23 Dekabr 2024, Bazar ertəsi

 Beynəlxalq tədbirin iştirakçıları bunu xüsusi vurğuladılar

Xəbər verdiyimiz kimi, oktyabrın 16-17-də “Naxçıvan” Universitetində  “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirildi. “Naxçıvan” Universitetinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Türkiyənin Ərdahan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 5 ölkənin 35 elm və təhsil müəssisəsindən 100-dən çox görkəmli elm xadimlərinin, mədəniyyət işçilərinin və tədqiqatçıların iştirak etməsi onun əhəmiyyətini daha da artırdı.

Xarici ölkələrdən tədbirdə iştirak edən tanınmış elm xadimləri ilə söhbətimizdə də onlar tədbirin əhəmiyyətini vurğuladılar, təşkilatçılığın çox yüksək səviyyədə olduğunu qeyd etdilər. Bu barədə bizimlə fikirlərini bölüşən qardaş Türkiyə Respublikasının Ərdahan Universitetinin prorektoru, Qafqaz Universitetlər Birliyinin baş katibi, professor Orhan Söyləməz dedi:
– “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın yüksək səviyyədə baş tutması məni qürurlandırdı. Hər bir detala xüsusi diqqət yetirilməsi, təşkilatçılığın yüksək səviyyədə olması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikasında beynəlxalq tədbirlərin keçirilməsi məsələsində bir sıra ölkələrə nümunə olacaq çox böyük təcrübə mövcuddur.
Beynəlxalq konfransda müzakirə olunan məsələlər də önəmli sahələri əhatə etdi. İstər plenar iclasda, istərsə də bölmə iclaslarında əhəmiyyətli çıxışlar oldu, ciddi elmi müzakirələr aparıldı və mühüm elmi nəticələr əldə edildi. Qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi, yol üzərində olan ölkələr arasında iqtisadi-mədəni əlaqələrin inkişafının önəmli olduğu vurğulandı, “Türk qapısı”, “Şərqin qapısı” adlandırılan Naxçıvanın, həqiqətən də, “İpək Yolu qapısı” olduğu qeyd edildi.

