Azərbaycanda kitabçılıq sənətinin inkişafı eramızın XI əsrinə aid edilsə də, bu ərazidə ilk kitabxanalar çox qədim dövrlərdə meydana çıxmışdır. Antik müəlliflərə görə, albanlar hələ bizim eradan əvvəl I əsrdə öz yazılarından istifadə edirdilər. V əsrdə təkmilləşdirilmiş 52 fonemli alban əlifbası mövcud idi. Albanlar öz yazılarından təkcə ölkə daxilində deyil, beynəlxalq yazışmalarda da istifadə edirdilər.
Tarixdə V-VII əsrlər alban ədəbiyyatının çiçəklənmə dövrü hesab edilir. Alban ədəbi nümunələrindən dövrümüzə Moisey Kalankatlının “Alban tarixi”, VII əsr şairi Davdəkin elegiyası və alban hüquqi mənbələri olan kilsə qanunları gəlib çatmışdır.
Azərbaycanda İslam dini qəbul edildikdən sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı. Artıq VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq və başqa ictimai elmlərlə birlikdə təbiətşünaslıq, riyaziyyat, astronomiya və başqa dəqiq elmlərin yayılması üçün əlverişli şərait vardı.
IX əsrin əvvəllərindən etibarən müsəlman Şərqində mövcud olan elmi ədəbiyyatın xarici dillərdən ərəbcəyə tərcümə olunması elmlərin inkişafını xeyli sürətləndirmişdi. IX əsrdən başlayaraq ərəb xilafətinin ən böyük şəhərləri Dəməşq, Bağdad, Hələb, Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, Şamaxı, Naxçıvan və başqa şəhərləri təhsil ocaqları, kitabxanaları, məscidləri olan mədəni mərkəzlərə çevrilmişlər. Buradan da belə nəticəyə gəlmək olar ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da kitabxanalar XI əsrdə deyil, IX əsrdən yaranmağa başlayıb. Amma kitabxanalar XI əsrdən inkişaf etmişdir. Bu dövrdən etibarən yaranan əsərlərin qorunub saxlanılması, həmçinin mədrəsələrdə təhsil alan tələbələrin tədris proqramına uyğun dərsliklərin mühafizə olunması üçün kitabxanaların sayı da artmışdır.
Tarixdə XII əsr Azərbaycan mədəniyyətinin intibah dövrü hesab edilir. Naxçıvanda orta əsr müsəlman tədris müəssisələri – mədrəsə, ruhani məhəllə məktəbləri, təkyələr mövcud idi. Eldənizlərin hakimiyyəti dövründə Naxçıvan şəhərində iki böyük mədrəsə tikilmiş və dini xeyriyyə idarəsinə məxsus vəqf kimi fəaliyyət göstərmişdir. Bu mədrəsələrin nəzdində kitabxanalar yaradılmışdır. Mənbələrdən aydın olur ki, Naxçıvan mədrəsələri Möminə xatın və Yusif Küseyiroğlu türbələri ilə əlaqəli olmuşdur. Bu da təsadüfi deyil. Çünki müsəlman Şərqində hökmdar türbələri nəzdində mədrəsə, kitabxana, xəstəxana və sair ictimai müəssisələr olmuş, bu ənənə Azərbaycan Atabəyləri dövründə də davam etdirilmişdir. Həmin mədrəsələrin xərcləri Möminə xatın və Yusif Küseyiroğlu türbələri vəqflərinin gəliri hesabına ödənilirdi. Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi. Dünyəvi elmlərin tədris edilməsi üçün müəllimlərə dərsliklər gərək idi. Bu dərsliklər Azərbaycan alimlərinin əsərləri ilə yanaşı, əcnəbi müəlliflərin də əsərlərindən ibarət idi. Dərsliklər mədrəsələrin nəzdində yaradılmış kitabxanalarda mühafizə olunurdu.
