Türkiyə Respublikasının İqdır Universitetinin rektoru, professor-doktor İbrahim Hakkı Yılmaz və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elm, təhsil sahəsində universitetlərarası əməkdaşlığın rolundan danışıb, ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin beynəlxalq əlaqələrində Türkiyə universitetləri birinci sırada dayanır. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan, Ərzurum Atatürk universitetləri ilə uğurlu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Məsafəcə daha yaxın olan, Türkiyənin ən gənc ali təhsil müəssisələrindən olan İqdır Universiteti ilə 2011-ci ildə əməkdaşlığa dair protokol imzalanıb.
İqdır Universitetinin rektoru, professor-doktor İbrahim Hakkı Yılmaz qeyd edib ki, 2008-2009-cu tədris ilindən fəaliyyətə başlayan bu ali məktəbdə hazırda 6 fakültə, 2 yüksək məslək məktəbi, 3 institut və 4 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir, 375 professor-müəllim heyəti çalışır, 3126 tələbə təhsil alır.
İki universitet arasında Mövlana mübadilə protokolu imzalanıb. Türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək məqsədi daşıyan Mövlana Mübadilə Proqramının protokoluna əsasən, Naxçıvan Dövlət Universiteti Türkiyənin digər 40 ali məktəbi ilə yanaşı, İqdır Universiteti ilə də tələbə mobilliyi həyata keçirəcək.
Türkiyəli qonaqlar universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar.
Sonra İqdır Universitetinin Texniki Elmlər Yüksək Məslək Məktəbinin ənənəvi el sənətləri sərgisinin açılışı olub. Açılış mərasimində çıxış edən hər iki universitetin rektoru Azərbaycan və Türkiyə arasında dostluq və birliyin möhkəmlənməsində elm və incəsənətin müstəsna rolundan, mədəni əlaqələrin gələcək inkişafı istiqamətində görüləcək işlərdən danışıblar.
Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Erşen iki xalqın tarixi bağlılığını, eyni söy-kökə malik olduğunu isbat edən ortaq mədəniyyətlərin təbliği, təsviri sənətin inkişafı baxımından belə sərgilərin təşkilini yüksək qiymətləndirib. Baş konsul bildirib ki, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğu birgə elmi, mədəni tədbirlərin təşkilində bundan sonra da öz köməkliyini əsirgəməyəcək.
Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev və Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, sərgi müəllifləri Rabia Karta və Pelin Güleda Karadeniz çıxış ediblər. Sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, 41 rəsm əsəri ebru, miniatür, xəttatlıq, xalçaçılıq üslubunda çəkilməklə qədim və müasir türk təsviri sənətini özündə əks etdirir. Rəsm əsərləri mövzu və kolorit baxımından orijinallığı ilə sərgi iştirakçılarında böyük maraq doğurub.
Mehriban Sultan