Burada naxçıvanlı həmkarlarımın fəallığı da diqqətimdən yayınmadı. Onlar konkret elmi faktlar ortaya qoyur, iqtisadi-mədəni və tarixi məsələləri çox aydın bir şəkildə izah edir, istər Böyük İpək Yolunun, istərsə də bu yol üzərində çox mühüm geostrateji mövqedə yerləşən Naxçıvanın əhəmiyyətini vurğulayır, elmi məruzələri ilə bizi heyrətləndirirdilər. Bu, Naxçıvanda elmin inkişafını göstərən əhəmiyyətli amildir.
Yeri gəlmişkən, muxtar respublikada təhsilə, elmin inkişafına böyük diqqət yetirildiyinin, bu sahənin dövlət qayğısı ilə əhatə olunduğunun da şahidi oldum. Burada bizə məlumat verildi ki, “Naxçıvan” Universiteti üçün universitet şəhərciyi ötən ay istifadəyə verilib. Bizi şəhərcik ilə tanış etdilər. Həqiqətən də, çox gözəldir. Binaların müasirliyi, maddi-texniki təminatın çox yüksək səviyyədə olması göz qabağında idi. Müşahidələrimə əsasən inamla deyə bilərəm ki, bu gün “Naxçıvan” Universiteti üçün yaradılmış bu şərait ancaq dünyanın tanınmış universitetlərində ola bilər. Bundan sonra qalır təhsilin səviyyəsini də nüfuzlu dünya universitetləri səviyyəsinə çatdırmaq. Fikrimcə, Naxçıvandakı elmi potensial buna tam imkan verir.
Onu da deyim ki, yeni bərpa olunan İpək Yolu artıq, sadəcə, quru yol deyil, “Dəmir İpək Yolu, Dəniz İpək Yolu, Hava İpək Yolu, Enerji İpək Yolu, Fiber-optik İpək Yolu, Mədəniyyətlərin İpək Yolu” və sair kimi ifadələrlə yeni məzmun qazanmış nəhəng layihədir. Bu məsələdə təhsilin rolunu xüsusi qeyd etmək istərdim. Bizim Qafqaz Universitetlər Birliyi də təhsildə qarşılıqlı təcrübə mübadiləsini əsas götürüb. 2009-cu ildə yaradılan və bu il may ayından etibarən ətrafında birləşən universitetlərin sayı 92-yə çatan birliyin əsas məqsədi də məhz təcrübə mübadiləsidir. Qafqaz Universitetlər Birliyi bu regionda yaşayan və ortaq mədəniyyətləri paylaşan Azərbaycan, türk, gürcü xalqlarının elmi-intellektual inkişafında, tələbə-gənclər arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində, təcrübə mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır. 2013-2014-cü tədris ilindən həyata keçirilən Mövlana Mübadilə Proqramı bu baxımdan əhəmiyyətlidir. Artıq Türkiyədə 54 ölkənin 1069 universiteti ilə Mövlana Mübadilə Proqramı ilə bağlı protokol imzalanıb. Bu, çox böyük bir rəqəmdir.
Onu da deyim ki, Qafqaz Universitetlər Birliyinin 7 təsisçisindən biri də Naxçıvan Dövlət Universitetidir. 2011-ci ildə “Qafqaza gənc baxışlar” adlı konfransımızın ev sahibi də Naxçıvan Dövlət Universiteti olmuşdur. Həmin il mən də konfransda iştirak etmək üçün Naxçıvana gəlmişdim. Bunu xüsusi qeyd etmək istəyirəm ki, həmin ildən bu tərəfə muxtar respublika müsbət mənada inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Möhtəşəm bir yol infrastrukturu yaradılıb, Naxçıvan şəhəri xeyli gözəlləşib. Sürətli inkişaf hər tərəfdə özünü göstərir. Yolboyu hara baxırsan abad, gözəl mənzərələr görürsən. Bu, o deməkdir ki, Naxçıvan Muxtar Respublikası artıq Cənubi Qafqazın ən gözəl diyarlarından birinə çevrilib. Bu mənada, Azərbaycanı ürəkdən sevən bir insan kimi Naxçıvanla qürur duyuram.
Erbulat Smaqulov – Qazaxıstan Milli Elm­lər Akademiyası Etnoqrafiya İnstitutunun professoru:
– “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda “Naxçıvan” Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyətə malikdir. Bu mövzu bizə çox yaxındır, çünki artıq uzun illərdir ki, Azərbaycanda olduğu kimi, Qazaxıstanda da bu sahədə işlər aparılır.
Bu konfransın əhəmiyyətinə gəlincə, bir məqama diqqət çəkmək istərdim. Məlum olduğu kimi, ötən dövrlərdə YUNESKO-nun hazırladığı və bir çox böyük ölkələrin elmi, mədəni və ictimai fəaliyyətini əhatə edən “Böyük İpək Yolu: mədəniyyətlərin dialoqu” adlı çoxsaylı proqramlar çərçivəsində beynəlxalq ekspedisiya İpək Yolu ilə bağlı karvan yolları ilə hərəkət edərək Mərkəzi Asiya, Çin, Monqolustan, Qazaxıstan, Azərbaycan, Ukrayna və digər ölkələrdə olub. Həmin proqrama görə, Moskvada, Səmərqənddə, Ürgəncdə, Donetskdə, Ulan-Batorda toplantılar keçirilib. Bu gün belə beynəlxalq simpozium və konfranslar, demək olar ki, dünyanın ən inkişaf etmiş ölkələrində hər il keçirilməkdədir – o cümlədən Amerikada və Avropada. Bu mənada “Naxçıvan” Universitetində “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” adlı beynəlxalq konfransın keçirilməsi həm də regionun bu əhəmiyyətli mövqeyini beynəlxalq ictimaiyyətin və YUNESKO kimi nüfuzlu bir qurumun diqqətinə çatdırmaq baxımından əhəmiyyətlidir.
Məlumdur ki, İpək Yolu, sadəcə, ticarət əhəmiyyətinə görə deyil, həm də mədəniyyətlərarası münasibətlərin inkişafına da ciddi təsir göstərib. Naxçıvan ərazisinin əfsanəvi İpək Yolu üzərində mühüm məntəqə kimi təbliğ olunması bölgədə turizmin inkişafına böyük təsir göstərəcəkdir. Bu yolla həm də bölgəyə olan iqtisadi, mədəni və elmi maraqlar daha da artacaqdır.
İpək Yolu bizim xalqları həm iqtisadi-ticarət, həm də mədəniyyət əlaqələri baxımından yaxınlaşdırır, birləşdirir. Bizim tarixi köklərimizin bir olması, yəni qardaş xalqlar kimi ortaq mədəniyyətimizin mövcudluğu bu məsələdə aparıcı rol oynayır. Ona görə də mən çox şadam ki, belə yüksəksəviyyəli bir beynəlxalq tədbirin iştirakçısı oldum. Və mən həm də ona görə şadam ki, Türk dünyasının çox əhəmiyyətli bir regionu olan qədim Naxçıvanı, onun tarixi abidələrini gördüm.
Mən həm də Türküstan Arxeoloji Ekspedisiyasına rəhbərlik edirəm. Tarixi Türküstan Qazaxıstanın cənubunda, Sırdərya çayının sahilində yerləşir. Naxçıvana gələndə də diqqətimi daha çox buradakı tarixi abidələr və qədim diyarda aparılan arxeoloji qazıntıların nəticələri cəlb etdi. Səmimiyyətlə qeyd edim ki, Naxçıvanda tarixi keçmişə çox böyük əhəmiyyət verildiyinin şahidi oldum. Tarixi abidələr yüksək səviyyədə bərpa olunub. Onlar çox gözəl qorunub saxlanılıb. Qardaş xalqın övladı kimi burada tarixi abidələrə yüksək diqqətin göstərilməsi məni hədsiz dərəcədə sevindirdi.
Naxçıvanda bir daha şahidi oldum ki, Azərbaycan xalqı çox qonaqpərvər bir xalqdır. Mən burada doğma münasibətin, böyük mədəniyyətin, bizim xalqlarımız arasında tarixə söykənən doğma dostluq, qardaşlıq hislərinin şahidi oldum. İpək Yolu üzərində yerləşən xalqlar eyni tarixi prosesləri keçiblər və bir-birinə yaxın olan mədəniyyət formalaşdıra biliblər. Ümid edirəm ki, iqtisadi, mədəni körpü rolunu oynayacaq İpək Yolunun bərpası bizi daha da yaxınlaşdıracaqdır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR