Bədnam ermənilər qardaş Türkiyə Cümhuriyyətini beynəlxalq arenada gözdən salmaq üçün dünyada yalançı soyqırımı iddiaları yaymaqdadırlar. Heç bir arxiv materialına, rəsmi sənədə əsaslanmayan bu iddialar, çox təəssüf ki, bəzi məkrli dünya dövlətləri tərəfindən də dəstəklənməkdədir. Türkiyə və Azərbaycan prezidentləri, dövlət adamları bu iddianın həqiqətə uyğun olmadığını sənədlərlə sübuta yetirmiş və bu işi tarixçilərin araşdırmalarını təklif etmişlər. Ona görə də son zamanlar tez-tez beynəlxalq miqyasda türk-erməni münasibətlərinin öyrənilməsi məqsədilə elmi məclislər, konfrans və simpoziumlar təşkil edilir. Bu məclislərdə elm adamları apardığı araşdırmaları, arxivlərdən topladıqları materialları təhlil edərək ictimaiyyətə təqdim edir, bu sahədə fikir mübadilələri aparırlar.
Belə beynəlxalq tədbirlərdən biri də bu il aprel ayının 8-11 tarixlərində qardaş Türkiyə Cümhuriyyətinin Antalya şəhərindəki Ağdəniz Universitetində keçirilmişdir. Türk-erməni münasibətlərinin öyrənilməsinə həsr olunmuş tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 160-dan çox məruzəçi iştirak etmişdir. Bəhs edilən beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil etmişlər.
Akademik İsmayıl Hacıyevin “Xarici dövlətlərin Naxçıvanla bağlı siyasətində erməni amili (1917-1921)”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanda erməni işğalına qarşı mübarizənin ədəbiyyatda əksi (1918-1921)” mövzularında məruzələri maraqla qarşılanmışdır.
Məlumat üçün bildirək ki, İsmayıl Hacıyev və Əbülfəz Quliyev beynəlxalq konfransda müvafiq bölmələrə sədrlik etmişlər.
Naxçıvanlı alimlər universitetin rektoru, professor-doktor İsrafil Kurtcebhe ilə görüşmüş, ona Naxçıvanın nailiyyətlərini əks etdirən kitab-albom təqdim olunmuşdur.
Xəbərlər şöbəsi