanın qabaqcıl orta məktəblərinin müəllimləri iştirak ediblər.
Qeyd edək ki, bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə elmi-metodik seminar keçiriləcəkdir.
Xəbərlər şöbəsi