Naxçıvan şəhərinin Heydər Əliyev prospekti ilə irəliləyirdik. Belçikadan gələn tanışım Xəyalə Heydərova yaxınlıqdakı binanı göstərərək, “bu, bağça binasıdır?”, – deyə həyəcanla soruşdu:
– Bu binani deyirsən? Bəli, bağça binasıdır.
Tanışım gözlərini iri açaraq bağça binasına baxdı və dedi:
– Müasir standartlar səviyyəsindədir. Açığı mənə çox gözəl təsir bağışladı.
Naxçıvanın inkişafını internet vasitəsilə izləyən tanışımın səsi titrəyirdi. Duyğularını ifadə etməkdə həmişə çətinlik çəkən bu adamın söz xəzinəsi bir anda daha da müflisləşdi.
Bəli, Naxçıvanda bir sıra dövlətlərin məktəb, hətta idarə binalarından daha yaraşıqlı, geniş korpuslara sahib bağçalar fəaliyyət göstərir.
Tanışımla yaraşıqlı binaya daxil olduq. Mən nəzarətçi ilə salamlaşdım. Tanışım isə heyrətlə ətrafa baxırdı.
Bağçanın xarici kimi içərisi də memarlıq baxımdan gözəl idi. Biz ətrafa baxa-baxa yuxarı mərtəbəyə qalxdıq. Zalda uşaqlar milli dəyərlərimizi özündə əks etdirən tamaşalar hazırlayır, rəqslər edirdilər. Tərbiyəçilərdən biri bizi uşaqların maraqlı əl işləri ilə tanış etdi. Balacalarımız, həqiqətən də, burada əməksevərliyi öyrənirlər.
Tərbiyəçi dedi ki, buradakı şəraiti görən hər valideyn uşaqlarını rahatlıqla bu bağçalara əmanət edir. Dövlət tərəfindən ayrılan vəsait hesabına fəaliyyət göstərən bağçalarımızda millətimizin körpə balaları pulsuz məktəbəqədər təhsil alırlar.
– Pulsuz?
– Bəli, pulsuz. Bu da imkan verir ki, bütün körpələr bu gözəl şəraitdən istifadə etsinlər, yararlansınlar. Bir dəfə bir ağbirçəyin fikirlərinə qulaq şahidi oldum. Nəvəsini bağçaya gətirən bu qadın özü ilə söhbət edirdi: “Vallah, adam heyran olur, əvvəllər bu cür şərait yox idi. Məktəbdə yerə qələm düşəndə tapa bilmirdik, döşəmənin yarığından düşürdü zirzəmiyə. Bu gün yaradılan şəraitin qədrini bilmək lazımdır. Nəinki məktəblər, hətta bağçalar da çox möhtəşəmdir”.
Bəli, Naxçıvanımızda bağçalar öz gözəlliyi ilə göz oxşayır. Naxçıvan şəhərindəki, rayon mərkəzlərindəki bağça binaları tam müasir tələblərə cavab verir. Bağça binaları bir neçə mərtəbədən ibarətdir. Burada uşaqlarımızın təlim-tərbiyəsinə xüsusi diqqət göstərilir, balalarımız vətənpərvər böyüdülür.
Tanışımla bağçanı tərk edəndə o, hələ də susqun idi. Bunun səbəbini yaxşı bilirdim.
Nəhayət, o diləndi:
– Qısa zamanda yazılan inkişafın hekayəsinin təsiri altındayam...
Uzun müddət xaricdə yaşayan tanışıma elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafını təsdiqləyən faktlar sadaladım. O isə Naxçıvanın inkişafı ilə bağlı dediklərimə heyranlıqla qulaq asırdı.
Onun sözləri mənə böyüklərimizin danışdıqları reallıqları xatırlatdı: “Əvvəllər belə deyildi, bu cür binaları inkişaf etmiş ölkələrdə belə görmək çətin idi”.
Bir anlıq keçmişi xatırladım. Yəni keçmiş dediyim mənim yox, nənəmin, anamın, o dövrlərdə yaşayan insanların keçmişini. Yadımdadır, nənəm danışırdı ki, əvvəllər bağçalar çox az idi. Olanların isə şəraitsizliyi ucbatından uşaqlarımızı ora yazdıra bilmirdik. Bu da işləyən hər valideyn üçün problemə çevrilmişdi.
Bu gün Naxçıvanda fəaliyyət göstərən bağçaların yaraşıqlı binası, gözəl şəraiti var. Diləyimiz bu gözəl, yaraşıqlı bağçalarımızın Vətənə layiqli övladlar yetişdirməsidir. Millətin ümidi olan körpələrin gələcəyə hazırlanmasında təlim və tərbiyə ocaqlarının xidmətinin böyüklüyü danılmazdır.
Gözünü açıb bu inkişafı görənlərə muxtar respublikanın keçdiyi keşməkeşli yolu nağıllamaq çətindir.
Əvvəllər heç nə belə deyildi. Nə yollar, nə tədris binaları, nə yaşayış binaları, nə də ticarət obyektləri. Bu inkişafın memarları çalışıb, mükəmməl əsər yaradıblar. Tarixin hansı dövrünə baxırsınızsa, baxın. Naxçıvanda bu cür inkişaf heç bir dövrdə olmayıb. Naxçıvanın bugünkü inkişafını heç bir dövrlə müqayisə etmək olmaz. Bugünkü inkişaf təkrarsızdır, yenidir, bəşəridir.
Körpələr gələcəyimizdir, gələcəyimizi parlaq etmək üçün təməldən başlamalıyıq. Necə ki başlayıblar.
Nərgiz İSMAYILOVA