24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində görkəmli ədəbiyyatşünas-alim Əziz Şərifin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
“Əziz Şərif – 120: Azərbaycan elminin fədakar səfiri” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
“Əziz Şərifin həyatı və yaradıcı­lıq yolu” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov bildirib ki, Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil alıb. 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailəsi ilə yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib və həmin illər Əziz Şərifin elmi fəaliyyətində mühüm rol oynayıb. Seyfəddin Eyvaz­ov XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında, ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında ustad alimin müstəsna xidmətlərindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova “Azərbaycan memuar ədəbiyyatında Əziz Şərif imzası” mövzusunda məruzə edib. Qeyd olunub ki, ədəbi fəaliyyətə 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunan “Naxçıvandan məktublar”ı ilə başlayan görkəmli alim Əziz Şərifin “Keçmiş günlərdən” seriyasına daxil olan həcmcə ən böyük memuarı “Atam və mən” adlanır. Məruzədə Əziz Şərifin Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etdiyi, onlara “ön söz”, “müqəddimə” və şərhlər yazdığı bildirilib. Vurğulanıb ki, Moskva Dövlət Universitetinin kafedra müdiri vəzifəsində çalışan professor Əziz Şərif Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində dərs deməklə bu beynəlxalq statusa malik universitetdə təhsil alan əlliyə yaxın ölkənin nümayəndələri arasında da ədəbiyyatımızın təbliği işinə xidmət edib. Beləliklə, professor Əziz Şərif Rusiyada Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin fədakar səfiri olmaq vəzifəsini yarım əsrdən çox yerinə yetirib.
“Əziz Şərif öz tədqiqatları ilə Azərbaycanda mollanəsrəddinşünaslığı müstəqil bir elm səviyyəsinə yüksəltdi. Bununla belə, bu gün Əziz Şərifin tədqiqatlarına istinadən mollanəsrəddinşünaslıqda yeni elmi uğurların əldə edilməsi tamamilə məntiqi və qanunauyğundur”. Bu fikirləri filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Mirzəcəlilşünaslıqda Əziz Şərif tapıntıları” adlı məruzəsində səsləndirib. Natiq professor Əziz Şərifin Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalına qədərki həyatını bir çox arxiv materialları, həmçinin o dövrdə yaşamış insanların xatirələri əsasında ardıcıl olaraq öyrəndiyini və mirzəcəlilşünaslığa ciddi, sanballı uğurlar qazandırdığını bildirib.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR