24 Dekabr 2024, Çərşənbə axşamı

Gənc nəslin tərbiyəsi, yeniliklərdən məlumatı olan insan yetişdirilməsi bütün inkişaf mərhələlərində hər kəsi düşündürən qayğılardan olmuşdur. Məhz buna görə də dünyadakı inkişafın axarından kənarda qalmamaq üçün bütün yolların məhz təhsildən keçdiyini bilən aqillərimiz istənilən şərtlər daxilində təhsili özlərinin əsas qayğılarından biri olduğunu bəyan etmişlər. Dövr dəyişir və zaman pəncərəsindən geriyə dönüb baxarkən görürük ki, gün-güzəranımız, gələcəyimiz üçün edilən nə varsa, öz qiymətini sağlam, savadlı gənclərlə, onların uğurları ilə tapır. Belə olduqda millətin minillik tarixini, mədəniyyətini yaşadacaq insanların yetişdirilməsi üçün dövlət-xalq-məktəb əməkdaşlığının möhkəmləndirilməsi, əzbərçilikdən uzaq, analitik təfəkkürlü gənclərin hazırlığı günün aktual məsələsinə çevrilir.

 Hər dəfə məktəbə qədəm qoyan və gələcəyin müəllimi, həkimi, iqtisadçısı, jurnalisti, mühəndisi olacaq balaca uşaqlara baxanda yadıma bir Azərbaycan filmində Hatəmxan ağanın öz qardaşı oğlunu Firəngistana oxumağa göndərib elm, mərifət sahibi etmək arzusu düşür. Düşünürəm ki, o dövrdə – XIX əsrin ortalarında Azərbaycan cəmiyyətində mövcud olan gerilik və mütərəqqi meyillərdən uzaq bir mühitdə gənclərin elm sahibi olmaları üçün uzaq ölkələrə göndərilməsi olduqca təqdirolunası hadisə idi. Filmdə Azərbaycanın dilbər guşəsi Qarabağda bitən nadir bir çiçəyin məhz Şahbaz bəy deyil, ondan bir saat əvvəl bir fransız botanika alimi tərəfindən kəşf edildiyini seyr edəndə o zamanların təhsil və elm fədailərinin xalqın maarifçilik üçün etdiyi xidmətlərin dəyəri bir daha görünür. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində uşaqlara təhsil verməyə çalışan M.T.Sidqi kimi xalq müəllimlərimiz bu fədakarlıqlarına görə indi də təhsil qayğısı çəkən insanların ürəyində yaşayır, dövlətimiz tərəfindən xidmətləri yüksək qiymətləndirilir. 

