24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanda elmin, təhsilin inkişafı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da öz real inikasını tapmaqdadır. Yüksəkixtisaslı gənc alim və mütəxəssislərin hazırlanması, onların intellektual səviyyələrinin yüksəldilməsi üçün Naxçıvan Dövlət Universitetində də mühüm işlər görülür.
Son iyirmi ildə Naxçıvan Dövlət Universiteti elmin, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət qayğısından bəhrələnərək müasir universitet kimi formalaşıb, ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilib. Dünya elm, təhsil sisteminə uğurla inteqrasiya edən bu ali məktəbdə son iyirmi ildə qazanılan əsas uğurlardan biri də tələbə mobilliyinə nail olunmasıdır. Tələbə və doktorantlarımız dünya təhsil təcrübəsini mənimsəmək məqsədilə Türkiyə, Rusiya, Gürcüstan, Rumıniya, Çexiya, İspaniya kimi ölkələrdə təhsillərini uğurla davam etdirirlər. Həmyerlimiz Şəhanə Hüseyn­ova da “Erasmus Mundus” proqramı çərçivəsində xaricdə doktorantura təhsili alan ilk iki azərbaycanlıdan biridir. Şəhanə Hüseynova 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsində “kimya müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. 2006-2008-ci illərdə həmin ali məktəbdə “qeyri-üzvi kimya” ixtisası üzrə magistratura təhsil pilləsində oxuyub. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “qeyri-üzvi kimya” ixtisası üzrə doktorantı olub.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilmişdi. 2012-ci ildə Avropada ali təhsil keyfiyyətini yüksəltmək və mədəniyyətlər arasında üçüncü ölkələrlə əməkdaşlıq yolu ilə qarşılıqlı anlaşma yaratmaq məqsədilə Avropa və qeyri-Avropa universitetləri arasında tələbə və təhsil mübadiləsi həyata keçirən “Erasmus Mundus” pro­qramının maliyyələşdirdiyi “ALRAKIS” layihəsi çərçivəsində Azərbaycandan 5 bakalavriat, 2 magistrant və 2 doktorant olmaqla, 9 tələbə seçilir. Layihənin doktorantura üzrə iki nəfər qalibindən biri Şəhanə Hüseynova olur. 2012-2014-cü illərdə doktorantura təhsilini İspaniyada, Santiago de Compostela Universitetinin Kimya fakültəsində davam etdirən Şəhanə hazırda universitetin Kimya fakültəsinin nəzdindəki Nanotexnologiya və maqnetizm laboratoriyasında elmi işçi kimi çalışır, “Metal klasterlərin sintezi və katalitik xassələrinin öyrənilməsi” mövzusunda araşdırma aparır. O, ingilis və ispan dillərini öyrənməklə yanaşı, kompüter biliklərinə də malikdir. 8 elmi məqalə, 2 tezis, 120 publisistik məqalə müəllifidir.
Sosial şəbəkə vasitəsilə həmsöhbət olduğum Şəhanə Hüseynova dedi ki, sözügedən layihədə Azərbaycanın çox az universiteti təmsil olunurdu və həmin təhsil ocaqlarından biri də məhz Naxçıvan Dövlət Universiteti idi.
Doktorantura təhsilini uğurla başa vuran Şəhanə Hüseynova apardığı elmi-tədqiqat işi barədə də məlumat verdi: “Nanotexnologiya ilə məşğul olan dünya alimlərinin son illər ən çox diqqət göstərdiyi sahələrdən biri də nanohissəciklərin və nanoklasterlərin sintezi, xassələrinin öyrənilməsi və tətbiqi sferası məsələləridir. Nanoklasterlərin öyrənilməsi yeni bir sahə olduğundan bununla çox az qrup məşğul olur. Bu qruplardan biri mənim də tərkibində olduğum, NANOMAG laboratoriyası nəzdində fəaliyyət göstərən qrupdur. Qrup rəhbəri professor Arturo Lopez Quintelanın rəhbərliyi ilə mövzumla bağlı araşdırma aparıram. Mövzunun ən əsas əhəmiyyət kəsb edən tərəflərindən biri odur ki, sintez olunan klasterlər bu gün kimyanın ən mühüm tətbiq sahələrindən biri olan kataliz sahəsində müstəsna yer tutur”.
Həmyerlimizin 2014-cü ilin iyun ayında İspaniyanın Madrid şəhərində keçirilən 4-cü beynəlxalq kolloidlər konfransındakı çıxışı, “Kiçikölçülü platin və mis klasterlərinin suda sintezi və xassələrinin öyrənilməsi” mövzusundakı tezisi (David Buceta ilə birlikdə, professor Arturo Lopez Quintelanın rəhbərliyi ilə) maraqla qarşılanıb.
Həmyerlimizin Santiago de Compostela Universitetinin NANOMAG laboratoriyasındakı qrupla birgə apardığı araşdırma nəticəsində ərsəyə gələn “Yüksək davamlılıq və katalitik aktivlik göstərən metal klasterlər: nukleativ nəticələr və böyümə teorisi” adlı məqaləsi isə 2015-ci ilin yanvar ayında Avropanın məşhur elmi jurnallarından birində nəşr olunub.
Tezliklə vətəninə qayıdıb qazandığı bilikləri sevə-sevə öz xalqının övladlarına tədris etmək, Azərbaycan kimya elminin inkişafına xidmət etmək arzusunda olduğunu bildirən Şəhanə bu gün elmi-tədqiqat yolu tutan gənc doktorantlarımızı həqiqi bir alim kimi yetişmək üçün yorulmadan çalışmağa, mütaliə etməyə, elmə məsuliyyətlə yanaşmağa çağırır: “Bütün tələbələrə, elmi-tədqiqat yolunu tutan gənclərimizə bu yolda uğurlar arzu edirəm. Xaricdə təhsil alan həmvətənlərimiz unutmasınlar ki, Vətənin gözü onlardadır. Dövlətimizin bizə göstərdiyi etimadı, bizim təhsilimiz üçün çəkilən zəhməti ancaq qayıdıb Vətənə, xalqa fədakarlıqla xidmət etməklə doğrulda bilərik”.

Mehriban Sultan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR