Hər il mart ayının 14-ü Türkiyədə “Tibb bayramı” kimi qeyd olunur. Bu il Türkiyənin Girəsun Universitetində keçirilən bayram tədbirlərində Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri və Naxçıvan Dövlət Universitetinin bir qrup nümayəndə heyəti iştirak edib. Türkiyənin Girəsun Universitetinin rektoru, professor-doktor Aygün Attar Naxçıvandan gəlmiş heyəti universitetlə tanış edib.
Girəsun Universitetinin rektoru Aygün Attar və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iki universitet arasında akademik və elmi işbirliyi haqqında müqavilə imzalayıblar.
Bu müqavilənin məqsədi iki universitet arasında akademik və elmi iş sahələrində əməkdaşlıq etmək və ortaq təhsil sahəsi yaratmaqdan ibarətdir. Müqavilədə iki universitet arasında təhsil sahəsində əməkdaşlığın inkişafında müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, ortaq konfrans, seminar və tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Sonra Tibb fakültəsi Tətbiqi və Araşdırma Xəstəxanasının açılış mərasimi keçirilib. Girəsun valisi Həsən Qaraxanın, Girəsun Universitetinin professor və müəllim heyətinin, Naxçıvan Muxtar Respublikasından Girəsuna dəvət olunmuş qonaqların, həmçinin ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə açılışı bildirən lent kəsildikdən sonra yeni xəstəxana ilə tanışlıq olub. Xəstəxana binasının ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edildiyi vurğulanıb. Qonaqlara məlumat verilib ki, xəstəxanada Stasionar, Poliklinika və Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, burun-boğaz-qulaq kabineti, fizioterapiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları vardır.
Qonaqlar həmçinin 14 mart – Tibb bayramı münasibətilə Girəsun Universitetində keçirilən “birinci kurs tələbələri üçün ağ xalatgeyinmə” mərasiminə də qatılıblar.
Mərasimdə çıxış edən Girəsun Universitetinin rektoru, professor-doktor Aygün Attar Tibb bayramının önəmini qeyd edib və Girəsun Universitetinin beynəlxalq əlaqələrindən danışıb.
Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafından bəhs edən videoçarxın nümayişindən sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov cəmiyyətin sağlam gələcəyinin savadlı həkimlərdən asılı olduğunu bildirib. Son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılmasını ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət etdiyini bildirən nazir ölkəmizdə səhiyyə sahəsinə yüksək dövlət qayğısı göstərildiyini nəzərə çatdırıb.
Naxçıvan haqqında filmin nümayişindən sonra mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək mərasim iştirakçılarına Naxçıvan Dövlət Universiteti haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının ali məktəbləri sırasında özünəməxsus yeri olan universitetlərdən biridir. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. Qeyd olunub ki, universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Bolonya prosesinə uyğun olaraq, 2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus və Mövlana proqramları əsasında da beynəlxalq tələbə mübadiləsi layihələri həyata keçirilməkdədir. Tələbə mübadiləsinin və mobilliyinin artırılması nəticəsində universitetin bakalavriat və doktorantları təhsillərini müxtəlif ölkələrdə, o cümlədən Türkiyə universitetlərində davam etdirirlər. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan tələbələr də Naxçıvan Dövlət Universitetində təhsil alırlar. Vurğulanıb ki, tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində Tibb və Baytarlıq fakültələrinin müəllimləri və tələbələri hər il dost və qardaş ölkənin universitetlərində təcrübə keçirlər. Türkiyənin 40-a yaxın ali məktəbləri ilə sıx əməkdaşlıq edildiyini bildirən rektor Saleh Məhərrəmov bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaratdığını deyib. Rektor Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Azərbaycanın səhiyyə sahəsini peşəkar kadrlarla təmin etdiyini, universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını bildirib. Təhsil müddətində tələbələr yuxarı kurslarda praktik vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin İzmit Kocaeli, Kayseri Erciyes, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü İl, Ankara universitetlərinin Tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri keçdiklərini vurğulayan rektor Tibb bayramı münasibətilə tibb işçilərini təbrik edib, Girəsun Universitetinə xatirə hədiyyələri verib.
Bayram tədbirində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəylinin, Q.Qarayevin, T.Quliyevin, F.Əmirovun, R.Mirişlinin, R.Hacıyevin əsərləri, Türkiyənin Qara dəniz bölgəsinin mahnıları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov və Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın ifaları alqışlarla qarşılanıb, universitetin Xalq çalğı alətləri kafedrasının müəllimi Sərxan Abdullayevin rəhbərlik etdiyi “Buta” instrumental ansamblının müşayiəti ilə Bəsti Qasımova, Bəhruz Quliyev, Məhərrəm Quliyev tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını ifa ediblər. Konsert proqramının sonunda “Azərbaycan-Türkiyə” mahnısı səsləndirilib.
Girəsun Universitetinin rektoru, professor-doktor Aygün Attar Tibb bayramına qatılmış qonaqlara öz təşəkkürünü bildirib və möhtəşəm konsert proqramına görə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini təbrik edib.
Sonda universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş olub.
Mina Qasımova