Zaman sürətlə irəliləyir və artıq Azərbaycan xalqı həyatın bütün sahələrində olduğu kimi, ana dilimizdə gənclərimizə verdiyi təhsillə dünyaya inteqrasiya olunmaq yolu tutmuşdur. Düzdür, indiki qloballaşma şəraitində dünya dövlətləri arasında çox sıx mədəniyyətlərarası körpülər yaransa da, məhz milli təhsil hər bir xalqın öz milli kimliyinin, nəticədə, onun varlığının təminatçısı kimi qalmaqdadır. Bəli, burada söhbət təkcə Ana dilinin, yaxud Vətən tarixinin öz dilimizdə övladlarımıza öyrədilməsindən getmir. Bu, elə bir məqamdır ki, elmin bütün sahələrində milli kadrlar yetişdirməklə biz Vətənimizin müdafiəsindən tutmuş buğda zəmisinə qulluq edilməsinədək hər sahədə öz elmi-texniki potensialımızı formalaşdırmalıyıq. Söz yox ki, indi, misal üçün, hardasa tibb sahəsində edilən hər hansı bir elmi ixtira bir anda dünyaya yayılaraq bütün bəşəriyyətin rifahına xidmət edir. Əslində, bu, belə də olmalıdır. Və şükürlər olsun ki, bu gün biz Azərbaycanın sərvətləri və mövcud potensialımız hesabına dünyanın bütün nemətlərindən gen-bol istifadə edə bilirik. Bizim də dünya elminə, mədəniyyətinə qazandırdığımız töhfələr az olmayıb. Təkcə Naxçıvanımızın fəxri, böyük alim Yusif Məmmədəliyevin ixtiralarının yalnız kimya elminə deyil, dünyada sülh və tərəqqi üçün nə qədər töhfə verdiyini xatırlatmaq yerinə düşər. Xülasə, bizim də baytarlıqdan tutmuş kosmik sənaye mütəxəssislərinədək dünyada tanınan elm adamlarımız vardır. Ancaq XXI əsrə keçid mərhələsində mövcud vəziyyət onu göstərir ki, bir vaxtlar elmdə, təhsildə əldə olunmuş ənənələrin qorunması, oxumağın bir ev tapşırığı deyil, gənclərin arzusu, imtahanların bir keçid mərhələsi deyil, şagirdlər və ya tələbələrin özünütəsdiq günü kimi bilinməsinə yenidən qaytarılması üçün qarşıda bizi çox işlər gözləyir. Ola bilər ki, ötən əsrin 90-cı illərinin kataklizmlərinin fəsadları təhsil sahəsində də qalmaqdadır. Amma artıq 2015-ci ildə, bu qədər təhsil infrastrukturu yaradıldığı, elektron vasitələrin belə geniş yayıldığı bir dövrdə bunu bəhanə gətirmək, ən azı, görməzlikdir. İndi məktəbə ilk gün qədəm qoyan altıyaşlı birinciləri möhtəşəm arzularına qovuşdurub gələcəkdə onların nəhəng elm çinarının kölgəsinə sığınmaq bu gün özünü azərbaycanlı hesab edən hər bir kəsin qayğısı, milli təhsilimizin vəzifəsi olmalıdır. Əks halda, kim bilir, hələ nə qədər nadir çiçəklərimiz əcnəbi alimlərin adına yazılacaq, hələ nə qədər xammalımız ucuz qiymətə xaricə aparılıb hazır məhsul kimi təzədən özümüzə baha qiymətə satılacaq.
Deməli, artıq dünyada xammal ölkəsi olmaqdan, indiyə qədər özünü doğrultmamış kiminsə təlqin yolunu tutmadan, bilmərrə, imtina edib öz inkişaf yolumuzu seçməliyik. Bilməliyik ki, ölkəmizin milli iqtisadi təhlükəsizliyinin təmin olunması, valyuta ehtiyatlarımızın qorunub saxlanılması üçün mümkün olduqca hazır məhsul ixracına nail olmaq, daxili bazarda idxalı əvəzləyəcək bir gücə çatmaq üçün son sözü məhz milli kadrlarımız, onları hazır­layan milli təhsilimiz deyəcək. Çünki nə qədər cazibədar olsa da, xarici kapitalın yalnız öz maraqları olduğu hələ iki yüz il öncəsindən sübut olunub. Belə təhsildə isə, şübhəsiz, nə əzbərçiliklə və ya kiminsə yazdığını hər gün təkrarlamaqla elm və təhsil müəssisələrində müəyyən məqam tutub, sadəcə, maaş alanlara, nə ötən əsrin 70-ci illərindən qalmış saralmış kağızlardakı qeydləri ilə boğazdan yuxarı “əl-zəbər” dərsi keçənlərə, nə də müasir informasiya-kommunikasiya texnologiyalarından minbir bəhanə ilə yayınanlara yer yoxdur. Yoxdur ona görə ki, indi nə Müsyö Jordan, nə Hatəmxan ağa, nə də ki dilə tutulub məktəbə göndəriləcək gənclərimiz var. İndi internet əsridir və maşallah, gənc­lərimizin 99 faizinin elm, informasiya almaq tələbatı bəzən onlara dərs deyən müəllimlərinin potensialından qat-qat artıqdır. Və bəzən də bu tələbat da ödənilməyəndə oturub gileylənirik ki, bəs uşaqlarımız milli olmayan ünsürlərə meyil edirlər. Əlini qaldırıb sual versən ki, nə zaman biz bu uşaqlarımızı monitorlardan, telefonlardan ayırıb onların yaddaşında əbədi qala biləcək bir tədbir, yaxud yaddaqalan bir təbiət ekskursiyası keçirdik? Yaxud mənim kimi bu işdən çıxıb o biri işə tələsən valideynlər, görəsən, öz övladları ilə gündə neçə saat vaxt keçirə bilirlər? Bəlkə, doğrudan da, dövrümüzün tədris proqramları çox ağırdır, uşaqların bizə ehtiyacı vardır? Müəllim həmkarlarım, yəqin ki, bu fikrimi təsdiqləyərlər: indiyə qədər tələbələrimizdən hansının valideyni zəng vurub müəllimdən xahiş edib ki, bizim uşağa güzəşt etməyin, qoy dərsini yaxşı mənimsəsin.
Amma hamılıqca bunu da yaxşı bilirik ki, hərtərəfli, savadlı yetişmiş, dünyəvi və dəqiq elmlərə, ölkəsinin, xalqının tarixinə yaxşı bələd olan, xarici dillər bilən, texnologiyadan yaxşı baş çıxaran hər kəs harda olmasından asılı olmayaraq, öz məhsuldar əməyi ilə bütün cəmiyyətə faydalı olacaqdır. Çünki gözümüzün qabağında texnoloji yeniliklər günbəgün dəyişildiyi kimi, tələbatlarımız da sürətlə yenilənməkdədir. Və belə bir şəraitdə bu reallığı görə bilməyən təhsil işçisi istər məktəbəqədər, orta, istərsə də ali təhsil mərhələlərində özünün “hafizə məktəbi”ndə hazırladığı və məntiqi təfəkkür, yaxud sərbəst araşdırma cəsarətindən kəm məzunlarının yaradıcılıqdan və peşəkarlıqdan uzaq əməyinin nəticəsindən bütün ömrü boyu özü də əziyyət çəkəcəkdir. Amma yaxşı ki, kimlərinsə beşmanatlıq maraqlarının əksinə olaraq, cəmiyyətin ali tələbatları heç bir yamaq götürmür və hamını narahat edən, az qala bütün yüksək səviyyəli məclislərdə haqqında danışılan bu problem dövlətin zirvəsinin də gündə­liyindədir. Təhsilin, məktəb işinin daim təkmilləşən, özündə yeni axtarışlar aparılmasını tələb etdiyini, bu sahənin fədakarlıqla və heç bir güzəşt olmadan prinsipiallıqla inkişaf edəcəyini hər dəfə xüsusi olaraq vurğulayan muxtar respublika rəhbəri də “hafizə mək­təbi”nin məzunlarının deyil, məntiqi təfəkkür və bilik təhsilindən nəsibini almış gənclərin böyük uğurlar qazana biləcəyini deyir.

Bu uğurların davamlı olması üçün isə cari il mart ayının 14-də Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Təhsildə biliklərin mexaniki şəkildə əzbərlənməsinə yox, təhlilə, məntiqi təfəkkürə əsaslanan istiqamətlərin inkişafına çalışmalıyıq. Şagird və tələbələrin sərbəst mühakimə yürütmək və təhlil aparmaq bacarıqlarına, analitik nəticə çıxarmaq qabiliyyətlərinə üstünlük verməliyik”.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR