Noyabrın 16-da Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlər üçün həftə sonuna qədər davam edəcək seminar öz işinə başlayıb.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq təhsilin inkişafından danışıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması, eyni zamanda müəllimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması muxtar respublikada təhsilə göstərilən qayğının bariz nümunəsidir.
Nazir ölkəmizin gələcəyi olan gənclərin dövlətçiliyimizə sədaqət ruhunda böyümələri, yaxşı təhsil alaraq ölkəmizə və xalqımıza layiqli vətəndaş kimi yetişmələri üçün müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
Vurğulanıb ki, ümumtəhsil məktəblərində kimya, biologiya, fizika laboratoriyalarında müasir tədris və təcrübə avadanlıqlarının qoyulması şagirdlərin dəqiq elmlərə olan marağını artırır. Bu laboratoriyalardan düzgün istifadə isə həmin fənləri tədris edən müəllimlərdən asılıdır.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxış edərək belə seminarların müəllimlərin nəzəri biliklərinin artırılmasına xidmət etdiyini, ali və orta ümumtəhsil məktəb müəllimləri arasında elmi mübadilə baxımından faydalı olduğunu bildirib.
Sonra seminarın ilk dərsi öz işinə başlayıb. Əvvəlcə müəllimlər Naxçıvan Dövlət Universitetinin fizika, kimya və biologiya laboratoriyalarında əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə tanış olublar.
Qeyd edək ki, biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlər üçün “Biologiya dərslərində Zərdabi irsindən istifadə”, “Biologiyanın tədrisində əsas tərbiyəvi amillər – tədrisin tərbiyəvi əhəmiyyəti”, “Şagirdlərdə torpağa, ətraf mühitə məhəbbət hislərinin aşılanması”, “Kimyanın tədrisi prosesində şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması”, “Kimyanın tədrisi prosesində fəndaxili və fənlərarası əlaqənin əhəmiyyəti”, “Ağırlıq qüvvəsinin təsiri altında hərəkət”, “Bucaq altında atılmış cismin hərəkəti”, “Arximed qüvvəsi. Üzmə şərtləri” və digər mövzularda seminarlar keçiriləcək.
Xəbərlər şöbəsi