Naxçıvan Eldənizlər dövlətinin paytaxtı olduğundan elm və mədəniyyətin inkişafına böyük şərait yaradılmışdı. Mənbələrdən aydın olur ki, Şəmsəddin Eldənizin özü Naxçıvanda məktəblər açdırmış, mədrəsələr və məscidlər tikdirmişdir. O dövrdə Naxçıvanla yanaşı, Ordubadda da məscidlərin nəzdində məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Naxçıvanda elm və mədəniyyətin sürətli inkişafı mədrəsələrin nəzdində yaranan kitabxanaların da inkişafına öz təsirini göstərirdi.
XIII yüzillikdə Naxçıvanda təhsil sisteminin əsasını mədrəsələr təşkil edirdi. Uşaqlar 5-6 yaşlarından mədrəsələrə qəbul edilir, 15 yaşınadək burada oxuyur, yazı vərdişlərinə yiyələnir, ayrı-ayrı fənlər haqqında məlumat alır, “Qurani-Kərim”i öyrənirdilər. Mədrəsələrin xərcləri vəqflər hesabına ödənilirdi.
O da qeyd olunmalıdır ki, Naxçıvan mədrəsələrini, mədrəsələrdə müəllim-tələbə münasibətlərini, orada tədris olunan fənləri, ümumiyyətlə, Azərbaycan məktəb tarixini öyrənmək baxımından “Naxçıvan mədrəsələri tədrisinin təsdiqinə dair fərman” dəyərli bir sənəddir.
1263-1284-cü illər arasında imzalanması ehtimal edilən bu fərman, ilk növbədə, Naxçıvanda, geniş miqyasda isə bütün Azərbaycanda və müsəlman Şərqində məktəb və mədrəsələrin olduğunu qəti şəkildə təsdiq etməklə həm də onu sübut edir ki, Naxçıvanda hələ əvvəllər mövcud olmuş məktəb, mədrəsə və kitabxanalar XII əsrin sonlarından daha da sürətlə inkişaf etmişdir. XIII əsrin ilk rübündə dağıntılara məruz qalmış məktəb və mədrəsələr yuxarıda adı qeyd olunan fərmanla yenidən bərpa etdirilmişdir.
Fərmanda XIII yüzillikdə mədrəsələrdə tədris olunan fənlər haqqında dəyərli məlumatlar verilir və aydın olur ki, mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurmuş. Onu da qeyd etmək lazımdır ki, həmin vaxtlarda mədrəsələrdə tədris olunan dərslikləri alimlər təqribi olaraq üç yerə ayırırlar: Azərbaycanda, Azərbaycandan kənarda və başqa dillərdə çap olunanlar. Bu dərsliklərin gətirilməsi və onların mühafizə edilməsi üçün də həmin mədrəsələrdə kitabxanalar fəaliyyət göstərirdi.
Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təkcə naxçıvanlılar deyil, hətta Yaxın və Orta Şərqin bir sıra ölkələrindən uşaqlar təhsil alıb vətənlərinə qayıdırmışlar. Naxçıvanda fəaliyyət göstərən “Mədrəseyi Bəhtaniyyə” və “Mədrəseyi İrşadiyyə” adlı mədrəsələrdə təhsil alan tələbələrin içərisindən görkəmli alimlər yetişmişdir. Gəncə kitabxanasının müdiri işləmiş naxçıvanlı alim Həddad ibn Bekran Əbül-Fəzl ən-Nəşəvi ilk təhsilini Naxçıvan mədrəsələrində almış, sonra müsəlman Şərqinin mühüm elm və təhsil ocaqlarında oxuyaraq elmdə yüksək zirvələr fəth etmişdir. Onun rəhbərlik etdiyi Gəncə kitabxanası Bağdaddakı “Beyütül-hikmə” kimi elmi müəssisə funksiyasını daşımışdır. Bu da onu göstərir ki, Naxçıvanda təhsilin səviyyəsi çox yüksək olmuşdur. Mədrəsələrin nəzdində fəaliyyət göstərən kitabxanaların fondu daim zənginləşdirilmişdir.
