(Əvvəli qəzetin 26 noyabr
2015-ci il tarixli sayında)
Müasir texnologiyaların elm, təhsil və digər sahələr üzrə tətbiqi bu günün ən mühüm şərti, inkişafın əsas meyarıdır. Mühüm yeniliklərdən biri də təhsil ocaqlarında quraşdırılan elektron lövhələrdir. Qeyd edək ki, dərsdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. Bu gün məktəblərdə 600-dən çox elektron lövhə quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. 2014-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsilin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verilib, ötən dövrdə bu sahədə uğurlar qazanılıb.
Son illərdə təhsil sahəsində yeniliklərdən bəhs edərkən nümunəvi dərslərin təşkilini də xüsusilə qeyd etmək lazımdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamı bu baxımdan böyük əhəmiyyətə malikdir. Sərəncama əsasən, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi olan müəllimlərinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunur.
Muxtar respublikada heç bir uşaq təhsildən kənarda qalmayıb
Müstəqillik illərində təhsil sahəsində görülən ən mühüm tədbirlərdən biri də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində həyata keçirilən tədbirlərdir. 2010-cu ilin oktyabr ayında dövlət başçısının iştirakı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilib. Hazırda buradakı brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana, zehni inkişafında və nitqində qüsur olan uşaqların reabilitasiyası məqsədilə yaradılan kinekt otağı, defektoloji bölmə fəaliyyət göstərir. Bundan əlavə, bacarıq və maraqları nəzərə alınan sağlamlıq imkanları məhdud uşaqlar brayl və kompüter kurslarına cəlb olunurlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu qəbildən olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını qoydu. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin edilməsi məqsədilə qəbul olunan bu proqrama əsasən, 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.
Məktəbdənkənar təhsil müəssisələri
Naxçıvandakı məktəbdənkənar müəssisələrin fəaliyyəti də diqqət mərkəzindədir. 20 il bundan əvvəl belə müəssisələrin fəaliyyəti tamamilə dayandırılmışdı. Bu gün isə muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində 44 belə müəssisə fəaliyyət göstərir. Ayrı-ayrı rayonlarda şahmat məktəbləri, Uşaq-Gənclər Yaradıcılıq mərkəzləri və başqa məktəbdənkənar müəssisələr üçün inzibati binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq uşaq və gənclərin istifadəsinə verilib. Yaradılmış yüksək şəraitin nəticəsində məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə 29000-ə yaxın şagirdin cəlbinə nail olunub.
Muxtar respublikada fəaliyyət göstərən 8 şahmat məktəbi binasının hamısı yenidir. Bu binalar yüksək maddi-texniki bazaya malikdirlər. Bu gün ümumtəhsil məktəblərinin hamısında şahmat dərsi tədris olunur. Yaradılan şərait hesabınadır ki, artıq bir neçə ildir, muxtar respublika beynəlxalq şahmat festivallarına ev sahibliyi edir.
Bu gün sürətli inkişaf yoluna qədəm qoyan Naxçıvanda ixtisaslı kadrlara böyük ehtiyac var. Kənd təsərrüfatına, sənayeyə, iqtisadiyyata, idarəetməyə və digər sahələrə ixtisaslı kadrlar tələb olunur. Elə buna görə də doğma yurdumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinin bir qolunu da gənclərin peşə vərdişlərinə yiyələnmələri istiqamətində həyata keçirilən tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikasında texniki-peşə təhsili sisteminin şəbəkəsinin genişləndirilməsi məqsədilə 2009-cu ildə Naxçıvan şəhərində peşə liseyi üçün bina tikilib istifadəyə verilib. Bundan başqa, Naxçıvan Texniki-Peşə və Sürücülük, Şərur Texniki-Peşə və Sürücülük Məktəb komplekslərinin yaradılması bu sahədə mühüm nailiyyətlər qazanılmasına səbəb olub. Hazırda Ordubad Texniki-Peşə və Sürücülük Məktəbi üçün bina əsaslı şəkildə yenidən qurulur.
