“Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərinin zaman-zaman bir neçə dəfə etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Nəticədə, həmvətənlərimiz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Qarabağın dilbər guşələrindən biri olan Xocalı da ötən əsrin əvvəllərində erməni daşnakları tərəfindən yandırılıb, viran edilib. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımının nəticələri daha ağılasığmaz, daha dəhşətli olub. Öz miqyasına görə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir”.
Bu fikirlər dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr edilmiş bir dərs saatında səsləndirilib, Xocalı soyqırımı ilə bağlı tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilib.
Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də ətraflı bəhs edilib, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Xəbərlər şöbəsi