XIII-XV əsrlərdə Naxçıvan nəinki Azərbaycanın, bütövlükdə, Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Bu dövrdə Naxçıvan Hülakülər dövlətinin tərkibində idi. Hülakülər dövlətində təhsilə, elmə diqqət yetirildiyindən Naxçıvanda da elmin inkişafı üçün münbit şərait yaradılmışdır. XIII yüzillikdə yaşayan naxçıvanlı alimlərdən Qazi Nəcməddin Əhməd ibn Məhəmməd Naxçıvani, Həsən ibn Ömər Naxçıvani və başqalarını misal göstərmək olar.
Əslən naxçıvanlı olan görkəmli ensiklopedik alim, filosof Nəsirəddin Tusinin Marağa şəhərində yaratdığı 400000 əlyazmaya malik kitabxanasında 100-dən artıq alim fəaliyyət göstərirdi.
Səfəvilərin hakimiyyəti illərində Naxçıvan mədrəsələrində ilahiyyat dərsləri ilə yanaşı, dünyəvi fənlər, o cümlədən Aristotelin, Mirxondun, Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Hafiz Şirazinin və başqalarının əsərləri, bununla yanaşı, fəlsəfə, astronomiya, cəbr və sair tədris olunurdu. Həmin dövrdə Naxçıvanla yanaşı, Ordubad şəhərində də mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsə Azərbaycanın hüdudlarından kənarda da məşhur idi. Qonşu ölkələrdən də həmin mədrəsədə təhsil alanlar var idi. Ordubad mədrəsəsi Came məscidinin yanında tikilmiş ikimərtəbəli binada yerləşirdi. Mədrəsə özünün vəqfləri hesabına, həmçinin dükanların, hamam və digər müəssisələrin gəlirləri hesabına maliyyələşdirilirdi. Mənbələrdən aydın olur ki, bu mədrəsədə təhsil alan tələbələrə mədrəsənin gəlirindən 5 axça pul verilirmiş, qalan artıq vəsaiti lazım olanda mədrəsənin və aid olan tikililərin təmirinə sərf edirmişlər. Bunlarla yanaşı, mədrəsənin nəzdində kitabxana da fəaliyyət göstərmişdir.
Səfəvilərin hakimiyyəti dövründə Naxçıvanda bütün elm sahələrində mükəmməl biliyə malik olan elm adamları, alimlər və şairlər yetişmişdi. Türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində qeyd edir ki, o, Naxçıvan hakimi ilə görüşərkən 40-50 nəfər uzaqgörən alim və nədimlə həmsöhbət olmuşdur. Bu dövrdə təkcə Naxçıvanın özündə deyil, başqa bölgələrində, xüsusən də Ordubadda ədəbi simalar çoxluq təşkil edirdi. Bunlardan Mirzə Sadıq Ordubadi, Ziyayi Ordubadi, Hatəmbəy Ordubadi, Münşi Mirzə Zeynalabdin Ordubadi və başqalarını misal göstərmək olar. Bu ədəbi simaların hamısı öz təhsillərini Ordubad mədrəsələrində almışlar.
Ordubad şəhərində olan Zəhir əd-Dövlə Məhəmməd İbrahim mədrəsəsi XVIII yüzillikdə nəinki Naxçıvan bölgəsində, eyni zamanda Azərbaycanda əhəmiyyətli tədris müəssisələrindən biri olmuşdur.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Naxçıvanda kitabxanaların yaranmasının ilkin mərhələsi IX əsrdə başlamış, məscid, məktəb və mədrəsələrin nəzdində fəaliyyət göstərmiş, ictimai müəssisə kimi mədrəsələrin gəlirləri hesabına maliyyələşdirilmiş və bu ənənə Azərbaycan Atabəyləri dövründə də davam etdirilmişdir. Hətta mədrəsələrdə mövcud olan kitabxanalarda xazin, mübəddil və sair kimi işçilər çalışmışlar. X-XIII əsrlərdə elm inkişaf etdikcə kitaba olan tələbat artır, nəticədə kitabxanaların sayı artmağa başlayır. XIV-XV əsrlərdən başlayaraq saray kitabxanalarının inkişafı geniş vüsət alır.
Aytəkin QƏHRƏMANOVA
M.S.Ordubadi adına Naxçıvan Muxtar
Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru