Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi ali təhsil ocağında “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu bildirib. Qeyd olunub ki, ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə yüksək qiymətləndirib. Bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin tərkib hissəsidir.
Konfransda “Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edən Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, professor Elbəyi Maqsudov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib. Qəbul olunmuş qərarlar, imzalanmış fərman və sərəncamlar müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına uyğunlaşdırılmasını şərtləndirib. Qeyd olunub ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilmələri, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunmaları, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilmələri Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Professor Elbəyi Maqsudov bildirib ki, Azərbaycanda, о cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.
Sonra həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyevanın “Ümummilli lider Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummilli lider Heydər Əliyevin bu ali təhsil ocağının müqəddəratında, təşəkkülündə və inkişafında mühüm rol oynadığını, dəfələrlə universitet kollektivi ilə görüşərək tarixi çıxışlar etdiyini, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək qiymətləndirdiyini bildirib.
Mina QASIMOVA