Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rafiq Rəhimov məlumat verib ki, 2014-2015-ci tədris ilinin ikinci semestrində pedaqoji profilli ixtisaslarda III-IV kurslarda təhsil alan 563 tələbə Naxçıvan şəhərindəki Qızlar Liseyi, Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəbləri də daxil olmaqla muxtar respublikanın 17 tam orta məktəbində təcrübədə olacaqlar. Tədris şöbəsinin müdiri pedaqoji təcrübə zamanı dərslərin bolonya sisteminin tələblərinə uyğun şəkildə, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən, sənədləşmə işlərindən də bəhs edib.
Sonra Bədən tərbiyəsi və idman kafedrasının müdiri Həsən Babayev, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva çıxış edərək konfrans iştirakçılarını pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumatlandırıblar.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev çıxış edərək Azərbaycanda aparılan təhsil islahatlarının uğurlarından, muxtar respublikada təhsilin inkişaf səviyyəsindən danışıb.
Xəbərlər şöbəsi