Təhsil və məktəbli yarmarkaları, vahid məktəbli forması
Müstəqillik illərində təhsil sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərkən muxtar respublikada təşkil olunan təhsil və məktəbli yarmarkalarını da xüsusilə qeyd etməliyik. 2005-ci ildən etibarən ənənəvi olaraq keçirilən təhsil yarmarkaları nəticəsində 700 nəfərdən çox gənc kadr müəllim kimi muxtar respublikanın ucqar dağ və sərhəd yaşayış məntəqələrində işlə təmin olunub.
1998-ci ildən keçirilən məktəbli yarmarkası da naxçıvanlıların ürəyincədir. Neçə il əvvəl dərs ilinin başlanmasına bir qədər qalanda övladları məktəblərə gedəcək valideynlər bir çox qayğılarla yaşayırdılar. Məktəbli ləvazimatlarını tapmaq çətin olurdu. Muxtar respublikada nail olunmuş sosial-iqtisadi inkişaf, təhsilə göstərilən dövlət qayğısı bütün valideynlərin, həmçinin müəllim və şagirdlərin həmin problemini aradan qaldırıb. Dərsliklər pulsuz verilir, şagird və müəllimlər vahid geyim formasından istifadə edir, istənilən ölçüdə olan forma ucuz qiymətə satılır, məktəbli ləvazimatları da boldur.
Ulu öndər Heydər Əliyevə sədaqət nümunəsi
Deyirlər o dövlət, o cəmiyyət güclüdür ki, onun gəncliyi, ümumilikdə, insanları dövlətə, mənsub olduğu xalqa sədaqətlidir, vətənpərvərdir, təhsillidir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, şəxsiyyəti nümunə kimi təhsil müəssisələrində tərbiyə işinin aparıcı istiqamətinə çevrilib. Təhsil müəssisələrində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Təhsil ocaqlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin şagirdlərə öyrədilməsində müxtəlif metodlardan istifadə olunur. Heydər Əliyev lektoriyalarında ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərimizə aşılanır. Bundan başqa, tədris ili ərzində şagirdlərin Heydər Əliyev Muzeyində keçilən açıq dərslərə cəlb olunması diqqət mərkəzində saxlanılır.
Son illərdə ənənə alan tədbirlərdən biri də Heydər Əliyevçi gəncliyin yürüşüdür. Hər il Naxçıvan şəhərində keçirilən təntənəli yürüşə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Heydər Əliyev adına tam orta məktəbin şagirdləri, gənc fəallar, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər”i qatılır.
Yolumuz xoş gələcəyə, işıqlı sabahlara doğrudur
Müstəqillik illərində təhsil sahəsində görülən işlər bir əsrdə görüləcək işlərə bərabərdir. Qürurverici haldır ki, çəkilən zəhmət hədər getməyib, öz bəhrələrini verib. Təhsildə əsas uğurlar ali məktəblərə qəbulun nəticələri ilə ölçülür. Hər il qəbul imtahanlarında həm keyfiyyət, həm də kəmiyyət artır. Müqayisə aparaq. 1996-cı ildə 401 nəfər tələbə adını qazanmışdısa, 2005-ci ildə onların sayı 1018 nəfər olub. 2014-2015-ci tədris ilində isə 1582 abituriyent tələbə adını qazanıb. Onlardan 313 nəfəri 500-700 intervalında bal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1995-1996-cı tədris ilində bu göstərici 5 nəfər olmuşdu.
2014-2015-ci tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verənlərin sayı 916 nəfər təşkil edib. Onlardan 310 nəfəri tələbə adını qazanıb.
Muxtar respublika rəhbərinin yüksək bal toplayan gənclərlə görüşməsi və onları mükafatlandırması artıq ənənə halını alıb. Ali Məclis Sədrinin yüksək bal toplayan gənclərlə görüşləri gənclərin yaddaşlarından heç zaman silinmir. Çünki ikisaatlıq bu görüş onların həyatlarına böyük bir məktəb təsiri bağışlayır. Görüşün bir əhəmiyyəti də ondan ibarətdir ki, orta məktəb şagirdləri həvəslənərək daha yüksək bal toplamaq əzmi ilə çalışır və bu görüşdə iştirak etməyi arzulayır.
Oxucuların nəzərinə çatdırım ki, son 20 ildə ümumtəhsil məktəblərini 89305 məzun bitirib, onlardan 52165 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd verib, 21162 nəfəri tələbə adını qazanıb. Bunlardan 2945 nəfəri 500-700 intervalında bal toplayıb.
Müasir Naxçıvan gəncliyi vətənpərvərdir, ölkəsini inkişaf etdirmək, qorumaq əzmində olan gənclikdir. Ali Məclisin Sədri yüksək bal toplayan gənclərlə görüşlərinin birində deyib: “Siz bu gün tələbə adını qazanmaqla sosial və milli çağırış olan kadr hazırlığı sahəsində çətin və şərəfli yola qədəm qoyursunuz. Seçdiyiniz ixtisasa dərindən yiyələnin. Unutmayın ki, biz bu gün sizə baxarkən istər-istəməz Vətənimizin gələcəyinə baxırıq. O gələcək sizə – bugünkü gəncliyə məxsusdur. Gələcəkdə ölkəmizin idarəçiliyi, təsərrüfat həyatı, müdafiəsi sizə həvalə olunacaqdır. İndidən elə yol tutun ki, xalq işi üçün faydalı olsun. Yadda saxlayın ki, vətəndaş və mütəxəssis kimi yetişməyiniz, birinci növbədə, sizin özünüzdən asılıdır. Harada təhsil almağınızdan, fəaliyyət göstərməyinizdən asılı olmayaraq, unutmayın ki, siz müstəqil Azərbaycanın gəncliyini təmsil edirsiniz. Doğma diliniz Azərbaycan dilidir. Doğma yurdunuz Azərbaycandır. Bu yurdu, azərbaycanlı adını, şərəfini daim uca tutun, bu ada layiq olmağa çalışın”.
Bu gün Naxçıvanda üç ali məktəb fəaliyyət göstərir. Ali məktəblərin ikisi filial, biri özəl təhsil ocağı kimi fəaliyyətə başlayıb. Həmin təhsil ocaqlarının müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirməsi muxtar respublikada təhsilə və elmə göstərilən qayğının daha bir ifadəsidir. Bu həm də o deməkdir ki, orta məktəblərdə təhsilini başa vuran məzunlar məhz Naxçıvanda ali təhsil almaq imkanı qazanıblar. Son illər isə ölkəmizin digər regionlarında orta təhsilini başa vuran məzunların da böyük bir qismi Naxçıvana üz tutur. Çünki Naxçıvanda təhsilə göstərilən qayğının səsi muxtar respublikanın hüdudlarını aşıb. Onu da qürurla demək lazımdır ki, Naxçıvanda ali təhsil alan tələbələrin sırasında xarici ölkələrin vətəndaşları da var.
Son söz yerinə...
Əslində, təhsilin Naxçıvan modelinin bugünkü inkişaf səviyyəsi son söz deməyə imkan vermir. Çünki bu vacib sahənin inkişafı diqqətdə saxlanılmaqla qazanılan uğurlar getdikcə artır. Və gələcəkdə əldə ediləcək nailiyyətlərin daha çox olacağı istisna deyil. Bu, günün reallığıdır. Ancaq onu demək istəyirəm ki, bu reallığa asanlıqla nail olunmayıb.
Dünən muxtar respublikanın hərtərəfli şərait yaradılmış müasir məktəblərini bitirən gənclər bu gün nazirdir, deputatdır, alimdir, Avropa və dünya çempionudur, mükəmməl kompüter mühəndisidir, uğurlu açıq ürək əməliyyatı aparan həkimdir, sözünü deyən jurnalistdir. Müstəqil Azərbaycanın Naxçıvanın yetişdirdiyi vətəndaşıdır... Torpağına bağlı, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaş. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Vətənpərvər olan gənc özünü Azərbaycanın gələcək qurucusu kimi hiss edə bilər. İndidən, orta məktəbin ilk günündən uşaqlara aşılamaq lazımdır ki, bu Vətən, bu ölkə sənindir, onun qurucusu da, qoruyucusu da sənsən!”
Bu gün Vətənin qurucusu və qoruyucusu sıralarında naxçıvanlı gənclər ön sırada gedirlər.
Sara Əzimova
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər arasında
yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür